Most searched:

Əlinin (ələyhis-səlam) vilayəti

Əlinin (ələyhis-səlam) vilayəti və həzrət Fatimənin kəraməti həzrət Məsumənin (səlamullahi ələyha) vücudunda

Həzrət Fatimə Məsumə (salamullahi əleyha) Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) pak nəslindən olan və Əmirəlmöminin (ələyhis-səlam) vilayətinin qoynunda tərbiyə almış bir xanımdır. Müxtəlif rəvayətlərdə həzrət Məsumənin (salamullahi əleyha) misilsiz mənəvi məqamı bəyan edilmişdir. Elə bir xanım ki, onun ziyarəti imam Rzanın (ələyhis-səlam) ziyarəti ilə bərabər tutulmuşdur və Qum şəhəri onun bərəkəti sayəsində “Əhli-beytin hərəmi” adlandırılmışdır.

Həzrət Fatimə Məsumənin (salamullahi əleyha) Əhli-beyt arasındakı mövqeyi vilayət ilə mənəviyyatın dərin bağlılığının bir təcəllisidir ki, Qumu Əhli-beyt sevənlərinin etibarlı ziyarətgahına çevirmişdir. Nəql olunan rəvayətlər göstərir ki, həzrət Məsumənin (səlamullahi ələyha) adı və məqamı mövla Əmirəlmömininin (ələyhis-səlam) adı və onun şiələrinin fəziləti ilə qırılmaz şəkildə bağlıdır.

Doğum tarixi və yeri

Həzrət Fatimə Məsumə (səlamullahi ələyha), imam Musa Kazimin (ələyhis-səlam) əziz qızı və imam Rzanın (ələyhis-səlam) bacısı olaraq hicri 173-cü ilin Zilqədə ayının ilk günündə Mədinə şəhərində dünyaya göz açmışdır.

İmam Kazimin (ələyhis-səlam) otuz yeddi övladı olmuşdur. Onların arasında imam Rza (ələyhis-səlam) və bacısı həzrət Məsumə (səlamullahi ələyha) eyni anadan—Nəcmə (ya Tüktəm, yaxud Ərva kimi də tanınan və Ümmül-bənin ləqəbi ilə məşhur olan xanımdan) dünyaya gəlmişlər. (1-2)

Əmirəlmömininin (ələyhis-səlam) vilayəti və onun şiələrinin nicatı

Həzrət Fatimə Məsumə (səlamullahi ələyha), imam Kazimin (ələyhis-səlam) qızı olaraq pak nəsildən olan analarından—imam Sadiqin qızı Fatimə, İmam Baqirin qızı Fatimə, İmam Səccadın qızı Fatimə, imam Hüseynin qızı Fatimə və Əmirəlmömininin qızı Ümmü Gülsümdən—onlar da həzrət Fatimə Zəhradan (səlamullahi ələyha) belə nəql edirlər ki, o buyurmuşdur:

“Allahın Peyğəmbərindən (səllallahu ələyhi və alih və səlləm) eşitdim ki, buyurdu: Məni səmaya apardıqları və cənnətə daxil etdikləri zaman birdən içi boş, ağ inci dənəsindən tikilmiş bir saray gördüm. Onun elə bir qapısı vardı ki, inci və yaqutla bəzədilmiş, üzərinə də bir pərdə asılmışdı. Başımı qaldırdım; qapının üstündə belə yazılmışdı:
“La ilahə illəllah, Məhəmməd Allahın Rəsuludur və Əli insanların vəlisi və rəhbəridir.”

Pərdədə isə belə yazılmışdı: “Afərin! Əlinin şiələri kimi kim var?”

Sarayın içinə girdim. Başqa bir saray gördüm—içi boş qırmızı əqiqdən tikilmiş, gümüş qapılı və yaşıl zümrüdlə bəzədilmiş, üzərinə pərdə asılmışdı. Baxdım; qapının üstündə belə yazılmışdı: “Məhəmməd Allahın Rəsuludur və Əli onun seçilmiş vəsisidir.”

Pərdədə isə belə yazılmışdı: “Əlinin şiələrinə paklıq və halalzadəlik müjdəsi olsun!”

Yoluma davam etdim və içi boş yaşıl zümrüddən olan başqa bir saraya daxil oldum ki, ondan daha gözəlini heç görməmişdim. Onun qapısı qırmızı yaqutdan idi və mirvari ilə bəzədilmişdi, üzərində də bir pərdə vardı. Başımı qaldırdım; pərdədə belə yazılmışdı: “Əlinin şiələri nicat tapanlar və qalib gələnlərdir!”

Soruşdum: “Ey Cəbrail, bu saraylar kimə məxsusdur?”

Dedi: “Ey Məhəmməd! Bunların hamısı sənin əmioğlun və vəsin Əli ibn Əbi Talib üçündür. Qiyamət günü insanlar ayaqyalın və çılpaq halda məhşur olunacaqlar, yalnız Əlinin şiələri istisna olmaqla. Həmçinin insanlar o gün analarının adı ilə çağırılacaqlar, amma Əlinin şiələri atalarının adı ilə çağırılacaqlar.”

Dedim: “Ey Cəbrail! Bunun səbəbi nədir?”

Dedi: “Çünki onlar Əlini sevirlər və onların doğumu pak və halaldır.” (3)

Əmirəlmöminindən (ələyhəs-səlam) dəfn yerinin öncədən xəbər verilməsi

Məsum imamlarımızdan nəql olunan rəvayətlərə görə, illər öncə Həzrətin Qum şəhərində dəfn olunacağı xəbər verilmişdir. Bu rəvayətlər həm Əmirəlmöminin (ələyhəs-səlam), həm İmam Sadiq (ələyhəs-səlam), həm də İmam Rzadan (ələyhəs-səlam) nəql olunmuşdur.

Həmədanlı fəqih Əbu Abdullah “əl-Büldan” kitabında belə nəql edir ki, Əbu Musa Əşəri Əmirəlmöminindən (ələyhəs-səlam) soruşdu:

“Fitnə və müharibələrin baş verdiyi zaman ən təhlükəsiz şəhər və ən yaxşı məkan hansıdır?”

Həzrət buyurdu:

“Belə zamanlarda ən təhlükəsiz məkanlar Cəbəl diyarıdır (Qum). Xorasanın vəziyyəti qarışdıqda, Qorqan və Mazandaran əhli arasında müharibə baş verdikdə və Sistan xarab olduqda, bu dövrdə ən təhlükəsiz yer Qum məntəqəsi olacaqdır. Bu, elə bir şəhərdir ki, oradan həzrət Məhdi (əccələllahu təala fərəcəhüş-şərif) üçün köməkçilər və ən yaxşı insanlar çıxacaqlar. Bu şəhər Cəbrailin ayaq basdığı yerdir və orada elə bir su qaynağı vardır ki, kim ondan içsə, hər cür xəstəlikdən amanda qalar.” (4)

Mənbələr

[1] Biharul-ənvar, Əllamə Məclisi, cild 101, səhifə 121.
[2] Vəfəyatul-əimmə, səhifə 313.
[3] Biharul-ənvar, cild 65, səhifə 79 / əl-Müsəlsəlat, səhifə 241.
[4] Biharul-ənvar, cild 57, səhifə 217 / Səfinətül-bihar, cild 7, səhifə 359
.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir