Most searched:

Fəxri xidmətçilərin təltif mərasimi

Fəxri xidmətçilərin təltif mərasimi: Həzrət Əlinin (ə) hərəmində illərlə göstərilən səmimi xidmətlərin şərəfinə

İmam Əli (ə) Müqəddəs hərəmi, Əmirəl-möminin (əleyhissalam)-ın zəvvarlarına illərlə göstərilən eşq və xidmətə görə fəxri xidmətçiləri təltif etmək üçün bir mərasim keçirib.

İmam Əli (ə) Müqəddəs hərəminin Strateji Planlaşdırma və İnkişaf bölməsinin «Nəzm» mərkəzi ilə əməkdaşlıq çərçivəsində, fəxri xidmətçilər üçün nəzərdə tutulan «Qənbər» mərkəzi könüllü heyət və qurumların məsulları və üzvləri üçün təltif mərasimi təşkil edib.

Bu mərasim, «Sadiqin» (ə) həftəsinin beşinci proqramları çərçivəsində, milyonluq ziyarətlər zamanı Əmirəl-möminin (ə)-ın xidmətçilərinə dəstək göstərən şəxslərin zəhmətlərini qiymətləndirmək məqsədilə Həzrət Aminə (salamullahi əleyha)-nın səhnində keçirilib.

Təltif – xidmətin davamı üçün bir stimul

Bəsrə əyalətindən «əs-Sibt əl-Müctəba» Mədəniyyət İnstitutunun rəisi Heydər Amiri xəbər mərkəzinə verdiyi müsahibədə deyib:

«Peyğəmbər Əkrəm (səllallahu əleyhi və alih)-in və nəvəsi İmam Sadiqin (ə) mövlud günləri ilə üst-üstə düşən bu təltif, heyət və qurumların göstərdiyi səylərin qiymətləndirilməsidir. Bu addım, yolun davam etdirilməsi və hörmətli zəvvarlara ən yaxşı xidmətlərin göstərilməsi üçün bir stimul olacaq.»

Ruh rahatlığı, təhlükəsizlik və iftixar hissi

Babil əyalətindən olan, 70 yaşlı fəxri xidmətçi və İmam Hüseyn (ə) xidmətçiləri heyətinin üzvü Mənsur Ətiyyə əl-Cuvəri deyib:

«Ruh rahatlığı, təhlükəsizlik və ilahi bir müvəffəqiyyət hissi keçirirəm. 10 ildən çoxdur ki, hörmətli zəvvarlara xidmət edirəm və bu mübarək xidmətlə fəxr edirəm. Əcəlim çatana qədər bu xidmətdən əl çəkməyəcəyəm. Ümid edirəm ki, ömrümün sonu da xidmət halında olar.»

Fəxri medal və böyük bir gün

Zi-Qar əyalətindən olan, 50 yaşlı fəxri xidmətçi və «İmam Abbasın (ə) aşiqləri» movkibinin üzvü Cavad Kazım Həmzə isə belə deyib:

«Məni 10 ildən çox bu şərəfə nail olmağa və xidmət yolunda qalmağa sövq edən amil, Əhli-beytə (ə) olan məhəbbətim və onlardan nümunə götürməyimdir. Bu gün mənim üçün böyük bir gündür; çünki bu gün Ələviyyə hərəmində təltif olunmaq şərəfi mənə nəsib oldu.»

10 illik xidmət şərəfi

Həmçinin Qədisiyyə əyalətindən olan 66 yaşlı xidmətçi və «Şəbab Zeynəb əl-Kübra (ə)» heyətinin üzvü Hatəf Kövsər əl-Ğurabi bu heyətə qoşulduğu 2016-cı ildən bəri fəaliyyətindən danışaraq, bu təltif mərasimində qürur və sevinc hissi keçirdiyini ifadə edib.

Tarixin ən böyük şəxsiyyətinə xidmət

Həzrət Qasım (ə) şəhərindən olan 73 yaşlı Talib Əbd Həmadi əl-Cüburi isə deyib:

«11 il əvvəl bu müqəddəs məkanda xidmətə başladım. Əmirəl-möminin (ə)-ın zəvvarlarına xidmət etmək böyük bir şərəfdir; o kəs ki, bizim dünyada və axirətdə şəfiimiz və tarixin ən böyük şəxsiyyətidir. Bu gün təltif olunmaq şərəfinə nail olduğum üçün keçirdiyim hissləri ifadə etmək mümkün deyil.»

Qeyd etmək lazımdır ki, bu təltif mərasimi İraqın müxtəlif əyalətlərindən 40 qurum və könüllü heyəti təmsil edən mindən çox fəxri xidmətçi üçün keçirilmişdir.

 

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir