Most searched:

Nəhcül-bəlağənin

İmam Əli (ə) hərəmi tərəfindən Nəhcül-bəlağənin nəfis nüsxəsinin hazırlanması layihəsi təqdim olundu

İmam Əli (ə) hərəmi Nəhcül-bəlağə kitabının nəfis nüsxəsinin hazırlanması layihəsini təqdim edib.

İmam Əli (ə) hərəminin Fikir və Mədəniyyət İşləri Bölməsi, hərəmin qəyyumu Seyid İsa əl-Xərsanın nəzarəti altında Nəhcül-bəlağənin nəfis bir nüsxəsinin hazırlanmasına başlamışdır. Bu təşəbbüs İslam dünyasında öz növünə görə ilk layihə kimi təqdim olunur.

Bədii orijinallıqla müasir zövqün vəhdəti

Fikir və Mədəniyyət İşləri Bölməsinin rəhbəri Kərrar Casib hərəmin Xəbər Mərkəzinə verdiyi müsahibədə bildirib:

Bölmə Əmirəl-möminin imam Əli ibn Əbu Talibdən (ə) nəql olunmuş qiymətli əsər olan Nəhcül-bəlağənin dəyərli bir nüsxəsinin hazırlanması layihəsinə başlamışdır. Bu layihə bədii orijinallığı müasir oxucunun ehtiyacları və zövqü ilə uzlaşdıran xüsusi nəşrlər və əsərlər silsiləsinin bir hissəsidir.

O əlavə edib:

Bu yeni nüsxə seçkin və nadir layihədir. İndiyədək belə yüksək səviyyədə nizam-intizam, dəqiqlik və diqqətlə həyata keçirilmiş oxşar bir işə rast gəlinməmişdir.

Kərrar Casib həmçinin qeyd edib ki, imam Əli (ə) hərəmi ötən illər ərzində Nəhcül-bəlağə kitabına çoxsaylı xidmətlər göstərmiş, bu istiqamətdə müxtəlif əsərlər yazılmış, tədqiqatlar aparılmış və ixtisaslaşmış göstəricilər hazırlanmışdır.

O vurğulayıb ki, layihənin əsas məqsədi müasir oxucunun zövqünə uyğun olmaqla yanaşı, İslam irsinin orijinallığını da qoruyub saxlayan nəfis və yüksək səviyyəli bir nüsxə təqdim etməkdir. Onun sözlərinə görə, bu, imam Əli (ə) hərəminin birbaşa nəzarəti və xüsusi diqqəti ilə hazırlanan ilk nüsxədir.

Hərəmin xəttatı Hazim əl-Hillu isə bildirib:

«Bu layihədə xəzinəlik əlyazmaların hazırlanmasında istifadə olunan orijinal və ənənəvi üsullardan yararlanılacaq. Kağız, mürəkkəb, qələm və bəzək elementlərinin hamısı xüsusi təbii materiallardan seçiləcək ki, onlar Qurani-Kərimin və digər nəfis əsərlərin köçürülməsində istifadə olunan xəttatlıq məktəbləri və qədim ənənələrlə tam uyğunluq təşkil etsin.

Üç cilddə hazırlanacaq

Hərəmin xəttatı Hazim əl-Hillu bildirib:

Bu layihənin icrası təxminən bir il davam edəcək və burada imam Əli (ə) hərəminin ən görkəmli xəttatlarından ibarət bir qrup iştirak edəcək. Bu əsər qədim və orijinal əlyazma nüsxələrində olduğu kimi, mötəbər xəttatlıq məktəblərinin prinsipləri əsasında üç cilddə hazırlanacaq.

O əlavə edib ki, hər səhifə 14 sətirdən ibarət olacaq. Bu say on dörd məsumun (ə) mübarək adlarına təbərrük və ehtiram niyyəti ilə seçilmişdir.

Layihənin mədəni və elmi əhəmiyyəti

Qeyd etmək lazımdır ki, Nəhcül-bəlağə İslam irsinin ən mühüm fikir, ədəbi və mərifət mənbələrindən biri hesab olunur. Bu əsərdə imam Əli ibn Əbu Talibin xütbələri, məktubları və hikmətli kəlamları toplanmışdır.

Buna görə də, İmam Əli (ə) hərəminin himayəsi ilə həyata keçirilən bu nəfis nüsxənin hazırlanması layihəsi xüsusi mədəni, elmi və mənəvi əhəmiyyət daşıyır. Bu təşəbbüs İslam irsinin qorunmasına, Nəhcül-bəlağənin daha geniş şəkildə tanıdılmasına və gələcək nəsillərə yüksək səviyyədə çatdırılmasına mühüm töhfə verəcəkdir.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir