Most searched:

Əmirəlmömininin (ələyhis-səlam)

Əmirəlmömininin (ələyhis-səlam) Xəndək döyüşündə şücaəti

Xəndək döyüşü (həmçinin Əhzab döyüşü kimi tanınır) İslam Peyğəmbərinin (sallallahu ələyhi və alih) müşriklər və müxtəlif müxalif qruplar, o cümlədən yəhudilərlə apardığı döyüşlərdən biri olub və hicrətin 5-ci ilində baş vermişdir.

Bəni Nəzir qəbiləsi xəyanətlərinə görə öz torpaqlarından qovulduqdan sonra Xeybərə getmiş və digər yəhudiləri İslam Peyğəmbərinə qarşı müharibəyə təhrik etmişdilər. Bu, Xəndək döyüşünün əsas səbəblərindən biri sayılır. Daha sonra onlar Məkkə müşriklərini də Peyğəmbərə qarşı müharibəyə qızışdırdılar.

Peyğəmbərin məşvərəti

Bu döyüşdə müşriklər və İslamın əleyhdarı olan yəhudi tayfaları bütün qüvvələrini səfərbər edərək İslam Peyğəmbərini və müsəlmanları məhv etməyə çalışırdılar. Buna qarşılıq olaraq müsəlmanlar Salman Farsinin təklifi ilə Mədinə ətrafında xəndək qazdılar. Bu üsul o vaxta qədər ərəblər arasında tanınmırdı və həm müsəlmanlar, həm də müşriklər üçün təəccüblü idi.

Məhəmməd Peyğəmbər (sallallahu ələyhi və alih) xalqla müşriklərə qarşı necə mübarizə aparmaq barədə məsləhətləşdi. Müxtəlif təkliflər səsləndi: şəhərdə qalmaq, yüksəkliklərdə müdafiə olunmaq, şəhərdən kənara çıxaraq üz-üzə döyüşmək və s. Nəticədə Salman Farsinin Mədinənin ətrafında xəndək qazılması təklifi qəbul edildi ki, döyüş müəyyən məntəqələrdə baş versin və düşmənin zəif nöqtələrdən şəhərə hücumunun qarşısı alınsın. (1)

Bu hərbi taktika və ilahi qeybi yardım nəticəsində müşriklər və yəhudilərin planı genişmiqyaslı döyüş olmadan uğursuzluqla nəticələndi. Bu məğlubiyyət onların yenidən ordu toplayıb hücum etmək imkanını zəiflətdi və Mədinə İslam dövlətinin gücünü daha da artırdı.

Ayələrin nazil olması

Qərara alındı ki, Ühüddən Racə qədər xəndək qazılsın. Məhəmməd Peyğəmbər (sallallahu ələyhi və alih) müsəlmanları bu işə təşviq etmək üçün özü də xəndək qazılmasında iştirak etdi.

Cabir ibn Abdullah Ənsari rəvayət edir: “Xəndək qazılarkən Peyğəmbərin (sallallahu ələyhi və alih) yanında idim. İnsanlar və Əli ibn Əbu Talib (ələyhis-səlam) xəndək qazırdılar. Peyğəmbər Əmirəlmömininə (ələyhis-səlam) buyurdu: Atam fəda olsun o şəxsə ki, xəndək qazır; Cəbrail onun qarşısından torpağı süpürür və Mikail ona kömək edir. Halbuki bundan əvvəl heç kimə belə yardım olunmamışdır.

Sonra Peyğəmbər Osman ibn Affana buyurdu:

Qaz. Osman qəzəbləndi və dedi: Məhəmməd yalnız bizim əlimizlə İslamı qəbul etməyimizlə kifayətlənmir, hətta bizi çətinliyə və zəhmətə də məcbur edir.

Buna görə Allah bu ayəni nazil etdi:

“İslam gətirdiklərinə görə sənə minnət qoyurlar! De: İslamınıza görə mənə minnət qoymayın. Əksinə, əgər doğru danışırsınızsa, sizi imana yönəltməklə Allah sizə minnət qoyur.” (Hucurat, 17) (2)

İbn Əbdəvudun meydan oxuması

Əmr ibn Əbdəvud yaşlı, lakin çox məşhur bir döyüşçü idi. O, bir neçə nəfərlə birlikdə xəndəyi keçərək döyüş tələb etdi. Müsəlmanlar qorxudan susdular. (3)

O, üç dəfə meydan oxudu və hər üçündə yalnız Əmirəlmöminin (ələyhis-səlam) bu çağırışa cavab verdi.

Əmirəlmöminin (ələyhis-səlam) döyüşə getmək istədikdə, Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:

“Ey Əli, yanıma gəl.” Sonra öz əmmaməsini çıxarıb doqquz dəfə onun başına doladı, qılıncını ona verdi və buyurdu: “Döyüş meydanına get.” (4)

Daha sonra onun üçün dua edərək buyurdu: “Allahım! Əlini ona qarşı qalib et.” (5)

Əmirəlmöminin (ələyhis-səlam) Peyğəmbərin icazəsi ilə döyüşə gedərək Əmr ibn Əbdəvudu öldürdü və onun yanında olanlardan daha iki nəfəri də öldürüldü.

İbn Əbdəvudun Əmirəlmöminindən qorxması

İbn Əbi əl-Hədid bu hadisəni belə nəql edir: “Əmr yaşlı bir kişi idi, səksən yaşını keçmişdi və cahiliyyət dövründə Əbu Talibin dostu idi. O dedi: ‘Sən kimsən?’

Əmirəlmöminin Əli (ələyhis-səlam) buyurdu: Mən Əbu Talibin oğluyam.
Əmr dedi: Bəli, atan mənim dostum idi. Geri qayıt, çünki səni öldürmək istəmirəm.

Daha sonra İbn Əbi əl-Hədid nəql edir ki, onun müəllimi Əbulxeyr Musəddiq ibn Şəbib belə deyərdi: “Allaha and olsun ki, Əmr bunu Əlini qorumaq üçün deməmişdi. Əksinə, ondan qorxurdu. Çünki bilirdi ki, o, Bədr və Ühüd döyüşlərində kimləri öldürmüşdür. Anladı ki, onunla döyüşsə, özü öldürüləcək. Buna görə acizliyini gizlətmək üçün belə danışdı və guya ona yazığı gəlirmiş kimi davrandı. Halbuki bu sözündə açıq-aşkar yalan danışırdı.” (6)

İbn Əbdəvudun həlakı

Əli ibn Əbu Talib (ələyhis-səlam) Əmr ibn Əbdəvudu öldürdükdən sonra xəndəyin kənarında dayandı. O, qılıncını qandan təmizləyir və havada fırladırdı. Bu zaman “Mominun” surəsinin 101-ci ayəsini tilavət edirdi: “Sur üfürüldüyü zaman, həmin gün onların arasında heç bir qohumluq və nəsəb qalmayacaq.”

Sonra müşriklər on yeddi dəstəyə bölündülər və Əmirəlmöminin (ələyhis-səlam) onların hər birini sanki buğda biçən kimi məhv etdi, elə ki, onlar yerindən tərpənə bilmirdilər. (7)

Möminlərin ağasının mərdanə davranışı

Ömər ibn Xəttab Əmirəlmömininə (ələyhis-səlam) dedi: “Niyə onun qiymətli zirehini çıxarmadın? Ərəblər arasında ondan yaxşısı yoxdur!”

Həzrət buyurdu: “Mən onu vurduqda, o, öz ayıb yerini sipər etdi. Mən isə əmioğlum Məhəmməd Peyğəmbərdən həya etdim ki, onu çılpaq edim.” (8)

Əmirəlmömininin (ələyhis-səlam) rolu

Əmirəlmömininin (ələyhis-səlam) Əmr ibn Əbdəvudu öldürməsi bu döyüşdə İslamın qələbəsində və kafirlərin məğlubiyyətində çox mühüm rol oynadı.

Xəndək döyüşündə Əmirəlmöminin (ələyhis-səlam) Əmr ibn Əbdəvudlə döyüşə gedərkən Peyğəmbər (sallallahu ələyhi və alih) buyurdu: “Bütün iman bütün şirkin qarşısına çıxmışdır.” (9)

Əmirəlmöminin Əli (ələyhis-səlam) məşhur pəhləvan Əmr ibn Əbdəvudu öldürdükdən sonra Peyğəmbər buyurdu: “Əli ibn Əbu Talibin (ələyhis-səlam) Əmr ibn Əbdəvudlə döyüşü mənim ümmətimin Qiyamət gününə qədər olan bütün əməllərindən üstündür.” (10)

Əmirəlmöminin Əli (ələyhis-səlam) bu hadisə barədə buyurmuşdur: “Mən min nəfərə bərabər olan Əmr ibn Əbdəvudu öldürdüm.” (11)

Həmçinin İbn Abbas nəql edir: “Allah-taala Xəndək döyüşündə Əli ibn Əbu Talib (ələyhis-səlam) vasitəsilə – Əmrı öldürməsi ilə – möminləri döyüşməkdən rahat etdi.” (12)

Möminlərin ağasının məqamı

İbn Əbi əl-Hədid (əhli-sünnə alimlərindən) yazır: Əbu Hüzeyldən soruşuldu ki, Allah yanında Əbu Bəkr daha üstündür, yoxsa Əli ibn Əbu Talib?

O cavab verdi: Təkcə Əbu Bəkrin əməli ilə müqayisə etmək düzgün deyil. Çünki Əli Xəndək günü Əmr ibn Əbdəvudlə döyüşə qalxdığı zaman, onun bu əməli bütün mühacir və ənsarın əməlləri və ibadətləri ilə bərabər oldu, hətta onlardan da üstün idi. (13)

Əmirəlmömininin (ələyhis-səlam) ziyarətnaməsində Xəndək döyüşünə işarə

“Salam olsun sənə, ey o kəs ki, Allah Əhzab (Xəndək) günü möminləri sənin vasitənlə döyüşdən qorudu.”

“Salam olsun sənə, ey möcüzələrin və ilahi nişanələrin zahir edən! Salam olsun sənə, ey döyüşlərin sərkərdəsi!”

“Salam olsun sənə, ey o kəs ki, döyüş meydanındakı hücumlarına göylərin mələkləri heyran qaldı.” (14)

Qeybi yardım

Düşmənin məğlubiyyətini tamamlayan və Qüreyşin geri çəkilməsini qaçılmaz edən amil qəfil baş verən güclü külək və tufan oldu. Bu tufan çadırları yerindən qoparır, yemək qazanlarını oddan aşırırdı.

Bu ilahi və qeybi yardım, həmçinin havanın soyuqluğu vəziyyəti daha da çətinləşdirirdi.

“Əhzab” surəsinin 9-cu ayəsində buyurulur: “Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın ki, o zaman sizə qoşunlar hücum etmişdi və Biz onların üzərinə güclü bir külək və sizin görmədiyiniz qoşunlar (mələklər) göndərdik.”

Bu vaxt Məhəmməd Peyğəmbər (sallallahu ələyhi və alih) Hüzeyfə ibn Yəmanı xəndəyin o biri tərəfinə göndərdi ki, düşmənin gecə hərəkətlərini araşdırsın.

O, düşmən düşərgəsinə daxil oldu və Əbu Süfyanın belə dediyini eşitdi:
“Ey Qüreyş! Bizim burada qalmağımız mümkün deyil. Heyvanlarımız məhv oldu, külək və tufan bizə nə çadır, nə ocaq saxladı. Bəni-Qüreyzə də bizimlə əhdini pozdu. Ən doğru yol buradan ger qayıtmaqdır.”

Sonra o, dəvəsinə mindi və onu qamçıladı, halbuki dəvənin ayaqlarınən bağlı olduğunu bilmirdi.

Hüzeyfə geri qayıdaraq müşriklərin geri çəkildiyi sevindirici xəbəri Peyğəmbərə və müsəlmanlara çatdırdı. (15)

Mənbələr

  1. Əl-Ənsab, cild 1, səh. 343
  2. Təvil əl-Ayat əl-Zahira, cild 2, səh. 607
  3. Tarix əl-Təbəri, cild 2, səh. 574
  4. Təvil əl-Ayat əl-Zahira fi Fazail əl-itrətu əl-Tahira, cild 1, səh. 443
  5. Əl-Məğazi, cild 2, səh. 471
  6. Bihar əl-Ənvar, cild 39, səh. 5 / Sharh Nahj al-Balagha, cild 19, səh. 63
  7. Mədinətu məacizil əimmə əl-isna əşər, cild 1, səh. 427
  8. Bihar əl-Ənvar, cild 20, səh. 203
  9. Şərhu Nəhcül Bəlağə, cild 13, səh. 261
  10. Mustadrəku Hakim Nişaburi, cild 3, səh. 32 / Şəvahidu əl-Tanzil, cild 2, səh. 15
  11. Əl-Xisal, cild 2, səh. 572
  12. Şəvahidu əl-Tanzil, cild 2, səh. 10
  13. Şərhu Nəhcül Bəlağə, cild 19, səh. 60
  14. Zad əl-Məad / Əl-Mazar əl-Kəbir, cild 1, səh. 205
  15. Əl-Məğazi, cild 2, səh. 292

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir