Most searched:

Qurban bayramı

Əmirəl-möminin Əlinin (ələyhis-salam) Qurban bayramı xütbəsi

Qurban bayramı – bəndəliyin, ixlasın və Rəbb qarşısında təslimiyyətin rəmzi – həmişə dini və əxlaqi öyüdləri xatırlatmaq üçün dəyərli bir fürsət olmuşdur. Əmirəl-möminin Əlinin (ələyhis-salam) Qurban bayramı xütbəsi hikmət və irfanın parlaq bir nümunəsidir.

Qurban bayramı günü Əmirəl-möminin (ələyhis-salam) dini məarifi, şəri hökmləri və əxlaqi öyüdləri özündə birləşdirən çox dolğun və mənalı bir xütbə söyləmişdir. Bu xütbə Allahın sonsuz həmd və sənası ilə başlayır və Rəbbin sifətlərinin əzəməti, təqvanın zəruriliyi, dünyanın keçiciliyi, möminlərin Yaradana və məxluqata qarşı vəzifələri kimi mövzulara toxunur.

Uca Allahın həmdi və sənası

Əbdurrəhman ibn Cündəb – atası Cündəb ibn Abdullahdan hədis rəvayət edən şəxsdir. O, tabiin alimlərindən və Əmirəl-mömininin (ələyhis-salam) səhabələrindən sayılır.

Atasından rəvayət edir ki, Əmirəl-möminin Əli (ələyhis-salam) Qurban bayramı günü bir xütbə oxudu. Sonra təkbir deyib buyurdu:

“Allahu Əkbər, Allahu Əkbər, La ilahə illəllah, Vəllahu Əkbər, Allahu Əkbər, Və lillahil-həmd.” (Allah ən böyükdür, Allah ən böyükdür, Allahdan başqa heç bir tanrı yoxdur, Allah ən böyükdür, Allah ən böyükdür, həmd Ona məxsusdur.)

Həmd o Allaha məxsusdur ki, bizi bu yola (imana və hidayətə) yönəltdi; şükür də Ona məxsusdur ki, bizi (imanla) sınadı; həmd-səna da Allaha məxsusdur ki, bizə dördayaqlı heyvanlardan (qurbanlıqlardan) ruzi verdi.”

Allahın böyüklüyü və sifətləri

İmam Əli (ələyhis-salam) buyurduğu xütbənin davamında belə buyurdu:

Allahu Əkbər – Allahın ərşinin ağırlığı (və ya böyüklüyü) qədər, Onun razılığı (məhəbbəti) qədər, kəlmələrinin cazibəsi (və ya genişliyi) qədər, göylərin damlaları və dənizlərin çilənmələri (qatraları) sayınca (O, böyükdür). Gözəl adlar Ona məxsusdur, həmd və şükür də dünyada və axirətdə Ona aiddir. O, razı olsun deyə (və ya razı olana qədər), hətta razılığından da artıq (dərəcələrə çatsın deyə). Həqiqətən, O, uca (əzəmət sahibi) və böyükdür.”

Allah hər şeydən böyükdür. O, böyük və təkəbbürlüdür; qüdrətli bir Rəbbdir, izzət sahibidir, mərhəmətli və qayğıkeşdir, rəhməti hər şeyi əhatə etmişdir. O, tövbəni qəbul edən, xətaları bağışlayandır. Elə ki, bəndələri hələ də (günaha) gücü çatarkən, (onların günahlarına) əfv qələmini çəkir. Allahın rəhmətindən ancaq azğınlar (doğru yoldan çıxanlar) ümidlərini kəsər.

Allahın təkliyinə və peyğəmbərliyə şəhadət

Əmirəl-möminin (ələyhis-salam) Rəbbinə həmd və səna etdikdən sonra Allahın birliyi barədə belə buyurdu:

Allah böyükdür, çox böyükdür. Mən ürəkdən (ixlasla) şəhadət verirəm ki, Uca Allahdan başqa heç bir tanrı yoxdur. Hər səhər və hər axşam Onu təsbih edir, Ona dua edirəm.

Həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, Ondan kömək diləyir, Ondan bağışlanma və hidayət istəyirik. Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur; O, təkdir, heç bir şəriki yoxdur. Həmçinin şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir.”

Hər kim Allaha və Onun Rəsuluna itaət etsə, şübhəsiz ki, doğru yola yönəlmiş və böyük bir qurtuluşa (nicata) nail olmuşdur. Hər kim Allaha və Onun Peyğəmbərinə asi olsa (üsyan etsə), əlbəttə ki, uzaq bir azğınlığa (düz yoldan çıxmağa) düçar olmuşdur.

Dünyanın dəyişkənliyinə (keçiciliyinə) dair xəbərdarlıq

İmam Əli (ələyhis-salam) Qurban bayramı xütbəsinin davamında dünyanın keçiciliyi barədə buyurdu:

Ey Allahın bəndələri! Sizi Allaha qarşı təqvaya və ölümü çox yad etməyə vəsiyyət edirəm. Elə bir dünyadan çəkinin (özünüzü qoruyun) ki, sizdən əvvəlki insanlar ondan heç bir ləzzət almadılar (könülləri doymadı) və sizdən sonra da heç kəs üçün qalmayacaq. Bilin ki, onun içində olanların aqibəti də keçmişdəkilərin aqibəti kimidir.

Ağah olun! Sanki dünya (artıq) sona çatmış və öz vida mərasimini elan etmişdir. Onun gözəllikləri (xeyirləri) tanınmamış qaldı. O, sevənlərinə tezliklə arxa çevirib keçib gedir. Məhv (yoxluq) onunla qarışmışdır və ona yaxın olanları (özünə bağlı olanları) ölümə sürükləyir.

Əbədi səfərə hazırlığa dəvət

Əmirəl-möminin (ələyhis-salam) bu dünyanın fani olması və axirət cəzası barədə poetik ifadələrlə xütbəsinin davamında belə buyurdu:

Dünyada şirin görünən şeylər (axırda) acı olar; nə qədər saf və zülal olsa da, sonradan qaranlığa (bulanıqlığa) dönər. Dünyadan (qalan şey) qabın dibində qalan suyun qalığı və ya bir qurtum sudan artıq qalmaz. O qədər azdır ki, əgər susuz bir kimsə onu dadsa, susuzluğu yox olmaz (sönməz).”

Elə isə, ey Allahın bəndələri, (bu dünyadan) köçüb getməyə hazırlaşın və dünyanı tərk etməyə qəti əzm qoyun. Çünki heç bir diri əbədi qalmağa tamahkar deyil və elə bir can yoxdur ki, ölüm əmrini boynuna almasın. Ehtiyatlı olun ki, arzu (həvəs) sizə qalib gəlməsin və ömrün sonunu, əcəlinizdən uzaq güman etməyin (uzaq sanmayın). Çünki bunun nəticəsində daşürəkli olarsınız. Arzuların, şeytanın hiylə və vədlərinə aldanmayın. Həqiqətən, şeytan sizin düşməninizdir və sizin həlakınıza (məhv olmağınıza) çox hərisdir.

Yaşadığın müddətcə Allaha ibadət et

Əmirəl-möminin (ələyhis-salam) daha sonra belə izah etdi:

Ey Allahın bəndələri, nə qədər ki sağsınız, Allaha ibadət edin. Allaha and olsun ki, əgər siz balası ölmüş dəvələr kimi nalə çəksəniz (inləyib ağlasanız), qəmli göyərçinlər kimi səsiniz ucalara qədər getsə, guşənişin rahiblər (zahidlər) kimi dünyadan əl çəkib fəryad və zari edib ağlasanız, Allah yanında yaxınlıq (qürb) və ya dərəcə-məqam qazanmaq, yaxud da ilahi katiblərin yazdığı və mələklərin qeydə aldığı günahlarınızın bağışlanmasını istəmək üçün malınızdan və övladınızdan Allah yolunda keçsəniz (imtina etsəniz), bütün bunlar Uca Allah dərgahından ümid etdiyiniz savabın və qorxduğunuz əzabın müqabilində (hələ də) azdır.

İnsanın əməlinin ilahi nemətlər qarşısında acizliyi

Əmirəl-möminin (ələyhis-salam) Uca Haqqın nemətlərinin əzəmətini təsvir edərək buyurdu:

Allaha and olsun ki, əgər qəlbləriniz Allahın qorxusundan tamamilə ərisə (əzab içində yansa), gözləriniz Onun qorxusundan yaş töküb ağlasa, sonra da dünyanın ömrü qədər yaşayıb ən yaxşı əməlləri yerinə yetirsəniz, yenə də sizin əməlləriniz Allahın sizə verdiyi böyük nemətlərin yanında heç olar (onlara bərabər olmaz). Siz ancaq Allahın rəhməti və lütfü ilə cənnətə layiq olarsınız.

Allah bizim hamımızı (sizi və bizi) saleh (ədalətli), tövbə edən və Öz dərgahına qayıdan bəndələrindən etsin.

