Höccətül-İslam vəl-Müslimin Məhəmməd Cəfər Təbəsi “Böyük Qədir Xum hadisəsinin tarix boyu təhrifləri” adlı yazısında belə nəql edir:
İbn İshaq tarixçi öz Sirə kitabında bir mətləb yazmış və Cəzəri Şafei (ö. 883 qəməri) Əsna əl-Mətalib kitabında onu nəql etmişdir:
Rəsulullah (sallallahu ələyhi və alih) Əmirəl-möminin Əlini (əleyhis-salam) və Xalid ibn Vəlidi Yəmənə əmir olaraq göndərdi. Əmirəl-möminin Əli (əleyhis-salam) geri döndü və Məkkədə həcc zamanı Rəsulullah (sallallahu əleyhi və alih) ilə görüşdü.
Əmirəl-mömininin (əleyhis-salam) bəzi yoldaşları onun qənimətlərə münasibəti barədə mübahisə və söz-söhbət qaldırdılar və əleyhinə danışdılar.
Buna görə də Rəsulullah (sallallahu əleyhi və alih) həcc əməllərini qurtarıb Qədir Xum məntəqəsinə çatdıqda həmin xütbəni oxudu ki, Əmirəl-möminin Əlinin (əleyhis-salam) dəyərini insanlara çatdırsın və başqalarının onun barəsindəki sözlərini rədd etsin.
Beləliklə, Qədir Xum xütbəsinin Əmirəl-möminin Əlinin (əleyhis-salam) xilafəti ilə heç bir əlaqəsi yoxdur və onun üçün təsəlli (ürək-dirəklik) məqsədilə buyurulmuşdur.” [1]
Həqiqət və reallıq
Birinci cavab
İbn İshaq ki, belə bir şübhənin yaranmasında mənbədir, əhli-sünnə nəzərində tamamilə etibarsız bir şəxsiyyətdir. Çünki onun barəsində “kəzzab” (yalançı), “leysə bi hüccə” (dəlil sayılmaz), “zəif” (zəif), “deccal” (yalançı, aldadan), “müdəllis” (tədlis edən, sənəd gizlədən) və “mubtədi” (bidətçi) kimi ifadələr nəql edilmişdir.
Aydındır ki, təkca “kəzzab” ifadəsi belə onun etibarsızlığına kifayətdir.
Təəssüf ki, İbn İshaq Rəsulullahın (sallallahu əleyhi və alih) həmin xütbəsinə – Həzrətin Əmirəl-möminin Əlinin (əleyhis-salam) əlini qaldırıb “Hər kimin mən mövlasıyamsa, bu Əli də onun mövlasıdır” buyurmasına – işarə etməmişdir.
İkinci cavab
İbn İshaqın bu mətləbinin heç bir etibarlı sənədi yoxdur, xüsusilə də o, bu mətləbi sənədli şəkildə nəql etməmişdir.
Üçüncü cavab
İbn İshaqın iddia etdiyi bu mətləbi heç bir sağlam ağıl qəbul etməz. Kimsə qəbul edərmi ki, Rəsulullah (sallallahu əleyhi və alih) o isti havada və susuz, ot bitməyən səhrada yüz iyirmi min nəfəri yalnız o sözləri demək üçün saxlasın (gözlətsin)?!
Mənbə:
[1] Əsna əl-mətalib, səh. 51.