Most searched:

Müttəqilərin Mövlası

Müttəqilərin Mövlası; həzrət Adəmin (ə) hikmət və mərifət mirasının varisi

Həzrət Adəm bəşəriyyətin atası və Allahın ilk peyğəmbəridir. Qurani-Kərimə əsasən, Allah-taala onu torpaqdan yaratmış, bütün adları (əsmanı) ona öyrətmiş, sonra isə mələklərə Adəmə səcdə etməyi əmr etmişdir.

Əmirəlmöminin Əli ibn Əbu Talib ilk imam və peyğəmbərlərin elminin varisi kimi, həzrət Adəmin (ə) də daxil olduğu ilahi elçilərin yolunun davamçısıdır. Əmirəlmömininin (ə) əvvəlki peyğəmbərlərlə olan mənəvi bağlılığı, onun ilahi hidayət silsiləsinin davamı kimi malik olduğu xüsusi məqamı və uca mənsəbini göstərir.

Həsədin aqibəti və tövbənin açarı

Məhəmməd peyğəmbər dəfələrlə həzrət Adəmin bəşəriyyətin ilk insanı və yer üzündə Allahın xəlifəsi kimi mövqeyinə və roluna işarə etmişdir.

Həzrət Peyğəmbər (s) Qədir-Xum xütbəsində Əmirəlmöminin Əli ibn Əbu Talibə qarşı həsəd aparmağın təhlükəsi barədə xəbərdarlıq edərək, həzrət Adəmin (ə) behiştdən enişi hadisəsini xatırlatmış və imam Əlinin (ə) İslam ümmətinin hidayəti və qorunmasındakı həssas rolunu vurğulamışdır:

“Ey insanlar! Şeytan Adəmi həsəd vasitəsilə behiştdən çıxardı. Agah olun ki, Əliyə həsəd aparmayasınız; yoxsa əməlləriniz puç olar, ayaqlarınız sürüşər. Adəm Allahın seçilmiş bəndəsi olduğu halda bir xəta səbəbi ilə yer üzünə endirildi. Bəs siz necə olacaqsınız, halbuki aranızda Allahın düşmənləri vardır?” (1)

Həmçinin, Allahın Rəsulu (s) həzrət Adəmin (ə) tövbəsi və onun qəbul olunması hadisəsinə işarə edərək, ilahi razılığı qazanmaq və tövbənin qəbul olunması üçün Əhli-beytə, o cümlədən Əmirəlmöminin Əliyə (ə) təvəssülün əhəmiyyətini belə bəyan etmişdir:

Allah Rəsulundan (s) soruşdular ki, Adəmin (ə) Rəbbindən öyrəndiyi və nəticədə tövbəsinin qəbul olunduğu kəlmələr nə idi? Həzrət buyurdu:

“Adəm (ə) Allahı Məhəmmədin, Əlinin, Fatimənin, Həsənin və Hüseynin (əleyhimussəlam) hörmətinə and verərək tövbəsinin qəbul edilməsini istədi.” (2)

Əmirəlmömininin (ə) ilk ilahi peyğəmbər haqqında rəvayətləri

Əmirəlmöminin Əli ibn Əbu Talibdən nəql olunmuş xütbə, məktub və hikmətlərdə on ilahi peyğəmbərin adı çəkilmişdir ki, onlardan biri də Həzrət Adəmdir.

Əmirəlmöminin Əli (ə) öz kəlamlarında Həzrət Adəmin (ə) bəşəriyyətin ilk insanı və Allahın yer üzündəki xəlifəsi kimi yüksək məqamına və mühüm roluna işarə etmişdir. O Həzrət, yer üzünün genişləndirilməsi və ilahi iradənin həyata keçməsi kontekstində, Adəmi Allahın ən üstün məxluqu kimi təqdim edir və onun yer üzünün idarə olunması və abadlaşdırılması üçün seçildiyini bildirir.

Əmirəlmöminin (ə) buyurmuşdur:

“Allah-taala yer üzünü genişləndirib Öz əmrini icra etdikdən və iradəsini həyata keçirdikdən sonra, Adəmi (ə) ən üstün məxluq olaraq seçdi və onu yaratdıqlarının ilki qərar verdi.” (3)

Müttəqilərin Mövlası başqa bir rəvayətdə Qurani-Kərimin Bəqərə surəsinin 30-cu ayəsinə istinad edərək həzrət Adəmin (ə) ilahi missiyasını açıqlayır və bütün yer üzünün onun ixtiyarına verildiyini, bəşərin inkişaf və kamalı üçün yaradıldığını bəyan edir.

Əmirəlmöminin (ə) Allah-taalanın:

إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً

“Mən yer üzündə bir canişin qərar verəcəyəm” ayəsi barədə buyurmuşdur:

“Bütün yer üzü Adəm (ə) üçün idi.” (4)

Həmçinin, həzrət Adəmin (ə) Allah dərgahına tövbə etməsinə vasitə olan ilahi kəlmələr haqqında nəql edilən rəvayət Əhli-beytin uca məqamını göstərir. Bu rəvayətə əsasən, Əhli-beyt (ə) Allahın həzrət Adəmə öyrətdiyi və onun vasitəsilə tövbə yolunu tapdığı müqəddəs kəlmələrdir.

Əmirəlmöminin (ə) buyurmuşdur:

“Biz həmin kəlmələrik ki, Adəm (ə) onları öz Rəbbindən aldı və onların vasitəsilə Allaha doğru tövbə etdi.” (5)

Həzrət Adəmin (ə) tövbə etdiyi gün

İmam Cəfər Sadiq həzrət Adəmin (ə) tövbəsinin qəbul edilməsinə işarə edərək buyurur ki, bu hadisə Qədir Xum günü baş vermişdir.

İmam Sadiq (ə) buyurmuşdur:

“Qədir Xum elə bir gündür ki, Allah-taala həmin gündə Adəmin (ə) tövbəsini qəbul etdi. Buna görə də Adəm (ə) bu nemətə şükür olaraq həmin günü oruc tutdu.” (6)

İmam Rza isə Qədir-Xum günündə möminlərin, Əmirəlmöminin Əli ibn Əbu Talibin vilayətini qəbul etmələri ilə mələklərin həzrət Adəmə (ə) səcdə etmələri arasında gözəl bir bənzətmə aparmışdır.

İmam Rza (ə) buyurmuşdur:

“Qədir Xum günündə möminlərin, Əmirəlmömininin (ə) vilayətini qəbul etmələrinin nümunəsi, mələklərin Adəmə (ə) səcdə etmələrinin nümunəsi kimidir. Qədir günü Əmirəlmömininin (ə) vilayətini qəbul etməkdən boyun qaçıranların nümunəsi isə şeytanın nümunəsi kimidir.” (7)

Nəcəf – Adəmdən (ə) Nuha (ə) qədər peyğəmbərlərin məzarı

Müfəzzəl ibn Ömər nəql edir ki, imam Cəfər Sadiqdan Nəcəfə səfər etmək arzusu barədə soruşdu. İmam (ə) bu söhbət əsnasında həzrət Nuhun həzrət Adəmin (ə) tabutunu Ğəriyə (Nəcəfə) gətirməsi hadisəsini bəyan edərək, Nəcəfin müqəddəs məkan kimi özünəməxsus xüsusiyyətləri və yüksək məqamından danışdı.

Müfəzzəl deyir:

“İmam Sadiqin (ə) hüzuruna gəlib dedim: Nəcəfə getmək arzusundayam.

İmam buyurdu: Nə üçün ora getməyə bu qədər həvəslisən?

Dedim: Əmirəlmöminin Əli ibn Əbu Talibə (ə) olan məhəbbətimə görə onu ziyarət etmək istəyirəm.

İmam buyurdu: Onun ziyarətinin hansı məqama malik olduğunu bilirsənmi?

Dedim: Xeyr, ey Allah Rəsulunun oğlu, mənə izah edin.

İmam buyurdu: Əmirəlmöminini (ə) ziyarət etməyə getdiyin zaman bil ki, sən həzrət Adəmi, həzrət Nuhu və Əmirəlmömininin (ə) mübarək qəbrlərini ziyarət edirsən.”

Müfəzzəl soruşdu:

“Necə ola bilər ki, deyilənə görə Həzrət Adəmin sümükləri Kəbədə olduğu halda Kufədə olsun?”

İmam (ə) buyurdu:

“Nuh (ə) gəmidə olduğu zaman Allah-taala ona vəhy etdi ki, yeddi dəfə Kəbənin ətrafında təvaf etsin. Nuh (ə) Allahın əmrinə əməl etdi və suyun altından Adəmin (ə) sümüklərinin olduğu tabutu çıxararaq gəmiyə yerləşdirdi. Sonra Kufə məscidinin yerləşdiyi əraziyə çatdı. Allah-taala yerə əmr etdi ki, suyu udsun. Bundan sonra Nuh (ə) həmin tabutu Ğəri bölgəsində (Nəcəfdə) dəfn etdi.”

İmam Sadiq (ə) daha sonra Nəcəfin fəziləti haqqında buyurdu:

“Ğəri elə bir dağın bir hissəsidir ki, Allah orada həzrət Musa ilə danışmış, həzrət İsa üçün oranı müqəddəs etmiş, həzrət İbrahimə orada Xəlilullah məqamını vermiş və Məhəmməd peyğəmbərni orada Həbibullah adına layiq görmüşdür. Bura peyğəmbərlərin məkanıdır və onların yanında Əli ibn Əbu Talibdən (ə) daha şərəfli bir şəxs məskunlaşmamışdır.

Buna görə də Nəcəfi ziyarət etdiyin zaman sanki Adəmi (ə), Nuhu (ə), Xatəmül-Ənbiya Məhəmmədi (s) və vəsilərin ağası Əmirəlmöminin Əlini (ə) ziyarət etmiş olursan.

Bil ki, Əmirəlmömininin (ə) ziyarətçisi dua etdiyi zaman onun üzünə göyün qapıları açılar. Elə isə bu böyük fürsəti əldən vermə, dua etməyi və xeyir diləməyi unutma.” (8)

Mənbələr

  1. Əvalimül-ülum, cild 15, səhifə 178.
  2. Vəsailüş-Şiə, cild 7, səhifə 98.
  3. Biharül-Ənvar, cild 54, səhifə 106.
  4. Vəsailüş-Şiə, cild 9, səhifə 530.
  5. Biharül-Ənvar, cild 27, səhifə 33.
  6. İqbalül-Əmal, cild 1, səhifə 466.
  7. Əvalimül-ülum, cild 15, səhifə 222.
  8. Kamilüz-Ziyarat, cild 1, səhifə 38.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir