Şiə və sünni hədis mənbələrində Əmirəlmöminin Əlinin (ə) imam Hüseynin (ə) qatilinə və qatillərinə adları və xüsusiyyətləri ilə işarə etdiyi çoxsaylı rəvayətlər nəql olunmuşdur!
Yezid adlı bir şəxs
Bəzi hədislərdə Əmirəlmöminin Əli (ə) imam Hüseynin (ə) şəhadətini öncədən xəbər verərək, Yezid adlı bir şəxsi imam Hüseynin (ə) qatili kimi tanıtmışdır.
“Əl-Fütuh” kitabında İbn Abbasdan belə nəql olunur:
Əmirəlmöminin (ə) Siffeyndən qayıtdıqdan və Nəhrəvan əhlinin işi başa çatdıqdan sonra Əvər əl-Həmdani onun hüzuruna daxil oldu.
Əmirəlmöminin (ə) ona buyurdu:
“Ey Haris! Bu gün səhərdən qəmgin, kədərli, narahat və iztirab içində olduğumu hiss etdinmi?”
Haris dedi:
“Səbəbi nədir, ey Möminlərin əmiri? Məgər şamlılarla, bəsrəlilərlə və Nəhrəvan əhli ilə döyüşdüyünə görə peşman olmusan?”
Əmirəlmöminin (ə) buyurdu:
“Xeyr! Vay olsun sənə, ey Haris! Mən bunlara görə sevincliyəm. Yuxuda Kərbəla torpağını gördüm. Gördüm ki, oğlum Hüseyn kəsilmiş başı ilə həmin torpaqda yerə düşüb. Ağacların üzü üstə aşdığını, göyün yarıldığını, dəvələrin yüklərinin yerə töküldüyünü gördüm. Həmçinin göylə yer arasında bir carçının belə nida etdiyini eşitdim: Ey Hüseynin qatilləri! Siz bizi qorxuya saldınız. Allah sizi qorxutsun və həlak etsin!
Sonra oyandım və gördüklərimə görə iztiraba düşdüm.”
Haris dedi:
Belə deyil, ey Möminlərin əmiri! Bu yuxuda xeyirdən başqa bir şey yoxdur.
Əmirəlmöminin Əli (ə) buyurdu:
“Xeyr, ey Haris! Allahın hökmü qabaqcadan verilmiş, Onun icrası gerçəkləşmişdir. Əmim oğlu Məhəmməd (s) mənə xəbər verib ki, Yezid oğlumu öldürəcəkdir. Allah onun Cəhənnəmdəki əzabını daha da artırsın!”
İmam Hüseynin (ə) qatilinə lənət
Başqa bir hədisdə Əmirəlmöminin Əli (ə) imam Hüseynin (ə) şəhadətini öncədən xəbər verərək, onun qatilini bu ümmətin lənətlənmiş şəxsi kimi təqdim edir.
Züheyr ibn Ərqəmdən belə nəql olunmuşdur:
“İbn Mülcəmin zərbəsi Əmirəlmöminin Əliyə (ə) dəydiyi zaman onun hüzuruna daxil oldum. O, Hüseyni (ə) sinəsinə sıxmış, onu öpür və belə buyururdu:
Ey mənim bədənimin parası! Ey Allah Rəsulunun (s) seçilmişi! Ey Məhəmməd ibn Abdullahın dünya üçün saxladığı əmanət! Sanki səni görürəm ki, yaxın gələcəkdə başını bədənindən ayıracaqlar!
Dedim:
“Ey Möminlərin əmiri! Onun başını kim kəsəcək?”
Buyurdu:
Bu ümmətin lənətlənmiş şəxsi onun başını kəsəcək. Sonra Allah ona dönüş (tövbə) nəsib etməyəcək və onun canını şərabdan doymuş, sərxoş halda alacaq.
Züheyr deyir:
“Mən ağladım. Əmirəlmöminin Əli (ə) mənə buyurdu: Ey Züheyr! Ağlama. Allahın qəzavü-qədəri nədirsə, o da baş verəcəkdir.”
Sənan ibn Ənəs
Başqa bir rəvayətdə Əmirəlmöminin Əli (ə) imam Hüseynin (ə) şəhadətini öncədən xəbər verərək, onun qatilini, saç və saqqalındakı tüklərin sayını istehza ilə soruşan bir şəxsin oğlu kimi təqdim edir.
“Şərhu Nəhcil-Bəlağə” kitabında İbn Əbil-Hədid, Füzeyldən, o da imam Baqirdən (ə) belə nəql edir:
Əmirəlmöminin Əli (ə) buyurdu:
«Məni itirməmişdən əvvəl istədiyinizi soruşun. Allaha and olsun ki, yüz nəfəri azdıran və yüz nəfəri doğru yola yönəldən hər hansı bir dəstə barədə məndən soruşsanız, onların carçısını və rəhbərini sizə xəbər verərəm.»
Bu zaman bir nəfər ayağa qalxıb dedi:
“Mənə de görüm, başımda və saqqalımda neçə tük var?”
Əmirəlmöminin (ə) ona buyurdu:
«Allaha and olsun ki, Allah Rəsulu (s) mənə xəbər verib ki, sənin başındakı hər bir tükün üstündə sənə lənət oxuyan bir şeytan var və saqqalındakı hər bir tükün üstündə səni azdıran bir şeytan var. Sənin evində elə bir əziz övlad var ki, Allah Rəsulunun (s) oğlunu öldürəcəkdir.»
Rəvayətçi deyir:
Həmin gün o şəxsin oğlu hələ iməyləyirdi. Sonralar İmam Hüseynin (ə) qatillərindən olan Sinan ibn Ənəs ən-Nəxəi məhz həmin uşaq olmuşdur.
Mənbə:
Məhəmmədi Reyşəhri, Danişnamə-yi İmam Hüseyn (ə) bar payə-yi Quran, hədis və tarix, c. 3.