Bu məqalənin birinci hissəsində həmin şübhə ətraflı şəkildə izah edilmiş və ona qarşı ilk cavab təqdim olunmuşdu. Bu yazının davamında isə digər iki cavab araşdırılacaq.
İkinci cavab: İblag ayəsinin nazil olduğu yerin təhrif edilməsi
“Bu gün dininizi kamil etdim…” ayəsinin (Maidə 3) Ərəfə günündə nazil olduğu fikri, “Təbliğ ayəsi” (يا أَيُّهَا الرَّسُولُ بَلِّغْ…) ilə ziddiyyət təşkil edir.
“Təbliğ ayəsi” Peyğəmbərə (səllahu ələyhi və alihi) çox mühüm bir məsələni çatdırmağı əmr edir; elə bir məsələ ki, əgər yerinə yetirilməsə, onun risaləti natamam sayılacaq.
Bu ayə şiə və sünni mənbələrinin yekdil fikrinə görə, həccdən sonra Məkkə ilə Mədinə arasındakı yolda nazil olmuşdur və 120-dən çox səhabə və 360-dan çox sünni alim tərəfindən nəql edilmişdir.
Belə olduğu halda necə ola bilər ki, Allah-Taala Ərəfə günündə dini kamil edib neməti tamamlasın, amma cəmi bir həftə sonra Peyğəmbərə (səllahu ələyhi və alihi) hələ də risaləti tamamlamayan çox mühüm bir əmri insanlara çatdırmağı əmr etsin? Halbuki həmin vaxt Peyğəmbər (səllahu ələyhi və alihi) artıq Mədinəyə qayıdırdı.
Üçüncü cavab: “Xilafətin təyin olunmasının zəruriliyi”
Əgər insan Peyğəmbərin (səllahu ələyhi və alihi) Ərəfə günü etdiyi xütbəyə diqqətlə baxsa, orada müsəlmanların əvvəldən bilmədiyi yeni bir məsələ görməz ki, bunun olmaması ilə dinin kamilləşməsi və nemətin tamamlanması izah olunsun.
Orada yalnız Quranda və Peyğəmbərin (səllahu ələyhi və alihi) müxtəlif münasibətlərdə əvvəlcədən bəyan etdiyi bəzi nəsihətlər və tövsiyələr təkrarlanmış və təsdiqlənmişdir.
Lakin əgər ayənin nazil olmasını ikinci ehtimala görə qəbul etsək — yəni onun Qədir-Xumda, Əmirəl-möminin Əlinin (ələyhis-səlam) Peyğəmbərin (səllahu ələyhi və alihi) canişini və möminlərin rəhbəri kimi təyin edilməsindən sonra nazil olduğunu desək — məsələ tamamilə məntiqli və gerçək mənasını alır. Çünki Peyğəmbərdən (səllahu ələyhi və alihi) sonra xilafət ən mühüm məsələlərdəndir və insanların rəhbərsiz buraxılması ağlabatan deyil.
Heç bir ağıl sahibi qəbul etməz ki, Peyğəmbər (səllahu ələyhi və alihi) öz ümmətini başsız və rəhbərsiz buraxsın. Halbuki o, hər səfərdə belə birini öz yerinə təyin edirdi. Belə olan halda necə qəbul etmək olar ki, bütün ümməti rəhbərsiz qoyaraq dünyadan getsin?
Əgər hətta dini inkar edənlər belə bir qaydanı qəbul edirlərsə ki, hər rəhbər özündən sonra canişin təyin etməlidir, onda İslam kimi ən kamil və ən üstün din bu mühüm prinsipi necə nəzərdən qaçıra bilər?
O din ki, Allah onu bütün dinlərin sonu etmişdir və ondan daha kamil, daha böyük və daha mükəmməl bir din yoxdur.
Allah-Təala Quranda buyurur:
“Həqiqətən bu Quran ən doğru və ən möhkəm yola yönəldir…” (İsra, 17:9)
Həmçinin Aişə, İbn Ömər, eləcə də Əbu Bəkr və Ömərin özü belə, rəhbərin təyin edilməsinin zəruriliyini qəbul etmiş və bunun fitnənin qarşısını almaq üçün vacib olduğunu söyləmişlər.
Eləcə də onlardan sonra gələn bütün xəlifələr özlərinə canişin təyin etmişlər. Belə olduğu halda, bu mühüm hikmətin Allah və Onun Rəsulundan (səllahu ələyhi və alihi) gizli qalması necə mümkün ola bilər?
Buna görə Allah-Taala Həccətül-Vida dönüşü zamanı Peyğəmbərə (səllahu ələyhi və alihi) vəhy etdi ki, Əmirəl-möminin Əlini (ələyhis-səlam) özündən sonra xəlifə və canişin olaraq təyin etsin və buyurdu: Ey Peyğəmbər! Rəbbindən sənə nazil ediləni insanlara çatdır. Əgər bunu etməsən, Onun risalətini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyacaq.” (Maidə, 5:67) Yəni: “Ey Məhəmməd! Əgər sənə əmr etdiyim şeyi — Əlinin (ələyhis-səlam) möminlərin səndən sonrakı vəlisi və rəhbəri olduğunu insanlara çatdırmasan — sənə verilmiş risaləti yerinə yetirmiş sayılmazsan.”
Beləliklə, dinin kamilliyi yalnız imamətlə mümkün olur və vilayət bütün ağıl sahiblərinin qəbul etdiyi zəruri bir prinsipdir.
Lakin bütün bu açıq göstərişlərə baxmayaraq, bəzi insanlar fərqli bir yol seçdilər və Bəni-Haşimdə həm nübuvvət, həm də xilafətin birləşməsinə qarşı çıxdılar.
Bu çərçivədə Ömər ibn Xəttab ilə Abdullah ibn Abbas arasında baş vermiş bir söhbət də bu mövzuya dəlil kimi göstərilir ki, orada Ömər bu məsələni açıq şəkildə tənqid etmişdir.
Beləliklə, bu günün bayram kimi qeyd olunması belə mümkün olmamışdır. Hətta Peyğəmbərin (səllahu ələyhi və alihi) həmin günü bayram elan etməsindən bir il keçsə də, bu hadisənin izi silinmişdir.
Cəmiyyət elə bir vəziyyətə gətirilmişdi ki, Qədir hadisəsindən cəmi iki ay sonra belə, bu məsələ artıq yaddaşlardan silinmiş və heç kəs onu açıq şəkildə xatırlamağa cəsarət etməmişdir.
Nəticədə, Əmirəl-möminin Əlinin (ələyhis-səlam) xilafətinin baş verdiyi gün olmasına baxmayaraq, həmin gün ya unutdurulmuş, ya da məqsədli şəkildə unudulmuşdur və bu səbəbdən onun bayram kimi qeyd olunması üçün zəmin qalmamışdır.
Mənbələr
- Sahil əl-Ğədir, s. 99–122.
- Səhih əl-Buxari, c. 6, s. 63.
- Əl-Durrul-Mənsur fi Təfsir bil-Məsur” (Süyuti), c. 3, s. 18
- Tarix əl-Xüləfa (İbn Quteybə), c. 1, s. 19 — Əbu Bəkrə beyət məsələsi ilə bağlı.
- Əl-Durr əl-Mənsur (Süyuti), c. 3, s. 18 — “اليوم أكملت لكم دينكم…” ayəsinin təfsiri ilə bağlı.