İmam Əli (ə) hərəmi tərəfindən Ərbəinlə bağlı onlayn müsabiqə keçirilib
İmam Əli (ə) hərəmi minlərlə iştirakçı arasından 20 qalibin müəyyənləşdirildiyi Ərbəin mövzusunda mədəni onlayn müsabiqə keçirib.
İmam Əli (ə) hərəminin keçirdiyi bu onlayn müsabiqə Ərbəin ziyarəti ilə bağlı 20 sualdan ibarət olub. Suallar Şeyx Abbas Quminin müəllifi olduğu «Müntəhəl-amal fi təvarixin-nəbi vəl-al» kitabının ikinci cildi əsasında hazırlanıb. Müsabiqənin məqsədi Əhli-beytin (ə) tarixi haqqında ictimai məlumatlılığı artırmaq və Ərbəin mərasimi ilə əlaqəni gücləndirmək olub.
İnformasiya Texnologiyaları Mərkəzinin Sistemlərin və tətbiqlərin inkişafı bölməsinin məsulu Hüşam əl-Arizi xəbər mərkəzinə verdiyi açıqlamada bildirib: «Müsabiqə çoxvariantlı suallar formatında keçirilib və hər sualın dörd cavab variantı olub. İştirakçılar cavabları tapmaq üçün internetdən və ya təqdim olunan mənbədən istifadə edə bilərdilər. Eyni zamanda iştirakçılar arasında cavabların mübadiləsinə yol verilməməsi xüsusi vurğulanmışdı».
O əlavə edib: «Müsabiqədə 7 212 nəfər iştirak edib. Onlardan 4 536 nəfər püşkatmaya buraxılmaq üçün müəyyən edilmiş şərtlərə cavab verib. Sonda müəyyən edilmiş mexanizm əsasında 20 nəfər qalib seçilib».
Əl-Arizi müsabiqənin mükafatları barədə bildirib: «Qaliblərə verilən pul mükafatlarının məbləği fərqli olub. Belə ki, birinci yerin qalibi 1 milyon İraq dinarı, ikinci və üçüncü yerlərin hər bir qalibi 750 min dinar, dördüncü yerdən yeddinci yerədək olan qaliblərin hər biri 500 min dinar, səkkizinci yerdən on birinci yerədək olan qaliblərin hər biri isə 250 min dinar əldə edib. Həmçinin on ikinci yerdən on beşinci yerədək olan qaliblərin hər birinə 125 min dinar, on altıncı yerdən iyirminci yerədək olan qaliblərin hər birinə isə 100 min dinar təqdim olunub».
Müsabiqədə iştirak tətbiq mağazalarında mövcud olan «Vafid» tətbiqi vasitəsilə, həmçinin tətbiqə aid QR kodu və müsabiqə üçün ayrılmış internet linki üzərindən mümkün olub.