Bu günün bərəkəti və hörməti

İmam Əli (ələyhis-salam) Qurban bayramı gününü böyük bir gün olaraq qeyd etmiş və onun ədəb və əməllərini hamıya xatırladaraq buyurmuşdur:

Bilin ki, bu gün elə bir gündür ki, çox böyük bir ehtirama malikdir, onun bərəkəti ümid edilir (gözlənilir) və bu gün günahların bağışlanması ümid olunur.

Elə isə, Allahı çoxca zikr edin. Tövbə, nalə, təvazö və təzərrö (yalvarış) ilə özünüzü Onun savabına layiq edin. Çünki O, bəndələrinin tövbəsini qəbul edən, günahları bağışlayandır və möminlərə qarşı mehriban, möminləri sevəndir.

Qurbanlığın hökmləri və ədəbləri, nemətə şükür etmək

Əmirəl-möminin (ələyhis-salam) xütbəsinin davamında buyurdu:

Əgər sizlərdən kimsə qurban kəsəcəksə, qoyun cinsindən bir quzunu qurban kəssin. Bir çəpiş qurban kəsmək isə bu qurbanın əvəzini verməz (ona bərabər olmaz).

Qurbanın kamil olmasının əlamətlərindən biri də onun gözünün və qulağının sağlam olmasıdır. Əgər onun gözü və qulağı sağlamdırsa, qurban düzgün və tamamdır. Lakin əgər buynuzu sınıqdırsa və ya qurban kəsərkən ayağını yerə sürüyərsə (yəni öz ayağı üstə dura bilməzsə), bu (qurban) kifayət etməz. Qurban mərasimini həyata keçirdiyiniz zaman qurbanın əti özünüz də yeyin, başqalarına da yedirdin və bir hissəsini də saxlayın (ehtiyat üçün). Allaha şükür edin ki, O, sizə dördayaqlı heyvanların ətini ruzi olaraq verdi.

Namaza, zəkata və digər vacibatlara tövsiyə

Əmirəl-möminin (ələyhis-salam) buyurdu:

Namaz qılın, zəkat verin, ibadəti (Allaha bəndəliyi) tam və gözəl şəkildə yerinə yetirin. Haqqa və ədalətə şəhadəti (şahidliyi) qoruyub saxlayın. Allahın sizə vacib etdiyi şeylərə (ibadətlərə) həvəs və istəklə bağlanın.

Həcc, oruc, namaz, zəkat və imanın əlamətləri olan – Allahın sizə vacib etdiyi – digər ibadətləri yerinə yetirin. Çünki Allahın savabı böyükdür, xeyir və bərəkəti isə çoxdur.

Əmr bil-məruf (yaxşı işlərə əmr etmə) və nəhy ənil-münkər (pis işlərdən çəkindirmə) edin. Gücsüzə və zəifə kömək edin, məzluma yardım edin və zalımın, insanları şübhə və təşvişə salan kəsin qarşısını alın.

Gözəl rəftar, doğruçuluq və cihad

Xütbənin sonlarına yaxın imam Əli (ələyhis-salam) orada olanları qadınlarla yaxşı rəftar etməyə dəvət edərək buyurdu:

Qadınlarınız və qullarınız (kənizləriniz) ilə gözəl rəftar edin. Danışıqda doğruçu olun, əmanətləri sahiblərinə qaytarın, əhdə (vədə, peymana) vəfa edin. Haqq və ədaləti qorumaqda səbatlı (möhkəm) olun. Ölçüdə və çəkidə (tərəzidə) tam (əskiltmədən) verin. Allah yolunda elə cihad edin ki, Ona laiq cihad olsun. Dünya həyatı sizi aldatmasın və o hiyləgər şeytan sizi Allaha qarşı qürurlandırıb aldatmasın.

Xütbənin Quran tilavəti ilə tamamlanması

Əmirəl-möminin (ələyhis-salam) mühüm xütbəsini bu sözlərlə yekunlaşdırdı:

Şübhəsiz ki, ən bəlağətli (təsirli) vəd (öyüd-nəsihət) və ən gözəl söz Allahın kəlamıdır. Daha sonra “Əuzu billahi minəş-şeytanir-racim” (Qovulmuş şeytanın şərindən Allaha sığınıram) deyərək İxlas surəsini oxudu və tələsən bir kimsə kimi (qısaca) oturdu, sonra ayağa qalxıb buyurdu: Həmd (şükür və tərif) Allaha məxsusdur. Ona həmd edir, Ondan kömək və hidayət diləyir, Ondan bağışlanma istəyir və Ona təvəkkül edirik.

Sonra qısa bir xütbəni cümə namazı xütbəsi üslubunda buyurdu.

Mənbə:

Biharul-Ənvar, cild 88, səh. 99; Misbahul-Mütəhəccid, səh. 363.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir