Bəzi şəxslər Peyğəmbərin (s) Qədir Xumda Əmirəl-möminin Əli (ə) barəsində buyurduğu “اللهم وال من والاه و عاد من عاداه” (“Allahım! onu sevəni sev, ona düşmən olanla düşmən ol”) cümləsinin qəbul olunmaması iddiasını irəli sürürlər.
Höccətül-İslam vəl-müslimin Məhəmməd Cəfər Təbsi “Böyük Qədir Xum hadisəsinin tarix boyu təhrifləri” adlı yazısında belə qeyd edir:
İbn Udey (vəfatı 362 hicri) “əl-Kamil fiz-zuəfa” əsərində (c. 3, s. 80) bu şübhəni gündəmə gətirmiş və “اللهم وال من والاه و عاد من عاداه” ifadəsini bəzi yalançılara nisbət etmiş, onların bunu Şureykdın nəql etdiklərini iddia etmişdir. [1]
Həqiqət və reallıq
Birinci cavab
İbn Udeyin bu iddianı irəli sürməsi qarşısında ilk irad budur ki, o “yalançılar” dediyi şəxslərin adlarını açıq şəkildə qeyd etməmişdir. Nəticədə onların kimliyi və vəziyyəti barədə dəqiq məlumat əldə etmək mümkün olmur və bu iddia ümumi və qeyri-müəyyən qalır.
İkinci cavab
İbn Əsakir Dəməşqi Şafii müxtəlif sənədlərlə bu hədisi nəql etmişdir. O, Məhəmməd ibn Xalid ibn Abdullah əl-Vasitini Şureykdən nəql edən ravi kimi göstərir; lakin bu ravi bəzi alimlər tərəfindən “kəzzab” (çox yalançı) kimi qiymətləndirilmişdir.
Bununla belə, bu cümlə yalnız həmin zəif ravi ilə məhdudlaşmır. Əksinə, Peyğəmbərin (s) səhabələrindən olan bir sıra şəxslər də bu ifadəni Qədir Xum hədisinin tərkib hissəsi kimi nəql etmişlər. Onların arasında Hübeyş ibn Cünadə, Cabir ibn Abdullah Ənsari, Sümrə ibn Cündəb, Əbu Hüreyrə, Abdullah ibn Ömər və Cərir ibn Abdullah Bəcəli kimi şəxslərin adı çəkilir.
Diqqətəlayiq məqam budur ki, Əbu Bəkr ibn Əbi Şeybə (vəfatı 235 hicri) bu cümləni Şureyk vasitəsilə nəql etmişdir. Belə olduğu halda, onu “yalançılar” sırasına daxil etmək mümkündürmü?
Halbuki İbn Əbi Şeybə “əl-Müsannəf” əsərinin müəllifidir və Hafiz Zəhəbi onu “hədis hafizlərinin və rəvayət ustadlarının lideri” kimi təqdim etmişdir [2]. Eyni zamanda, Buxari və Müslim də onun rəvayətlərindən istifadə etmişlər.
Mənbələr
[1] Tərix Dəməşq, c. 45, s. 176
[2] Siyər Əlam ən-Nübəla, c. 1, s. 122