Bu yazıda «imam Əli (ə) haqqında ayələr» silsiləsindən həzrət Əmirəlmöminin Əlinin (ə) şənində nazil olmuş və «Leylətül-məbit» hadisəsinə dəlalət edən ayəyə nəzər salırıq.

Əmirəlmöminin Əli (ə) Xatəmül-Ənbiya həzrət Məhəmmədin (s) göstərişi ilə onun yatağında yatdı ki, Allah Rəsulunun (s) canı qorunsun. Düşmənlər onu yataqda gördükdə elə güman etdilər ki, Peyğəmbər (s) hələ də evdədir. Bu hadisə nəticəsində Allahın Rəsulu (s) Məkkədən hicrət edə bildi.
Allah-Taala bu hadisə haqqında belə buyurdu:
وَمِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ
İnsanlar içərisində elələri də vardır ki, Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. (Bəqərə, 207)
Bu gün müzakirə olunan ayə Bəqərə surəsinin 207-ci ayəsidir.
Bu ayə İslam təfsir mənbələrinin çoxunda həzrət Əlinin (ə) Peyğəmbərin (s) yatağında yatdığı Leylətül-məbit hadisəsi ilə əlaqələndirilmiş və onun Allah yolunda misilsiz fədakarlığının göstəricisi kimi təqdim edilmişdir.
Allah-Taala Bəqərə surəsinin 207-ci ayəsində buyurur:
وَ مِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَاللَّهُ رَؤُوفٌ بِالْعِبَادِ
İnsanlar arasında elələri vardır ki, Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah isə bəndələrinə qarşı çox şəfqətli və mehribandır.
İmam Zeynülabidin (ə) buyurmuşdur:
Bu ayə Əmirəlmöminin Əlinin (ə) şənində, o Həzrətin Allah Rəsulunun (s) yatağında yatdığı zaman nazil olmuşdur. [1]
İmam Səccaddan (ə) başqa bir rəvayətdə nəql olunur:
Allahın razılığı yolunda canını fəda edən ilk şəxs Əli ibn Əbu Talib (ə) olmuşdur. Müşriklər Peyğəmbəri (s) yatağında görmədikdə onu öldürmək üçün axtarmağa başladılar. Bu zaman Əmirəlmöminin Əli (ə) Peyğəmbərin (s) yatağından qalxdı. [2]
İmam Hadi (ə)
İmam Həsən Əskəri (ə) öz atasından nəql edir ki, o Həzrət Qədir Xum günü Əmirəlmöminini (ə) belə ziyarət edərdi:
«Salam olsun sənə, ey Möminlərin Əmiri! Salam olsun sənə, ey vəsilərin ağası!… O zaman ki, Peyğəmbər (s) sənə öz yatağında uzanmağı və öz canını onun qorunması yolunda sipər etməyi əmr etdi, sən dərhal onun istəyini qəbul etdin və öldürülməyə hazır oldun. Buna görə də Uca Allah
وَ مِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ
ayəsini nazil etməklə sənin itaətini uca tutdu, əməlinin gözəlliyini aşkar və aydın şəkildə bəyan etdi.» [3]
İbn Abbasdan (r.ə) nəql olunmuşdur:
Peyğəmbər (s) Əmirəlmöminin Əliyə (ə) öz yatağında yatmağı əmr etdi və özü oradan ayrıldı. Əli ibn Əbu Talib (ə) Peyğəmbərin (s) yaşıl örtüyünü üstünə çəkib yatdı.
Düşmənlərdən bəziləri dedilər:
Hücum edin!
Digərləri isə dedilər:
İndi yatıb, əgər qaçmaq istəsəydi, indiyə qədər qaçmış olardı.
Səhər açıldıqda Əmirəlmöminin Əli (ə) yataqdan qalxdı. Onu tutub soruşdular: Məhəmməd (s) haradadır?
O buyurdu: Bilmirəm.
Allah-Taala Əmirəlmöminin Əlinin (ə) Peyğəmbərin (s) yatağında yatması haqqında bu ayəni nazil etdi:
وَ مِنَ النَّاسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ
İnsanlar arasında elələri vardır ki, Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. [4]
Əmirəlmöminin Əli (ə) buyurmuşdur:
Bu ayədən məqsəd, yaxşılığa əmr etmək və pislikdən çəkindirmək yolunda öldürülən hər bir şəxsdir. [5]
Bu bəyan göstərir ki, ayə xüsusi olaraq həzrət Əlinin (ə) şənində nazil olsa da, onun hökmü Allahın razılığı uğrunda canını fəda edən bütün insanlara şamildir.
Əli ibn İbrahim əl-Qummi (r.ə)demişdir:
Bu ayədə məqsəd Əmirəlmöminin Əlidir (ə).[6]
Mənbələr
[1] Təfsir Əhlül-beyt (əleyhimus-səlam), c. 2, s. 108; Biharül-ənvar, c. 19, s. 54; əl-Əmali (Şeyx Tusi), s. 446.
[2] Təfsir Əhlül-beyt (əleyhimus-səlam), c. 2, s. 108; əl-Mənaqib, c. 2, s. 64; Şəvahidut-tənzil, c. 1, s. 130.
[3] Təfsir Əhlül-beyt (əleyhimus-səlam), c. 2, s. 108; Biharül-ənvar, c. 97, s. 367.
[4] Təfsir Əhlül-beyt (əleyhimus-səlam), c. 2, s. 108; Rövzətül-vaizin, c. 1, s. 107.
[5] Təfsir Əhlül-beyt (əleyhimus-səlam), c. 2, s. 110; Vəsailüş-şiə, c. 15, s. 143; Müstədrəkül-vəsail, c. 12, s. 179.
[6] Təfsir Əhlül-beyt (əleyhimus-səlam), c. 2, s. 108; Biharül-ənvar, c. 36, s. 40; Təfsir əl-Qummi, c. 1, s. 70; Nurüs-səqəleyn; əl-Burhan.