Most searched:

Üç müasir cərəyan

Üç müasir cərəyan – Əllamə Əmininin dövründə: Sələfilikdən Ateizmə

Əllamə Əmininin dövründə üç çox fəal və ciddi fikri-mədəni cərəyan mövcud idi: millətçilik, ifrat sələfilik və ateizm. Bunlar həmin dövrdə bütün regionun üzləşdiyi mədəni problemlərdəndi.

“Əl-Qədir” əsəri elə bir dövrdə yazıldı ki, Osmanlı imperiyasının dağılması regionda millətçilik cərəyanının formalaşmasına zəmin yaratmışdı. Həmçinin, Əbdüləziz ibn Səudun hakimiyyətinin güclənməsi və Osmanlının süqutu ilə eyni vaxtda regionda kəskin və ifrat sələfiliyin yayılması ciddi bir cərəyana çevrildi. Biz bunun simvolunu vəhhabilik kimi tanıyırıq və bilirik ki, Səudiyyə sələfi cərəyanları hətta digər ərazilərdə də öz təsirlərini göstərə bilmişdilər. Tutaq ki, Misirdə Məhəmməd Rəşid Rza kimi nisbətən mülayim sələfilərdən tutmuş, İraqda Mahmud Şükri Əlusi kimi şəxslərə, eləcə də tamamilə vəhhabi fikirlərinin təsiri altında qalan və eyni yolu izləyən çox ifratçı sələfilərə qədər.

Həmin dövrdə hətta əhli-sünnə alimləri də sələfilərlə ciddi problem yaşayırdılar. Məhz bu dövrdə sünni alimləri tərəfindən vəhabilərə rəddiyyə olaraq yazılmış çoxsaylı kitabların çap olunduğunun şahidi oluruq. Bu, onların bu ifratçılıqdan narahatlıqları səbəbindən idi.

Üçüncü cərəyan isə daha geniş mənada ateizm və İslam əleyhdarlığı cərəyanı idi. Məsələn, bunun nümunələrindən biri Əhməd Kəsrəvi və ona bənzər şəxslərin getdiyi yoldur. Onlar İslam əleyhdarı mövqedə idilər. Hətta dövrün hakimiyyətləri də müəyyən dərəcədə İslam əleyhdarlığı istiqamətində hərəkət edirdilər. Məsələn, Türkiyədə Atatürkün, İranda Rza xanın hərəkətləri. Əgər ateizm və İslam əleyhdarlığı məsələsini bir qədər geniş götürsək, marksizm cərəyanını da qeyd edə bilərik; İkinci Dünya müharibəsindən sonra, xüsusilə Sovet İttifaqının güclənməsi ilə regionda nisbətən qüvvətli cərəyana çevrilən bir hərəkat. Bir superqüvvət (Sovet İttifaqı) meydana gəlmişdi ki, bu təfəkkürü dəstəkləyir və daim marksist inqilabını digər ölkələrə ixrac etmək istəyən şəxsləri qidalandırırdı. Bizim regionumuz – İraq, İran və s. – tamamilə hədəf altında idi və onlar bu fikirlərin burada yayılmasını çox arzulayırdılar.

Bu mədəni şəraitdə müsəlman alimin vəzifəsi nə idi? Sizcə, Əllamə Əmini kimi dini bir alim hansı mövqeyi tutmalı idi? Əgər o, yaşadığı tarixi və mədəni şəraiti dərk edərək, o dövrdə İslam və şiəlik üçün mövcud olan təhdidlərlə mübarizə aparmaq üçün bir iş görmək və hərəkət etmək istəyirdisə, hansı yolu seçməli idi?

Üç fikri cərəyanın və onların İslam və şiəliklə mübarizə dərəcəsinin qısa təhlili:

  1. İfrat millətçilik (nasionalizm):
    Bu cərəyan əsasən dinlə deyil, milliyyətlə məşğuldur. Millət və qövmə bağlılıq əgər ifrat həddə çatmasa, din üçün təhlükə sayılmır. Lakin ifrat millətçilik formasında dini meyllərlə ziddiyyət və toqquşmaya girir. Təbii olaraq, dini alim belə bir cərəyana qarşı mübarizə aparmalıdır. Millətçilik şiə-sünni məsələsi deyil; o, həm şiə, həm də sünni alimləri üçün eyni dərəcədə narahatedici idi.
  2. İfrat sələfilik (vəhhabilik):
    Bu cərəyanın şiəliklə açıq qarşıdurması var. Vəhhabilər ilk gündən şiələrə qarşı qılınc çəkmişlər. Lakin vacib məqam odur ki, ifrat sələfilər – vəhhabilər – sünni alimləri üçün də təhlükə idi. Onlar da vəhhabilərin hədəfində idilər. Buna görə də sünni alimləri vəhhabilərə qarşı dəfələrlə rədiyyələr (təkzib yazıları) qələmə almışlar. Deməli, ifrat sələfilik yalnız şiə problemi deyildi; İslam aləmində bu ifratçılıqdan narazı olan istənilən müsəlman alim özünü bu cərəyana qarşı mübarizə aparan cəbhədə görürdü. Məhz bu dövrdə Misirdə “məzhəblər arasında yaxınlaşma” cərəyanları yarandı, Şeyx Mahmud Şəltut və digər məzhəb alimləri “Dar ət-təqrib beynəl-məzahib əl-islamiyyə”-ni (İslam məzhəbləri arasında yaxınlaşma mərkəzi) qurdular ki, bu da tamamilə ifrat cərəyanlarla mübarizə məqsədi daşıyırdı. Əlbəttə, şiələr sünnilərdən daha çox vəhhabilik hücumuna məruz qalmışdılar. Lakin şiə və sünni alimlərinin ortaq cəbhədə olması şübhəsizdir. Dar ət-təqribin ilk addımlarından biri də Cəfəri məzhəbinin rəsmi tanınması oldu; çünki sünni alimləri dərk etmişdilər ki, biz ortaq cəbhədəyik.
  3. Ateizm və marksizm-kommunizm:
    Ateizm (ümumi mənada) və xüsusi mənada marksizm-kommunizm cərəyanı açıq şəkildə ortaq təhlükə idi təkcə şiə-sünni ortaq məsələsi deyil, həm də İslam və digər dinlər (xristianlıq, yəhudilik) üçün ümumi təhlükə. Bu baxımdan şiə və sünni alimləri arasında heç bir fərq yoxdur.

Bu üç güclü motivasiya Əllamə Əmini kimi bir şəxsin əbədi bir əsər yaratmasına və öz dövründə təsirli bir hərəkət etməsinə səbəb oldu. Bu üç cərəyan bir təhlükə kimi qəbul edilirdi. Məntiqlə, təsirli bir cərəyanın şiə və sünni üçün ortaq olan bir cəbhə olması gözlənilirdi. İndi sual budur: bu, həqiqətən də belə oldu, yoxsa yox?

“Xum xanə”  İmam Əli müqəddəs hərəminin xüsusi buraxılışı

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir