Most searched:

İmam Hüseyn (ə)

İmam Hüseynə (ə) yardım edilməməsinin Əmirəl-mömininin (ə) öncədən verdiyi xəbərlərdə qeyd olunması

Hədislər və tarixi mənbələrə əsasən, Əmirəl-möminin imam Əli (ə) Kərbəla torpağından keçərkən imam Hüseynin (ə) şəhadətini əvvəlcədən xəbər vermiş, həmçinin Aşura hadisəsinin bəzi təfərrüatlarına, o cümlədən imam Hüseynin (ə) köməksiz qalacağına işarə etmişdir.

İmam Əli (ə) Kərbəla torpağından keçərkən oğlu Hüseynə (ə) işarə edərək səhabələrinə buyurdu ki, o, bu məkanda şəhid ediləcəkdir. Bu hədislərdə Əmirəl-mömininin (ə) imam Hüseynə (ə) yardım olunmayacağını öncədən bildirməsi səhabələrin təəccüb və heyrətinə səbəb olmuşdur.

“Üsüdül-Ğabə” kitabında Ğurfə Əzdidən belə nəql olunur:

“Mən Əmirəl-möminin Əlinin (ə) məqamı barədə tərəddüd içində idim. Bir gün onunla birlikdə Fərat çayının sahili boyunca gedirdik. O, yoldan kənara çəkilib dayandı, biz də onun ətrafında toplandıq.

O, əli ilə bir yerə işarə edib buyurdu:

“Bura onların yüklərinin endiriləcəyi yer, miniklərinin dayanacağı məkan və qanlarının töküləcəyi torpaqdır. Atam fəda olsun o kəsə ki, yerdə və göydə Allahdan başqa heç bir köməkçisi yoxdur!”

Hüseyn (ə) şəhid edildikdən sonra mən həmin yerə getdim. Gördüm ki, o həzrətin şəhid edildiyi məkan Əmirəl-mömininin (ə) təsvir etdiyi yerin tam özüdür və deyilənlərdə ən kiçik bir fərq belə yoxdur.

Buna görə də keçmiş şübhəmə görə Allahdan bağışlanma dilədim və anladım ki, Əmirəl-möminin (ə) yalnız ona öyrədilmiş və əmanət edilmiş həqiqətləri bəyan etmişdir.”

Şeyx Müfidin “əl-İrşad” kitabında İsmayıl ibn Ziyaddan belə nəql olunur:

Əmirəl-möminin Əli (ə) bir gün Bərra ibn Azibə buyurdu:

“Ey Bərra! Oğlum Hüseyn öldürüləcək. Sən isə sağ olacaqsan, lakin ona kömək etməyəcəksən.”

Hüseyn ibn Əli (ə) şəhid edildikdən sonra Bərra ibn Azib belə deyirdi:

“Allaha and olsun ki, Əli ibn Əbu Talib doğru buyurmuşdu. Hüseyn öldürüldü, amma mən ona kömək etmədim!”

Sonra o, bu işə görə dərin təəssüf hissi keçirir, peşmançılığını ifadə edirdi.

Ricalül-Kəşşi kitabında Əbu Abdullah Cədəlidən imam Hüseynə (ə) yardım edilməməsi barədə belə nəql olunmuşdur:

Mən Əmirəl-mömininin (ə) hüzuruna daxil oldum.

Həzrət buyurdu:

“Bizim yanımıza kimsə gəlməmişdən əvvəl sənə yeddi hədis danışım.”

Dedim:

“Buyurun, sizə fəda olum!”

… Dördüncü hədis belə idi:

“Bu şəxs öldürüləcək, sən isə sağ qalacaqsan, amma ona kömək etməyəcəksən.”

Sonra Həzrət əli ilə İmam Hüseynin (ə) çiyninə vurdu.

Mən dedim:

“Allaha and olsun ki, əgər Hüseynə kömək etməsəm, çox rüsvayçı və bədbəxt bir həyat yaşamış olaram.”

“Kamilüz-Ziyarat” kitabında da Əbu Abdullah Cədəlidən belə rəvayət olunur:

Mən Əmirəl-mömininin (ə) hüzuruna daxil oldum. Hüseyn (ə) də onun yanında idi.

Əmirəl-möminin (ə) əlini Hüseynin (ə) çiyninə vurub buyurdu:

“Bu şəxs öldürüləcək və heç kəs ona kömək etməyəcək.”

Dedim:

“Ey Əmirəl-möminin! Allaha and olsun ki, bu, çox pis bir həyat deməkdir!”

Həzrət buyurdu:

“Bəli, hər halda belə olacaq.”

Bu rəvayətlər göstərir ki, Əmirəl-möminin Əli (ə) illər öncə Kərbəla hadisəsini, imam Hüseynin (ə) şəhadətini və insanların ona yardım etməkdə səhlənkarlıq göstərəcəyini xəbər vermişdi. Sonradan həmin şəxslərin bəziləri bu hadisə baş verdikdən sonra öz vəzifələrini yerinə yetirmədiklərinə görə peşman olmuş və bunu etiraf etmişlər.

 

Mənbə: Danişnaməyi-İmam Hüseyn, müəllif: Məhəmməd Məhəmmədi Reyşəhri.

 

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir