İmam Əli (ə) hərəmi Ərbəin günlərində Hüseyni xidmət məntəqələrinin fəaliyyətini dəstəkləmək üçün genişmiqyaslı xidmət planının icrasına başlayıb.
İmam Əli (ə) hərəminə bağlı “Feyzül-Qəsim” şirkəti Ərbəin zəvvarlarına xidmət göstərilməsi üzrə hərəmin proqramını dəstəkləmək məqsədilə kompleks xidmət planını həyata keçirməyə başlayıb. Layihə şirkətin rəhbərliyinin nəzarəti və aidiyyəti qurumlarla koordinasiya şəraitində icra olunur.
Şirkətin sözçüsü Hüseyn əl-Xaqani imam Əli (ə) hərəminin Xəbər Mərkəzinə bildirib:
“Bu plan üç əsas istiqamət üzrə hazırlanıb. Birinci istiqamət gündəlik tələbat malları və avadanlıqların təmin edilməsidir. Bu çərçivədə şirkətə məxsus ‘Çeşmeyi-Astan’ zavodu Hüseyni xidmət məntəqələrinin və İmam Əli (ə) hərəminin müxtəlif bölmələrinin ehtiyac duyduğu təmizlənmiş içməli suyu təmin edir.”
O əlavə edib:
“İkinci istiqamət ‘Ya Hüseyn’ marşrutu boyunca yerləşən Hüseyni xidmət məntəqələrinin ehtiyaclarını operativ şəkildə qarşılamaq üçün çevik reaksiya qrupunun yaradılmasıdır. Bu qrup xidmət məntəqələrinin məsullarından daxil olan gündəlik müraciətləri qəbul edir, onları dərhal araşdırır və zəruri avadanlıq və ləvazimatın qısa müddətdə çatdırılmasını təmin edir. Üçüncü istiqamət isə şirkətin Ziyarət Turizmi bölməsi tərəfindən həyata keçirilir və Ərbəin zəvvarlarının təşkilatlanması və daşınmasına cavabdehdir.”
Hüseyn əl-Xaqani şirkətin məhsulları barədə də deyib:
“Hüseyni xidmət məntəqələri ilə aparılan koordinasiya nəticəsində şirkətin istehsal etdiyi məhsullar haqqında broşürlər onların məsullarına təqdim olunub. Bu məhsullar subsidiyalı və münasib qiymətlərlə satışa çıxarılır ki, həm xidmət məntəqələrinə dəstək verilsin, həm də Ərbəin mövsümündə onların xərclərinin bir hissəsi azaldılsın. Bundan əlavə, şirkət Hüseyni xidmət məntəqələri arasında onlarla ton ərzaq məhsulunu ödənişsiz paylanmaq üçün göndərib. Bu addım zəvvarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və milyonlarla zəvvarın ehtiyaclarının ödənilməsinə mühüm töhfə verir.”
O, “Çeşmeyi-Astan” zavodunun fəaliyyəti barədə bildirib:
“Ərbəin günləri ərzində istehsalın fasiləsiz davam etməsini təmin etmək üçün zavodun fəaliyyəti 24 saatlıq rejimdə təşkil olunub. Burada istehsal xətlərinin istismarı, texniki xidmət və təmir sahələrində 100 xidmətçi çalışır ki, istehsal prosesi dayanmadan davam etsin. Həmçinin yeni istehsal xəttinin istifadəyə verilməsi və dünyanın nüfuzlu markalarına məxsus müasir su təmizləmə sistemlərinin quraşdırılması sayəsində istehsalın həcmi və keyfiyyəti daha da artırılıb.”
Qeyd edək ki, İmam Əli (ə) hərəmi Hüseyni Ərbəin ziyarəti münasibətilə milyonlarla zəvvarı və əzadarı qarşılamaq üçün hərtərəfli xidmət proqramı hazırlayıb və bütün imkanlarını səfərbər edərək zəvvarlara mümkün olan ən yüksək səviyyədə xidmət göstərməyə çalışır.









