İmam Əli (ə) hərəmi Ərbəin zəvvarlarına xidmət göstərmək məqsədilə şəri suallara cavab və fiqhi məsləhət məntəqələri yaradıb.
İmam Əli (ə) hərəminin Dini İşlər bölməsi hərəmin Ərbəin günlərində zəvvarlara xidmət göstərmək məqsədilə hazırladığı genişmiqyaslı proqram əsasında 21 şəri istifta məntəqəsi vasitəsilə zəvvarlara dini maarifləndirmə və fiqhi xidmətlər təqdim edir.
Bu məntəqələr imam Əli (ə) hərəminin eyvanlarında və ətrafında yerləşdirilib və zəvvarların şəri hökmlər və dini məsələlərlə bağlı suallarını cavablandırır.
Bu bölmənin rəhbəri Şeyx Kərar əl-Xəfaci hərəmin Xəbər Mərkəzinə verdiyi müsahibədə bildirib: «Ərbəin günlərində göstərilən ən mühüm xidmətlərdən biri imam Əli (ə) hərəminin daxilində və ətrafında şəri suallara cavab verən məntəqələrin yaradılmasıdır. Həmçinin kişilər və qadınlar üçün ayrıca məntəqələr nəzərdə tutulub. Bu məntəqələrdə hövzə elmi mərkəzinin bir qrup alim və fəzilətli şəxsi zəvvarların şəri suallarını cavablandırır».
O əlavə edib: «Bu məntəqələrin xidmətləri yalnız şəri sualların cavablandırılması ilə məhdudlaşmır. Burada zəvvarlar arasında müxtəlif dini və mədəni əsərlər, eləcə də nəşrlər də paylanır. Bu əsərlər zəvvarların dini məlumatlılığının artırılmasında mühüm rol oynayır və mənəvi səfər boyunca onların maarifləndirici və ibadi ehtiyaclarını təmin edir».
Bu tədbirlər imam Əli (ə) hərəminin milyonlarla Ərbəin zəvvarına ən yaxşı xidmətləri göstərmək məqsədilə müxtəlif bölmələrin iştirakı ilə həyata keçirdiyi genişmiqyaslı hazırlıq və xidmət proqramının bir hissəsidir. Çünki Əmirəl-möminin (ə) hərəmi zəvvarların müqəddəs Kərbəlaya doğru yollarını davam etdirməzdən əvvəl ziyarət etdikləri ən mühüm dayanacaqlardan biri hesab olunur.






