İmam Əli (ə) hərəmi, Minab şəhərindəki “Şəcərəyi-Təyyibə” məktəbinin şəhid ailələrini ehtiramla qəbul edib qonaq etdikdən sonra, xüsusi mərasimlə onları yola saldı.
İmam Əli (ə) hərəmi İranın Minab şəhərində yerləşən “Şəcərəyi-Təyyibə” məktəbinin şəhid ailələrinə ev sahibliyi məqsədilə hazırladığı xüsusi proqramı bir neçə gündən sonra başa çatdırdı. Bu proqram şəhidlərin fədakarlıqlarını uca tutmaq və onların dəyərli ailələrinə ehtiram göstərmək məqsədilə təşkil edilmişdi.
Həmçinin bu ailələrin İrandakı yaşayış yerlərindən İraqa gətirilməsi və Nəcəf Beynəlxalq Hava Limanı vasitəsilə geri qaytarılması üçün bütün zəruri xidmət və dəstək tədbirləri təmin olunmuşdu.
Şəhid ailələrinin karvanının yola salınması mərasimində imam Əli (ə) hərəminin idarə heyətinin üzvü Heydər əl-İsavi iştirak etmişdir.
100-dən çox ailəni və 350-dən artıq şəxsi əhatə edən bu proqram çərçivəsində rəsmi ehtiram və təltif mərasimi keçirilmiş, həmin mərasimdə imam Əli (ə) hərəmi şəhidlərin və onların ailələrinin fədakarlıqlarını yüksək qiymətləndirmişdir.
Proqram çərçivəsində iştirakçılar üçün bir həftə ərzində İraqın müqəddəs ziyarətgahlarına səfərlər də təşkil edilmişdir. Bu ziyarətlərə həzrət Əmirəlmöminin Əlinin (ə) müqəddəs hərəmi, Kufə Məscidi, müqəddəs Kərbəladakı imam Hüseyn (ə) və həzrət Əbbasın (ə) hərəmləri, eləcə də Kazimeyndəki imam Kazim (ə) və imam Cavadın (ə) hərəmləri, həmçinin Samirradakı imam Hadi (ə) və imam Həsən Əskərinin (ə) hərəmləri daxil idi.
Qonaq ailələr də göstərilən səmimi qəbul, xidmət və davamlı dəstəyə görə imam Əli (ə) hərəminə təşəkkür etmiş, bu təşəbbüsün onların mənəvi durumuna dərin təsir göstərdiyini, əzizlərini itirməyin ağrı-acısını müəyyən qədər azaltdığını və şəhid övladlarının fədakarlıqlarının xatirəsini yaşatdığını vurğulamışlar.
Bu qonaqpərvərlik proqramı imam Əli (ə) hərəminin rəhbərliyi tərəfindən müharibədən zərər çəkmiş İran vilayətlərinə səfər zamanı imzalanmış birgə əməkdaşlıq memorandumuna əsasən həyata keçirilmişdir.
Memorandum şəhid ailələri, o cümlədən bu zərərçəkmiş məktəbin şəhid ailələri üçün İraqın müqəddəs ziyarətgahlarına səfərlərin təşkilini, zərərçəkmiş ailələrə humanitar və yardım dəstəyinin göstərilməsini, Dezful şəhərində yerləşən Seyid Məhəmməd ibn imam Musa Kazim (ə) ziyarətgahının bərpası və qızıl örtüklə bəzədilməsi işlərində iştirak etməyi, eləcə də digər humanitar xidmətlərin göstərilməsini nəzərdə tutur.







