9 Zilhiccə, Ərəfə günü – ilin ən fəzilətli günlərindən biridir. Bu gün günahların bağışlanması və duaların qəbul olunması üçün xüsusi bir gün olaraq qeyd edilmişdir. Ərəfat səhrası isə Adəm peyğəmbərdən tutmuş Xatəmül-ənbiyaya (Məhəmməd əleyhissəlam) və onun vəsiləri – Əli ibn Əbu Talibdən Məhdi-Mövuda (onların hamısına salam olsun) qədər bütün peyğəmbərlərin və imamların hazır olduğu bir məkandır.
Ərəfə səhrasının adlanma səbəbi
“Ərəfə” elə bir məkanın adıdır ki, Adəm ilə Həvva yerə endirildikdən sonra bu yerdə yenidən bir-birlərini tapmış və tanımışlar. Məhz bu səbəbdən ora bu adla adlandırılmışdır. (1)
“Ərəfə” adı Ərəfat səhrasından (Məkkədə olan bir yerdir, bu tarixdə orada dayanmağın vacib olduğu bir yer) götürülmüşdür. Deyilir ki, Ərəfat ərazisinə bu ad ona görə verilmişdir ki, o, dağlar arasında müəyyən olunmuş və tanınan bir yerdir.(2)
Əmirəl-möminin Əlidən (ələyhis-salam) “Ərəfat”ın bu adla adlandırılmasının səbəbi barədə soruşulduqda, həzrət buyurdu:
Səbəbi budur ki, İbrahim (ələyhis-salam) həc mərasimlərini Ərəfat barədə özünə göstərilmiş təsvirlər (nişanələr) vasitəsilə tanıdı (bildi). (3)
Ərəfat səhrasında Cəbrail – ilahi vəhyin elçisi – həc mərasimlərini İbrahim peyğəmbərə öyrətdi. O isə hər dəfə: ‘Ərəftü, ərəftü’ (“Tanıdım, bildim”) deyirdi.”
Ərəfatda Əmirəl-mömininin (ə) canişinlik mesajının çatdırılması
Ələqəmə Həzərmi imam Baqirdən (ələyhis-salam) nəql edir: Peyğəmbərimiz (sallallahu ələyhi və alih) Ərəfatda dayandığı zaman Cəbrail Uca Allah tərəfindən onun yanına nazil oldu və dedi: Ya Məhəmməd, Allah sənə salam yetirir və xəbər verir ki, sənin dünyadan köçmə vaxtın yaxınlaşmış və ömrün sona yaxınlaşmışdır. Mən səni qaçıb qurtula bilməyəcəyin bir qədərə doğru yola salıram. İndi sən öz əhdini möhkəmləndir və vəsiyyətini hazırla. Yanında olan keçmiş peyğəmbərlərin elmləri, mirasları, silah, sənduq və digər nübüvvət nişanələrini özündən sonrakı vəsinə və canişininə tapşır. O kəs ki, Mənim məxluqatım üzərində tamamlanmış (kamil) höccətimdir və o, Əli ibn Əbu Talibdən (əleyhis-salam) başqası deyil. Onu insanlar arasında bu məqama (canişinliyə) təyin et və onunla əhd və beyəti yenilə. Onlara xatırlat ki, Mən onlardan hansı əhdi götürmüşəm? Onlar Mənim vəlimin vilayətini (rəhbərliyini) qəbul etməli, onu sevməli və bilməlidirlər ki, hər bir mömin kişinin və qadının həqiqi mövlası (rəhbəri və başçısı) Əli ibn Əbu Talibdir. Çünki Mən heç bir peyğəmbərin ruhunu qəbz etməmişəm (onları öldürməmişəm) ki, ondan əvvəl öz dinimi tamamlamış, nemətimi isə öz övliyalarımın vilayəti və düşmənlərimlə düşmənçilik etməklə bitirmiş (tamamlamış) olmayım. (4)
Ərəfatda dayanmağın (vüqufun) sirləri və səbəbi
Ərəfat səhrası çoxlu sirlərə malikdir. Bu, göz yaşı və ahla bağlı olan müqəddəs bir məkandır. Əmirəl-möminin Əli (ələyhis-salam) Ərəfatda dayanmağın sirri barədə buyurmuşdur: Ərəfat hərəm sərhədlərindən kənardadır. Allahın qonağı şəhərin darvazasından kənarda o qədər yalvarıb-ağlamalıdır ki, hərəma (Məkkəyə) daxil olmağa layiq olsun. (5)
Ərəfə günü axşamçağı və Zilhiccənin onuncu gününün günorta çağı (həcc zəvvarlarının Minada olduğu vaxt) Uca olan Allah mələklərə buyurur: Bunlar Mənim bəndələrimdir. Uzaq-yaxın yollardan çox əziyyətlərlə buraya gəlmiş, bir çox ləzzətləri özlərinə haram etmiş, Ərəfat və Mina səhralarının qumları üzərində yatmışlar. Toz-torpaq içindəki üzləri ilə hüzurumda acizlik və zillət (xarlıq) nümayiş etdirirlər.
Bağışlanma günü
Ərəfə gününün əzəməti, böyüklüyü və orada tövbənin qəbulu barədə bu hədis kifayət edir ki, Əmirəl-möminin Əli (ələyhis-salam) buyurmuşdur: Peyğəmbərə (sallallahu ələyhi və alih) deyildi: Ey Allahın Rəsulu, Ərəfat əhli arasında ən günahkar kimdir? Peyğəmbər buyurdu: O şəxsdir ki, Ərəfatdan qayıdar, amma elə güman edir ki, bağışlanmamışdır. (6)
Mənbələr:
- Rağib İsfahani, Müfradat, 1404-cü il, səh. 331.
- Mustafəvi, Ət-Təhqiq li-Kəlimatil-Quranil-Kərim, cild 8, səh. 120.
- Təfsiri Nurüs-Səqəleyn, cild 1, səh. 196.
- Biharul-Ənvar, cild 37, səh. 202.
- Üsuli-Kafi, cild 4, səh. 224.
- Əl-Cəfəriyyat, səh. 64.