İmam Əli (ə) hərəmi Nəcəf-Əşrəf şəhərində 1500-dən çox Hüseyni xidmət məntəqəsinə ərzaq məhsulları və içməli su paylamaqla dəstək göstərməyə başlayıb.
Hüseyni xidmət məntəqələrinə dəstək komitəsi imam Hüseynin (ə) Ərbəin mərasimində iştirak edən xidmət məntəqələri arasında zəruri ləvazimatların paylanmasına başlayıb.
Bu layihə çərçivəsində Nəcəf şəhərinin qədim hissəsində və Əmirəlmöminin imam Əlinin (ə) müqəddəs hərəminin ətrafında yerləşən xidmət məntəqələri arasında ərzaq məhsulları və içməli su paylanır. Bu addım Nəcəf-Əşrəf şəhərində Ərbəin ziyarətinə gələn milyonlarla zəvvara göstərilən xidmətlərin dəstəklənməsi məqsədi daşıyır.
Hüseyni xidmət məntəqələrinə dəstək komitəsinin rəhbəri Əhməd Nəcm ər-Rukəbi bu barədə deyib: «Komitə 1500-dən çox Hüseyni xidmət məntəqəsi arasında ərzaq məhsullarının paylanması layihəsini həyata keçirməyə başlayıb. Bu xidmət məntəqələri şəhərin qədim hissəsinə aparan yolların üzərində və Əmirəlmöminin imam Əlinin (ə) müqəddəs hərəminin ətrafında yerləşir».
O əlavə edib: «Hər bir xidmət məntəqəsi üçün nəzərdə tutulan yardım payına düyü, yağ, tomat pastası və digər ərzaq məhsulları daxildir. Həmçinin xidmət məntəqələrinin ehtiyac duyduğu içməli su da təmin edilir. Bununla onların milyonlarla ziyarətçinin iştirakı ilə keçirilən bu ziyarət günlərində zəvvarlara ən yaxşı xidmətləri göstərmək imkanlarının artırılması hədəflənir».
Hüseyni xidmət məntəqələrinə dəstək komitəsi sahə proqramına əsasən ərzaqların paylanmasını elə həyata keçirir ki, dəstək proqramına daxil olan bütün xidmət məntəqələri bu yardımdan faydalana bilsin. Bu tədbir könüllü və xidmət fəaliyyətlərinin gücləndirilməsi, eləcə də imam Hüseynin (ə) Ərbəin mərasiminin daha möhtəşəm keçirilməsinə töhfə vermək məqsədilə həyata keçirilir.











