Maidə surəsinin 54, 55 və 56-cı ayələri vilayət və Allah dininə yardım mövzusundan bəhs edir. Maidə surəsinin 55-ci ayəsi “Vilayət ayəsi” kimi məşhurdur və açıq şəkildə Əmirəlmöminin Əli (əleyhis-salam)-ın xilafət və imamətinə dəlalət edir. Çünki bu ayədə “vəli” məsələsinə xüsusi vurğu edilir və Əmirəlmöminin (əleyhis-salam) müsəlmanların vəlisi kimi təqdim olunur.
Maidə surəsi, 54-cü ayə
«Ey iman gətirənlər! Sizdən kim dinindən dönsə, Allah tezliklə elə bir qövm gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı təvazökar, kafirlərə qarşı isə qüvvətli və izzətlidirlər. Allah yolunda cihad edərlər və heç bir qınayanın qınamasından qorxmazlar. Bu, Allahın istədiyi kəsə verdiyi fəzildir. Allahın lütfü genişdir və O, hər şeyi biləndir.»
Maidə surəsi, 55-ci ayə
«Sizin vəliniz yalnız Allah, Onun Rəsulu və iman gətirənlərdir – o kəslər ki, namaz qılır və rüku halında zəkat verirlər.»
Maidə surəsi, 56-cı ayə
«Kim Allahı, Onun Rəsulunu və iman gətirənləri vəli qəbul edərsə, şübhəsiz ki, Allahın tərəfdarları qalib gələnlərdir.»
İmam Hadi (əleyhis-salam)-dan nəql olunan Ğədiriyyə ziyarətinə görə bu ayələr Əmirəlmöminin Əli (əleyhis-salam)-ın uca məqamını xatırladır.
Ğədiriyyə ziyarətinin bir hissəsində belə buyurulur:
“Allahın sənin barəndə Peyğəmbərinə nazil etdiyinə yalnız az bir dəstə iman gətirdi və onların çoxuna bu ayələr yalnız ziyanlarını artırdı. Bundan əvvəl də Allah sənin haqqında, onlar isə bunu istəmədikləri halda, bu ayəni nazil etmişdi:
Ey iman gətirənlər! Sizdən kim dinindən dönsə, Allah tezliklə elə bir qövm gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər; möminlərə qarşı təvazökar, kafirlərə qarşı qüvvətli olarlar, Allah yolunda cihad edərlər və heç bir qınayanın qınamasından qorxmazlar. Bu, Allahın istədiyinə verdiyi fəzildir. Allah geniş mərhəmət sahibidir və hər şeyi biləndir. (Maidə, 54)
Sizin vəliniz yalnız Allah, Onun Rəsulu və iman gətirənlərdir – (Əli ibn Əbu Talib kimi) o kəslər ki, namaz qılar və rüku halında zəkat verərlər.’ (Maidə, 55)
‘Allahı, Onun Rəsulunu və iman gətirənləri (Əli ibn Əbu Talib kimi) vəli qəbul edənlər – onlar Allahın dəstəsidir və şübhəsiz ki, Allahın dəstəsi qalib gələnlərdir.’ (Maidə, 56)”
Maidə surəsinin 54, 55 və 56-cı ayələri Qurani-Kərimdə Əli (ə) haqqında olan ayələrdən hesab olunur və həqiqi möminlərin xüsusiyyətlərini bəyan edir. Bu ayələr vurğulayır ki, möminlər üzərində rəhbərlik və vilayət yalnız Allaha, Onun Peyğəmbərinə və iman gətirənlərə məxsusdur; yəni iman gətirən və Allah yolunda çalışan kəslərə.
İmam Həsən Əsgəri (əleyhis-salam) atasından – İmam Hadi (əleyhis-salam)-dan nəql edir ki, Qədir bayramı günü bu ayələrə işarə edərək belə buyurmuşdur:
“Əmirəlmöminini (əleyhis-salam) ziyarət etmək istədiyin zaman qübbənin qapısında dayan və belə de: … Salam olsun sənə, ey Əmirəlmöminin! Şəhadət verirəm ki, sən Allahın tərifinə məxsus edilmişsən, Allaha itaətdə ixlas sahibisən, hidayət yolunda özünə heç bir əvəz istəməmisən və Rəbbinin ibadətində heç kəsi Ona şərik etməmisən. Şəhadət verirəm ki, Uca Allah Peyğəmbərinin (sallallahu əleyhi və alih) sənin haqqında etdiyi duanı qəbul etdi və ona sənin üstünlüyünü və vilayətini ümmətə açıqlamağı əmr etdi… Allah bundan əvvəl, münafiqlər xoşlamadıqları halda sənin haqqında belə nazil etdi: Ey iman gətirənlər! Sizdən kim dinindən dönsə, Allah tezliklə elə bir qövm gətirər ki, Allah onları sevər və onlar da Allahı sevərlər…” (1)
İmam Baqir və İmam Sadiq (əleyhiməs-salam) Maidə surəsinin 54-cü ayəsi haqqında buyurmuşlar:
“Bu ayədə qeyd olunanlar Əmirəlmöminin Əli (əleyhis-salam) və onun səhabələridir; onlar nakisinlər, qasitlər və mariqinlərlə döyüşənlərdir.” (2)
Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Maidə surəsinin 55-ci ayəsi haqqında buyurmuşdur:
“Uca Allah Öz kitabında belə nazil etmişdir:
İnnəmə vəliyyukumullah… və hum rakiun.
Bu ayə Əli ibn Əbu Talib (əleyhis-salam) haqqında nazil olmuşdur. O, namaz qılır və rüku halında zəkat verir. O, hər zaman Allaha yönəlmiş və bütün işlərində Allahı nəzərdə tutan kəsdir.” (3)
İmam Baqir (əleyhis-salam) isə Maidə surəsinin 56-cı ayəsi haqqında buyurmuşdur:
“Bu ayə Əmirəlmöminin Əli (əleyhis-salam)-ın şənində nazil olmuşdur.” (4)
Mənbə:
- “Təfsir Əhli-beyt (əleyhimus-salam)”, cild 4, səh. 96; “Biharul-ənvar”, cild 97, səh. 363.
- “Təfsir Əhli-beyt (əleyhimus-salam)”, cild 4, səh. 92; “Biharul-ənvar”, cild 66, səh. 351; həmçinin “əl-Burhan fi təfsiril-Quran” və “Nur əs-Səqəleyn”.
- “Təfsir Əhli-beyt (əleyhimus-salam)”, cild 4, səh. 98; “Vəsailüş-Şiə”, cild 9, səh. 478.
- “Təfsir Əhli-beyt (əleyhimus-salam)”, cild 4, səh. 126; “əl-Burhan fi təfsiril-Quran”; “Biharul-ənvar”, cild 35, səh. 197; “Biharul-ənvar”, cild 37, səh. 138; “Biharul-ənvar”, cild 35, səh. 198; “Təfsir Furat əl-Kufi”, səh. 129; “Şəvahidut-Tənzil”, cild 1, səh. 239.