Most searched:

Vilayət

Vilayət, İmam Baqirin (ələyhis-salam) nəzərində dinin və ilahi məarifin əsas rüknu

İmam Məhəmməd Baqirin (ələyhis-salam) şəhadətinin ildönümündə həzrətin ilahi mərifət və imamət məqamı barədə qiymətli irsini araşdırırıq. Həzrətin təlimlərində ən parlaq mövzulardan biri Əmirəl-mömininin (ələyhis-salam) vilayəti məsələsi və onun İslam dinindəki yerinin bəyan edilməsidir.

İmam Məhəmməd Baqir (ələyhis-salam) vilayəti təkcə dinin rüknlərindən biri kimi deyil, həm də digər islami şüarları dərk etmək və onlara əməl etmək üçün açar, eləcə də Rəbbin həqiqi mərifəti üçün zəruri şərt kimi təqdim edirlər. Bu rəvayətlər, Əmirəl-mömininin (ələyhis-salam) vilayətin mərkəzi oxu kimi məqamını bəyan etməklə yanaşı, aydın şəkildə göstərir ki, məsum imamlara tabe olmaq və onları qəbul etmək, Allahın bəşəri hidayət etmək üçün seçdiyi yoldur.

Şəhadət tarixi və yeri

İmam Məhəmməd Baqir (ələyhis-salam) məşhur rəvayətə görə, zilhiccə ayının 7-si, 114-cü hicri ilində (miladi təqvimlə 732-ci il) şəhid edilmişdir. Bildirilir ki, həzrət, Hişam ibn Əbdülməlikin (Əməvi xəlifəsi) əmri ilə Mədinənin hakimi İbrahim ibn Vəlid ibn Əbdülməlik tərəfindən zəhərlənərək şəhadətə yetirilmişdir.

Həzrətin müqəddəs qəbri Bəqi qəbiristanlığında, atası imam Səccadın (ələyhis-salam) qəbri yanında yerləşir.

İmam Məhəmməd Baqirin (ələyhis-salam) imamət dövrü 95-ci hicri ilindən – ki, bu il İmam Zeynülabidin (əleyhis-salamın) vəfat etdiyi ildir – başlamış və 114-cü hicri ilinədək, yəni 19 il və bir neçə ay davam etmişdir.[1]

Əmirəl-möminin (əleyhis-salam) və Əmmar Yasirin kəlamlarında vilayətin yeri

İmam Baqir (ələyhis-salam) nəql edir ki, Əmirəl-möminin Əli (ələyhis-salam) minbərdə olduğu bir vaxtda bir nəfər hüzuruna gəlib, Əmmar ibn Yasirin eşitdiyi və Əmmarın da Rəsulullahdan (səlləllahu əleyhi va alih) nəql etdiyi bir rəvayəti deməyə icazə istədi. Həzrət buyurdu: Allahdan qorxun və Əmmara aid olaraq, onun özünün dediyindən başqa bir şey deməyin.

Əmirəl-möminin (ələyhis-salam) bu sözü üç dəfə təkrar etdi və sonra həmin şəxsə buyurdu: İndi danış.

Həmin şəxs dedi: Eşitdim ki, Əmmar deyirdi: Rəsulullah (səlləllahu əleyhi va alih) buyurdu: Mən Quranın tənzili (zahiri və mətni) əsasında vuruşuram, Əmirəl-möminin isə (ələyhis-salam) onun təvili (batini və dərin mənası) əsasında vuruşacaqdır.

Əmirəl-möminin (ələyhis-salam) buyurdu: Kəbənin Rəbbinə and olsun ki, Əmmar doğru deyib. Bu söz, Rəsulullahdan (səlləllahu əleyhi va alih) öyrəndiyim min mənalı sözdən biridir ki, onların hər bir kəlməsi mənim üçün minlərlə mərifət qapısı açır. [2]

Vilayətə düşmənliyin aqibəti

İmam Baqir (əleyhis-salam) bir rəvayətdə vilayətin İslam dinindəki yüksək məqamını izah edərək buyurmuşdur: Əmirəl-möminin Əliyə (ələyhis-salam) düşmən olan kimsə, cəhənnəmin qaynar suyundan bir qurtum içmədikcə dünyadan getməz. Həmçinin buyurmuşdur: Kim Əmirəl-mömininin (ələyhis-salam) vilayətinə qarşı çıxsa, onun namaz qılması ilə zina etməsi eynidir. [3]

Sadiqlərdən Quranda məqsəd

Quranda elə ayələr vardır ki, məsum imamların onlara dair dərin və yol göstərən təfsirləri həqiqəti dərk etmək üçün yeni bir pəncərə açır. İmam Baqir (ələyhis-salam) bu rəvayətdə doğruçulardan məqsədin nə və kim olduğunu bəyan etmişdir.

İmam Baqir (ələyhis-salam)  یَا أَیُّهَا الَّذِینَ آمَنُوا اتَّقُوا اللَّهَ وَکُونُوا مَعَ الصَّادِقِینَ Ey iman gətirənlər! Allahdan qorxun və doğruçularla bir yerdə olun – Tövbə surəsi, 119) ayəsini təfsir edərək buyurmuşdur: Sadiqindən məqsəd Əmirəl-möminin Əli ibn Əbi Talibdir (ələyhis-salam); elə isə onunla bir yerdə olun. [4]

İmam-Mubin (Aşkar rəhbər) kimdir?

İmam Baqirdən (ələyhis-salam) bir rəvayətdə həzrət, İmam-Mubinin Quran məfhumunu və işarəsini belə izah edir.

  وَ کُلَّ شَیءٍ أحصَیناهُ فی إمامٍ مُبینٍ

 Hər şeyi aşkar imanda (aşkar rəhbərin kitabında) sayıb yazmışıq (Yasin surəsi, ayə 12) ayəsi Peyğəmbərə (səlləllahu əleyhi va alih) nazil olduqda, Əbu Bəkr və Ömər ayağa qalxıb soruşdular: Ey Allahın Rəsulu! İmam-Mubindən məqsəd Tövratdırmı?
Peyğəmbər buyurdu: Xeyr.

Onlar yenə soruşdular: Bəlkə məqsəd İncildir?

Peyğəmbər yenə buyurdu: Xeyr.

Sonra soruşdular: Bəlkə məqsəd Qurandır?

Peyğəmbər cavab verdi: Xeyr.

Elə bu vaxt Əmirəl-möminin Əli (ələyhis-salam) daxil oldu. Peyğəmbər (səlləllahu əleyhi va alih) buyurdu: İmam-Mubin odur. O elə bir imamdır ki, Allah-təala hər şeyin elmini onun varlığında cəm etmişdir. [5]

Allahı tanımaq – Əhli-Beyt vilayəti yolundan

İmam Baqir (ələyhis-salam) Allahın rəhmətinə çatmaq və bəndə ilə Allah arasındakı pərdənin qalxması yolunu Əhli-Beytin məhəbbəti kimi təqdim etmişdir.

Bu münasibətlə Əbu Həzmə Simali nəql edir ki, imam Baqirdən (əleyhis-salam) soruşdum: Allahı tanımaq (mərifət) nədir?

Həzrət cavabında buyurdu: Allahı tanımaq, Allahı və Onun peyğəmbəri Məhəmmədi (səlləllahu ələyhi va alih) Əmirəl-möminin Əlinin (ələyhis-salam) və ondan sonrakı imamların vilayəti barəsində təsdiq etmək, onlara tabe olmaq və düşmənlərindən uzaq durmaqdır. [6]

Müttəqilərin Rəhbərinin məhəbbəti dində möhkəm qalmanın zəmanətidir

İmam Baqir (əleyhis-salam) müttəqilərin Rəhbərinin məhəbbəti və onun möminin qəlbinə təsiri barədə buyurur: «Allah heç bir kəsin qəlbinə Əmirəl-möminin Əlinin (əleyhis-salam) məhəbbətini qoymamışdır ki, əgər bir ayağı büdrəsə (səhv etsə), o biri ayağı (yəqini və məhəbbəti) möhkəm qalsın. [7]

Ali-Məhəmmədin (səlləllahu əleyhim) məhəbbətinin bəhrəsi

İmam Baqir (əleyhis-salam) özü ilə Allah arasındakı pərdənin qalxması və Allahın rəhmətinə çatmaq barədə buyurmuşdur: Hər kəs istəyir ki, onunla Allah arasında heç bir pərdə olmasın, belə ki, o Allaha baxsın və Allah da ona diqqət yetirsin, o, Ali-Məhəmmədi sevməli, onların düşmənlərindən uzaq olmalı və Ali-Məhəmməddən (səlləllahu əleyhim) olan imamlara tabe olmalıdır. O zaman Allaha diqqət yetirər, Allah da ona diqqət yetirər. [8]

Peyğəmbərlərin (s) göndərilməsi – vilayət və düşmənlərdən uzaq olmaq mərkəzində

İmam Baqir (əleyhis-salam) Əhli-Beytin vilayəti, onların düşmənlərindən uzaq olmaq və ümmətlərin azması barədə buyurmuşdur: «Allah heç bir peyğəmbər göndərməmişdir, illa ki, onunla birlikdə (onun şəriətində) bizim vilayətimiz və düşmənlərimizdən uzaq olmaq olmuşdur. Bu məna Quranın Nəhl surəsinin 36-cı ayəsində də belə gəlmişdir:

 وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ ۖ فَمِنْهُمْ مَنْ هَدَى اللَّهُ وَمِنْهُمْ مَنْ حَقَّتْ عَلَيْهِ الضَّلَالَةُ

(Hər ümmətə bir peyğəmbər göndərdik: Allaha ibadət edin və tağutdan uzaq olun. Beləliklə, onlardan kimini Allah doğru yola yönəltdi, kimin də azması vacib oldu.) Azanlar isə Ali-Məhəmmədi (səlləllahu əleyhim) təkzib etdiklərinə görə azdılar. [9]

İslamın beşinci rüknu və əməllərin qəbul olunmasının açarı

Zürarə İmam Baqirdən (ələyhis-salam) nəql edir ki, həzrət İslamın 5 əsas rüknü və onların ən vacibi barədə belə buyurmuşdur: İslam beş rükn üzərində qurulmuşdur: namaz, zəkat, oruc, həcc və vilayət.

Zürarə soruşdu: Bunlardan hansı daha üstündür?

Həzrət buyurdu: Vilayət üstündür. Çünki vilayət onların açarıdır və rəhbər (imam) onlara çatmaqda yol göstəricidir.

Sonra buyurdu: Bil ki, əgər kimsə gecələrini ibadətlə keçirsə, gündüzlərini oruc tutsa, bütün malını sədəqə versə və bütün ömrü boyu həccə getsə, lakin Allahın vəlisinin (yaxın bəndəsinin) vilayətini tanımasa – belə ki, ona tabe olsun və bütün işlərini onun rəhbərliyi ilə etsin – onda onun heç bir ilahi savabdan payı olmaz və iman əhlindən sayılmaz. [10]

Mənbələr

[1] Müntəhul-amal, Şeyx Abbas Qumi.
[2] Biharul-ənvar, cild 32, səh. 299.
[3] Səvabul-əmal və iqabul-əmal, cild 2, səh. 210; Biharul-ənvar, cild 27, səh. 235.
[4] Əl-mənaqib, cild 3, səh. 92.
[5] Təfsiri Kənzud-dəqaiq, cild 11, səh. 61.
[6] Təfsirul-əyyəşi, cild 2, səh. 116; Biharul-ənvar, cild 27, səh. 57.
[7] Biharul-ənvar, cild 65, səh. 199.
[8] Biharul-ənvar, cild 27, səh. 51.
[9] Təfsirul-burhan, cild 3, səh. 419.
[10] İsbatul-hudat, cild 1, səh. 117.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir