Həzrət Zəhra (s.ə) ömrünün son günlərində misilsiz bir cəsarətlə Əmirəl-mömininin (ə) qəsb edilmiş haqqını müdafiə etdi. Onun gur və möhkəm səsi imamət və vilayətin haqq olduğunun şahidi idi və onun ədalət tələbi, mövlayi-müttəqiyanın (ə) məzlumluğunun tarixdəki əks-sədasıdır.
Həzrət Zəhranın (s.ə) vəhy evinə hücumdan sonra mühacir və ənsar qadınlarına etdiyi etiraz və həmçinin ömrünün son günlərində xilafət qəsbkarlarının ziyarəti zamanı narazılığını bildirməsi, açıq-aydın göstərir ki, o, bütün gücü ilə Mövlayi-müttəqiyanın qəsb edilmiş haqqını müdafiə edib. Bu hadisələr Həzrət Zəhranın (s.ə) zülmlə mübarizədəki qəti qərarının göstəricisi və Əmirəl-mömininə (ə) qarşı edilən haqsızlığa və ədalətsizliyə qarşı bir fəryaddır.
Dərd dolu bir giley
Həzrət Fatimeyi-Zəhranın (s.ə) evinə hücumdan sonra, ona vurulan zərbə və fərəhli günlərini qara günlərə çevirən övlad itkisi (səqti-cənin) onu yatağa saldı. O xanım, Mədinə qadınlarının hal-əhval tutmasına cavab olaraq, o dövrə olan nifrət və narazılığından söz açdı.
Həzrət Fatimənin (s.ə) yaraları şiddətlənəndə, mühacir və ənsar qadınları onun yanına toplaşaraq dedilər: «Ey Allahın Rəsulunun qızı, bu gün yaralarınla necə sabahladın?» Həzrət Fatimə (s.ə) buyurdu: «Allaha and olsun ki, sizin dünyanızdan bezmiş və ondan üz çevirmiş halda sabahladım.» [1]
Mövlayi-müttəqiyanın ədalət fəryadı
Əmirəl-möminin (ə) məcburi beyət zamanı, Əhli-beytə qarşı edilən zülmə və Həzrət Fatimənin (s.ə) ehtiramının sındırılmasına qarşı açıq və sərt sözlərlə etiraz etdi. Bu tarixi kəlamlar, İmamın o günün acı hadisələrindən duyduğu dərin kədər və narazılığın göstəricisidir.
Əmirəl-möminin (ə) beyət üçün məscidə məcburən aparıldığı o ağır anlarda, dərdi və qəzəbi ilə dolu bir qəlblə dilə gəldi. İmamın sözləri Əhli-beytə qarşı edilən zülm və cinayətin dərinliyinə açıq-aydın bir şahiddir: «Ey xəyanətkar və cinayətkar dəstə! Cinayətlərinizin cavabını verməyə və ilahi hüzurda hesab verməyə hazırlaşın. Məgər Fatimə gündüz döyülməli, haqqımız zorla qəsb edilməli və heç bir köməkçimiz, pənahımız və yardımçımız olmamalıdır? Kaş ki, Əbu Talib oğlu bu gündən əvvəl öləydi və bu faciələri görməyəydi ki, necə bu pak və xeyirxah xanıma zülm etmək üçün bir yerə yığışmısınız. Allahın rəhmətindən uzaq olasınız; çünki bu işin axırı Allaha və Onun Rəsuluna qayıdacaqdır. Əli ibn Əbi Talib (ə) üçün Fatimənin qabırğasının vurulmaqdan göyərdiyini görmək nə qədər ağırdır; halbuki onun məqamı və mənzilləti hamıya aydın idi.» [2]
Görüş və ziyarət tələbi
Səqifeyi-Bəni-Saidə hadisəsindən, Fədəkin qəsb edilməsindən və vəhy evinə hücumdan sonra, Həzrət Zəhranın (s.ə) şiddətli narazılığı və ifşaedici xütbələri Mədinə xalqı arasında geniş əks-səda doğurdu. Əbu Bəkr və Ömər anladılar ki, bu qəzəb və narazılığın davam etməsi onların təzə qurulan hakimiyyətinin məşruiyyətini ciddi şəkildə sual altına qoyur. Buna görə də, guya vəziyyətini soruşmaq və ziyarət etmək bəhanəsi ilə onun yanına getməyə qərar verdilər ki, zahirdə Həzrətin qəzəbini sakitləşdirsinlər və öz siyasi mənafelərini qorusunlar.
O ağır zərbələr, Həzrət Möhsünün (ə) düşməsindən əlavə, Həzrət Fatimənin (s.ə) ağır xəstələnməsinə səbəb olmuşdu. Bu hadisədən sonra Həzrət, müqəddəs şəxsiyyətinə hörmətsizlik edənlərin onunla görüşməsinə icazə vermirdi. Buna baxmayaraq, həmin iki şəxs (Ömər və Əbu Bəkr) Əmirəl-möminindən (ə) xahiş etdilər ki, Həzrət Fatimənin (s.ə) yanında onlar üçün vasitəçilik etsin.
Əmirəl-möminin (ə) bu görüş üçün öz əziz həyat yoldaşından icazə aldıqda və onlar Həzrətin yanına daxil olduqda, həmin iki nəfər soruşdular: «Ey Allahın Peyğəmbərinin qızı (s), halınız necədir?»
Həzrət Fatimə (s.ə) atasının mübarək sözünü xatırladaraq buyurdu: «Eşitməmisiniz ki, Allahın Rəsulu (s) buyururdu: Fatimə mənim bədənimin bir parçasıdır; kim onu incitsə, məni incitmişdir və kim məni incitsə, Allahı incitmişdir?»
Onlar cavab verdilər: «Bəli, eşitmişik.»
Həzrət buyurdu: «Elə isə Allaha and olsun ki, siz məni incitmisiniz.»
Onlar o böyük xanımın şiddətli qəzəbi və narazılığı ilə qarşılaşaraq oradan çıxdılar. [3]
Şəhadətin səbəbi
İmam Sadiq (ə) Həzrət Fatimənin (s.ə) şəhadətinin dəqiq tarixini və səbəbini bəyan edib.
İmam Baqir (ə) və İmam Sadiqin (ə) səhabələrindən və hədis ravilərindən olan Əbu Bəsir, İmam Sadiqdən (ə) belə rəvayət edir: «Həzrət Fatimeyi-Zəhra (s.ə) hicri qəməri tarixi ilə 11-ci il, Rəbiül-saninin səkkizində, çərşənbə axşamı günü şəhadətə çatdı. Onun şəhadətinin əsas amili, Qunfuzun o kişinin (Ömərin) əmri ilə ona vurduğu həmin zərbə idi.» [4]
Mənbələr:
- Biharul-Ənvar, cild 43, səhifə 159.
- Əvalimul-ulum vəl-məarif vəl-əhval, cild 11, səhifə 576.
- Biharul-Ənvar, cild 43, səhifə 170.
- Biharul-Ənvar, cild 43, səhifə 170.