Qədir Xum hadisəsinin tarixi mənbələrinə görə, Qədir Xum bayramında təbrik və təhniyyət ənənəsi xüsusi yer tutur. Çünki sonuncu Peyğəmbər (sallallahu ələyhi və alih) bu bayramda təbrik etməyi xüsusi olaraq vurğulayırdı.
- A) Peyğəmbərə (sallallahu ələyhi və alih) təbrik demək;
Allahın Rəsulu (sallallahu ələyhi və alih) Qədir Xum günü buyurdu: “Hənniuni, hənniuni — mənə təbrik deyin, mənə təbrik deyin. Buna görə də bu gün bəzi ziyarət və dualarda Peyğəmbərə (sallallahu ələyhi və alih) müraciətlə təbrik deyirik.
Deməli, möminlərə məsləhət görülür ki, bu günün dualarını və ziyarətlərini — o cümlədən Peyğəmbərin (sallallahu ələyhi və alih) ziyarətini — oxusunlar.
- B) Əmirəl-mömininə (ələyhis-salam) təbrik demək
Qədir-Xum günü, xütbə başa çatdıqdan sonra Allahın Rəsulu (sallallahu ələyhi və alih) özünə məxsus çadırda oturdu və əmr etdi ki, Əmirəl-möminin (ələyhis-salam) başqa bir çadırda əyləşsin. Sonra insanlara buyurdu ki, ona təbrik və təhniyyət desinlər.
Kişilər beyət etdikdən sonra buyurdu ki, qadınlar da gəlib təbrik desin və beyət etsinlər.
Əmirəl-möminin (ələyhis-salam) də Qədir-Xum xütbəsində buyurmuşdur: “Peyğəmbər (sallallahu ələyhi və alih) buyurdu: Bir-birinizi təbrik edin və bu günü bayram təyin edin. Sonra buyurdu: Allahın Rəsulu (sallallahu ələyhi və alih) mənə göstəriş verdi bu sözləri insanlara çatdırım.
- V) Möminlərin bir-birini təbrik etməsi
Bu mübarək gündə şiələrin bir-biri ilə davranışı və deyilməsi lazım olan sözlər məsumdan (sallallahu ələyhi və alih) bizə çatmışdır.
Möminlər bir-biri ilə görüşdükdə, salam və əl sıxışdıqdan sonra belə təbrik desinlər:
“Əl-həmdulilləhilləzi cəələna minəl-mütəməssikin bi vilayət Əmirəl-möminin vəl-imamə (ələyhimus-salam).”
İmam Rza (ələyhis-salam) bu barədə buyurmuşdur: “Bu gün təbrik günüdür; qoy biriniz digərini təbrik etsin. Mömin qardaşı ilə qarşılaşdıqda desin: ‘Əl-həmdulilləhilləzi cəələna minəl-mütəməssikin bi vilayət Əmirəl-möminin vəl-imamə (ələyhimus-salam).’”
Diqqətəlayiq məqam budur ki, Peyğəmbərin (sallallahu ələyhi və alih) heç bir qələbəsində — nə müharibələrdə, nə digər münasibətlərdə, hətta Məkkənin fəthində belə — bu cür bir çağırışa rast gəlinmir. Lakin Qədir Xum günü buyurdu:
“Məni təbrik edin, mənə təhniyyət deyin; çünki Allah məni peyğəmbərliklə, Əhli-beytimi isə imamətlə seçdi.”
Bu isə böyük bir qələbənin və küfrlə nifaq səngərlərinin tamamilə dağıdılmasının əlaməti idi.
Mənbə:
Əl-Qədir, c. 1, s. 274.