Bu yazının üçüncü hissəsində münafiqlərin Qədir Xum hadisəsini ilahi əmrə bağlamaqdakı şübhəsi izah edildi. Bu hissədə isə Əlinin (ələyhis-salam) yerinə başqa bir şəxsi təklif etmələri ifadə olunur:
- Əlinin (ələyhis-salam) yerinə başqa bir şəxsi təklif etmək[1]
Qədir xütbəsi bitdikdən və hamı Əmirəl-möminin Əliyə (ələyhis-salam) beyət etdikdən sonra münafiqlərin şübhə salmaq üçün ortaya atdıqları dördüncü üsul Əlinin (ələyhis-salam) başqa bir şəxslə dəyişdirilməsi məsələsi idi.
Onlar əvvəlcə öz aralarında bunu müzakirə etdilər və dedilər:
Kaş bizə Əlidən (ələyhis-salam) başqa bir imam verəydi və onun yerinə başqasını təyin edəydi. Bizim qəlbimiz heç vaxt Əlinin vilayətini və ona itaəti daşıya bilmir. Peyğəmbərdən (sallallahu əleyhi və alih) onu bizim üçün başqasına dəyişdirməsini istəyək. Kaş Əlini (ələyhis-salam) imam təyin etməyəydi, bizi imam edəydi; ya da indi ki, onu imam təyin edib, dəyişdirib bizi onun yerinə təyin etsin.
Sonra Peyğəmbərin (sallallahu əleyhi və alih) yanına gəldilər və tamamilə həyasızlıqla bu tələbi həzrətin qarşısında ortaya qoydular. Onların danışanı Məaz ibn Cəbəl idi – o, məlum sənədin imzalayanlarından biri idi.
Maraqlısı odur ki, Əbubəkri və Öməri Əlinin (ələyhis-salam) yerinə keçəcək şəxslər olaraq adlandırdılar! Beləliklə, sui-qəsdlərin mənşəyindən pərdə qaldırdılar.
Onlar dedilər:
Ya Rəsulallah, insanlar təzə müsəlman olublar və onlar razılaşmırlar ki, peyğəmbərlik sizdə, imamət isə əmioğlunuzda olsun. Əgər bunu onun qeyrisinə keçirsəniz, daha yaxşı olar.
Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:
Mən bu işi öz rəyimlə etməmişəm ki, bu barədə ixtiyarım olsun. Bunu mənə əmr edən Allahdır və onu mənə vacib etmişdir.
Allah da dərhal onların cavabını Yunus surəsinin 15-ci ayəsi ilə verdi və bunu Peyğəmbərə (sallallahu əleyhi və alih) belə nazil etdi:
وَ اِذا تُتْلى عَلَيْهِمْ آياتِنا بَيِّناتٍ قالَ الَّذينَ لا يَرْجُونَ لِقائَنا ائْتِ بِقُرْآنٍ غَيْرِ هذا اَوْ بَدِّلْهُ قُلْ ما يَكُونُ لى اَنْ اُبَدِّلَهُ مِنْ تِلْقاءِ نَفْسى اِنْ اَتَّبِعُ اِلاّ ما يُوحى اِلَىَّ اِنّى اَخافُ اِنْ عَصَيْتُ رَبّى عَذابَ يَوْمٍ عَظيمٍ
Necə ki, açıq-aşkar ayələrimiz onlara oxunduğu zaman, Bizimlə qarşılaşacaqlarına ümidi olmayanlar deyirlər, bizə bundan başqa bir Quran gətir, ya da onu dəyişdir. De: Mənim onu öz tərəfimdən dəyişdirmək ixtiyarım yoxdur. Mənə vəhy olunandan başqasına tabe olmuram. Əgər Rəbbimə asi olsam, böyük bir günün əzabından qorxuram.
Bu şəkildə Peyğəmbər (sallallahu əleyhi və alih) onlara elan etdi ki, mənim belə bir dəyişiklik etmək haqqım yoxdur. Çünki mən bunu öz tərəfimdən etməmişəm, əksinə tamamilə vəhyə tabe olmuşam və Əlinin (ələyhis-salam) vilayətini elan etməkdə ən kiçik bir boyun qaçırmadan Allahın əzabından qorxuram.[2]
Münafiqlərin Qədir Xumdakı bu təxribatını bu baxımdan da ifadə etmək olar:
Münafiqlərin və onların başında duran Səhifə əshabından olan beş nəfərin, Qədir-Xum xütbəsindən sonra maneə törətmək üçün düşündükləri yollardan biri də, Əlinin (ə) vilayətinin ləğv edildiyini (nəsx olunduğunu) irəli sürmək və onun yerinə başqa birinin seçilməsini gündəmə gətirmək idi ki, bəlkə Peyğəmbər (s) bunu qəbul etsə, Qədir Xum məsələsi təsirsiz qalsın.
Əvvəlcə belə şayiə yaydılar:
Kaş Əlidən başqasını xəlifə təyin edəydi, ya da indi ki, iş bitib, başqasını onun yerinə təyin edəydi! [3]
Tədricən sözü dəyişdirdilər və dedilər:
Kaş bizi Əlinin yerinə imam təyin edəydi.
Növbəti mərhələdə öz məqsədlərinə doğru yönəlməyə başladılar və dedilər:
Əgər Əlinin yerinə Əbubəkr və Öməri təyin etsə, biz onlara tabe olarıq. [4]
Bu mövzunun davamını beşinci hissədə oxuyun.
Mənbələr:
- Qədirin Quran hadisəsi, səh. 141; Qədirin dərinliyi, səh. 152.
- Biharül-ənvar, c. 23, səh. 210; c. 36, səh. 148; c. 37, səh. 160-161; Övəlümül-ülum, c. 3/15, səh. 297; Fürat təfsiri, səh. 177; Əs-Siratül-müstəqim, c. 1, səh. 314.
- Fürat təfsiri, səh. 77.
- Biharül-ənvar, c. 36, səh. 148.