İmam Əli (ə) hərəminin mütəvəllisinin sədrliyi ilə “Nəcəfi Əşrəf Elmi Hövzəsinin minilliyi” layihəsinin proqramlarını araşdırmaq və qiymətləndirmək üçün iclas keçirildi.
İmam Əli (ə) hərəminin mütəvəllisi Seyid İsa əl-Xorsanın iştirakı ilə “Nəcəfi Əşrəf Elmi Hövzəsinin minilliyi” heyəti öz dövri iclasını keçirdi.
Bu iclasda layihəyə başlanıldığı vaxtdan indiyədək əldə edilmiş nailiyyətlər və gələcək mərhələlərin proqramları nəzərdən keçirildi. Həmçinin, Elmi Hövzənin min illik elmi həyatının qeyd edilməsi istiqamətində fəaliyyətlərin davamı üçün planlaşdırma, nəzarət və yoxlama üzrə mütəxəssis qrupları müəyyən edildi.
Dövri iclas
“Nəcəfi Əşrəf Elmi Hövzəsinin minilliyi” heyətinin üzvü Mustafa Məhəmməd Al-Heydər xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: “Bu iclas İmam Əli (ə) hərəminin mütəvəllisinin sədrliyi və ali heyətin, icra və nəzarət üzrə komitələrin üzvlərinin iştirakı ilə keçirildi.”
O əlavə edib: “Bu iclasda “Nəcəfi Əşrəf Elmi Hövzəsinin minilliyi” layihəsinin sənədləri və onun icra mərhələləri müzakirə edildi ki, hövzənin minillik yubileyi ilə bağlı tədbirlərin keçirilməsində aidiyyəti qurumlar arasında koordinasiya təmin olunsun.”
Hərtərəfli araşdırma
Al-Heydər davam edib: “İclasda bu layihənin icrası ilə bağlı fikir və təkliflər müzakirə olundu.”
Daha sonra qarşıdan gələn fəsillərin keçirilmə proqramı da nəzərdən keçirildi; İmam Əli (ə) hərəminin digər müqəddəs ziyarətgahlarla əməkdaşlıq çərçivəsində keçirməyi planlaşdırdığı proqramlar müzakirə edildi. Həmçinin, qarşıdakı proqramlarla bağlı təklif və tövsiyələr, eləcə də onların icra mexanizmləri araşdırıldı.
Mütəxəssis qrupların formalaşdırılması
Al-Heydər qeyd edib: “İclasda planlaşdırma, izləmə və nəzarət üçün mütəxəssis qrupların təyin edilməsi məsələsi müzakirə olundu.”
O, layihənin gələcək mərhələlərinin icrası, izlənilməsi və tələbatlarının qarşılanması üçün İmam Əli (ə) hərəminin mütəvəllisinin sədrliyi, ali heyət, icra və nəzarət rəhbərlərinin iştirakı ilə dövri iclasların keçirilməsinin vacibliyini vurğulayıb.
Qeyd etmək lazımdır ki, İmam Əli (ə) hərəminin dəstəyi və digər müqəddəs ziyarətgahlarla əməkdaşlıq çərçivəsində, Şeyx Tusinin Nəcəf-i Əşrəfə gəlişindən bəri Nəcəf Elmi Hövzəsinin min illik elmi fəaliyyətini qeyd etmək məqsədilə keçirilən “Nəcəfi Əşrəf Elmi Hövzəsinin minilliyi” layihəsi, bu min illik yol boyu dəyərli elmi və mərifəti nailiyyətlər təqdim etmiş bir hövzənin irsini əks etdirir.