Tarixi rəvayətlərin araşdırılması göstərir ki, Aşura hadisəsinin baş verəcəyi dəqiq məkan – Kərbəla torpağı və bu faciənin bəzi təfərrüatları Əmirəlmöminin həzrət Əlinin (ə) kəlamlarında bəyan olunmuşdur.
Kərbəla torpağı
Əl-İrşad kitabında Cüveyriyyə ibn Müsəhhər Əbdidən belə nəql olunur:
Siffeynə doğru Əmirəlmöminin həzrət Əli (ə) ilə birlikdə hərəkət edirdik. Kərbəla məntəqəsinə çatdıqda Həzrət (ə) ordunun kənarında dayandı. Sonra sağa-sola baxdı və ağladı. Daha sonra buyurdu:
«And olsun Allaha! Bura onların miniklərinin yatacağı yer və onların qətlə yetiriləcəyi məkandır.»
Ona dedilər: «Ey Əmirəlmöminin! Bura haradır?»
Buyurdu: «Bura Kərbəladır. Burada elə bir dəstə qətlə yetiriləcək ki, onlar hesabsız olaraq Cənnətə daxil olacaqlar.»
Sonra yoluna davam etdi.
Fərat çayının sahilində
Müsnəd Əhməd ibn Hənbəl kitabında Abdullah ibn Nucəydən belə nəql olunur:
Abdullah ibn Nucəy deyir ki, o, Əmirəlmöminin həzrət Əlinin (ə) dəstəmaz üçün istifadə etdiyi ləvazimatları daşıyırdı və Həzrətlə (ə) birlikdə Siffeynə doğru gedirdi. Neynəva məntəqəsinin yaxınlığından keçərkən Əmirəlmöminin (ə) səslə buyurdu:
«Səbir et, ey Əba Əbdillah! Səbir et, ey Əba Əbdillah! Fəratın sahilində!»
Dedim: «Bu nə deməkdir?»
Buyurdu:
«Bir gün Allah Rəsulunun (s) hüzuruna daxil oldum. Gördüm ki, gözləri yaşla doludur.»
Soruşdum:
«Ey Allahın Peyğəmbəri! Sizi kimsə incitmişdir? Nə üçün gözlərinizdən yaş axır?»
Peyğəmbər (s) buyurdu:
Cəbrail bir qədər əvvəl mənim yanımdan getdi. O mənə xəbər verdi ki, Hüseyn Fərat çayının sahilində şəhid ediləcək.
Sonra buyurdu:
Cəbrail mənə dedi: “İstəyirsənmi həmin yerin torpağını qoxulayasan?” Mən dedim: “Bəli”. O, əlini uzadıb həmin torpaqdan bir ovuc götürərək mənə verdi. Bundan sonra göz yaşlarımın axmasının qarşısını ala bilmədim.
Xeyməgahın yeri
Kamilüz-Ziyarat kitabında nəql olunan bir rəvayətə görə, Əmirəlmöminin həzrət Əli (ə) Aşura hadisəsinin baş verəcəyi məkanı dəqiq şəkildə təsvir etmişdir:
“Əmirəlmöminin Əli (ə) bir qrup səhabəsi ilə birlikdə Kərbəladan keçirdi. Ora çatdıqda gözləri yaşla doldu və buyurdu:
«Bura onların dəvələrinin yatacağı yerdir, bura onların səfər yüklərinin yerləşdiriləcəyi məkandır və bura onların qanlarının töküləcəyi yerdir. Xoş olsun sənin halına, ey torpaq! Aşiqlərin qanları sənin üzərinə töküləcəkdir.»
Qətlgahın yeri
Əl-Bidayə və əl-Nihayə kitabında Məhəmməd ibn Səəddən və başqalarından nəql olunur:
“Əmirəlmöminin Əli (ə) Siffeynə doğru hərəkət edərkən Kərbəladan və hənzəl ağaclarının yanından keçdi. Həmin yerin adını soruşdu.
Dedilər: «Kərbəla».
Buyurdu:
«Kərb (qəm, kədər) və bəla!»
Sonra orada düşərgə saldı və bir ağacın yanında namaz qıldı.
Daha sonra buyurdu:
«Burada elə şəhidlər qətlə yetiriləcək ki, peyğəmbər səhabələrindən başqa bütün şəhidlərin ən üstünləridir. Onlar hesabsız şəkildə Cənnətə daxil olacaqlar.»
Sonra həmin ərazidə bir yerə işarə etdi. O yer nişanlandı və sonradan imam Hüseyn (ə) məhz həmin yerdə şəhid edildi.
Şəhidlərin qanının töküləcəyi məkan
Şeyx Tusinin “Təhzibül-əhkam” əsərində belə nəql olunur:
“Əmirəlmöminin (ə) insanlarla birlikdə hərəkət etdi və Kərbəlaya bir və ya iki mil məsafəyə çatdılar. Həzrət (ə) camaatdan önə keçərək şəhidlərin yerə düşəcəyi məkana gəldi və buyurdu:
«Bu yerdə iki yüz peyğəmbər, iki yüz vəsi və iki yüz peyğəmbər nəvəsi öz ardıcılları ilə birlikdə dünyadan köçmüş və şəhid olmuşdur.»
Sonra dəvəsinin üzərində, ayağını üzəngidən çıxarmış halda həmin yerin ətrafında dövrə vurdu və buyurdu:
«Bura miniklərin yatacağı yer və şəhidlərin yerə düşəcəyi məkandır. Nə əvvəlkilər onlardan irəli keçə bilərlər, nə də sonrakılar onların məqamına çata bilərlər.»
Mənbə
Danişnameye İmam Hüseyn (ə) – Qurani-Kərim, hədis və tarix əsasında hazırlanmış ensiklopedik əsər, c.3.