İmam Əli (ə) hərəmi Quran mədəniyyətini təbliğ etmək məqsədilə Bəsrə vilayətində iki elmi və fikir seminarı təşkil edib.
İmam Əli (ə) hərəmindəki Fikri və Mədəni İşlər şöbəsinə tabe olan Darül-Quran mərkəzi Bəsrə vilayətinin Quran Qariləri İttifaqı ilə əməkdaşlıq çərçivəsində iki elmi seminar keçirib. Quran və etiqadi mövzuların araşdırılmasına həsr olunan bu seminarlar Darül-Quranın mədəni proqramı çərçivəsində, Quran maarifini genişləndirmək və cəmiyyətdə etiqadi anlayışları möhkəmləndirmək məqsədilə təşkil olunub.
Darül-Quran mərkəzinin xidmətçilərindən olan Şeyx Məhəmməd Fəxrəddin xəbər mərkəzinə verdiyi açıqlamada bildirib:
“İlk elmi seminar Bəsrə vilayətinin Mədinə rayonunda «Qurani-Kərimdə Uca Allahın sifətləri və onların Rəbbi tanımaqda rolu» mövzusunda keçirilib. Seminarda ağıl vasitəsilə dərk edilə bilən ilahi sifətlər, eləcə də Quran mətnlərində qeyd olunan sifətlər ətraflı şəkildə araşdırılıb”.
O əlavə edib:
“İkinci seminar isə vilayət mərkəzində «Qurani-Kərim və sünnədə Həzrət Fatimeyi-Zəhra (s.ə.); nümunə olaraq Təthir ayəsi» mövzusunda təşkil olunub. Bu seminar Xanım Zəhranın (s.ə.) şəhadətinin ildönümü ilə eyni vaxta təsadüf edib və onun Qurani-Kərimdəki məqam və mənzilətinin izahına həsr olunub”.
Hər iki seminar İmam Əli (ə) hərəmində həyata keçirilən Quran proqramının üçüncü mərhələsi çərçivəsində təşkil olunub. Hərəm bu proqramı artıq üçüncü ildir ki, İraqın bir sıra vilayətlərində həyata keçirir.
Proqramın əsas məqsədi Quran mədəniyyətini təbliğ etmək, cəmiyyətin maarif səviyyəsini yüksəltmək və Quranla bağlı mövzuların, eləcə də etiqadi məsələlərin müzakirəsi vasitəsilə düzgün dini inancları möhkəmləndirməkdir.














