“Biət” sözü nə deməkdir?
Biət lüğətdə, biət edən şəxsin (imam, hökmdar və ya əmir) itaətinə və əmrlərinə tabe olacağına dair verdiyi öhdəlik, yəni müqavilə deməkdir.[1]
İslamdan əvvəl ərəb cəmiyyəti bir şəxsin hakimiyyətini qəbul etmək və ona tabe olmaq üçün biət edirdi.[2] İslam gəldikdən sonra bu adət davam etdi. Lakin qadınlar cahiliyyət dövründə biət və mühüm məsələlərdə rol oynamırdılar.
Çoxlu biətlər Peyğəmbərimiz (s) dövründə hökmdarlarla əl verməklə həyata keçirilirdi. Lakin biət üzbəüz əl vermədən[3] və ya nümayəndə vasitəsilə, yaxud məktubla[4] da tanınırdı.
Qədir Xumda biət
Qədir Xum hadisəsi İslam tarixinin ən önəmli hadisələrindən biridir. Həccətül-vida ziyarətindən dönərkən, 10-cu hicri ildə, 18 Zilhiccə günü, Peyğəmbərimiz (s) Əmirəlmöminin Əliyi (ə) öz vəsisi və xəlifəsi elan etdi. Hadisədə iştirak edənlər – o cümlədən səhabə böyükləri – Əli (ə) ilə biət etdilər.
Qadınların biət mərasimi necə idi?
Peyğəmbərimiz (s) əmr etdi ki, qadınlar da onunla biət etsinlər, Əmirəlmöminin (ə) adı ilə ona salam verib təbrik etsinlər və bu əmri öz xanımları üçün də verdi.
Peyğəmbər (s) əmr etdi ki, su qabı gətirilsin və üzərinə pərdə çəkilsin ki, qadınlar pərdə arxasından əllərini su qabına qoysunlar, Əmirəlmöminin (ə) isə qabın digər tərəfində əli ilə biət etsin. Beləliklə, qadınların biəti də həyata keçdi.
Həzrət Fatimə (s) də Qədir Xum günü orada iştirak etmişdir. Bundan başqa, Peyğəmbərimizin (s) bütün xanımları, Əmirəlmöminin (ə) qardaşı “Ümmü Hani”, Həmzənin (ə) qızı Fatimə və Cəfər ibn Əbu Talibin xanımı Əsma binti Ümeys də həmin mərasimdə iştirak etmişdir.[5]
Mənbələr (İstinadlar):
- Dehxoda, Əli-Əkbər, Lüğətnəmə.
- İbn Səad, Məhəmməd, Ət-Tabaqatul Kubra, cild 8, səh. 5, Beyrut, Dar Ṣadr.
- İbn Əbdülbər, Yusif, Ət-Təhmid, cild 16, səh. 347, Mustafa ibn Əhməd əl-Əlvi və Məhəmməd Əbdülkəbir Bəkri tərəfindən tərtib edilmiş, Robat, 1387h.
- Təbəri, Məhəmməd ibn Cərir, Tarix, cild 1, səh. 506, Beyrut, 1407h.
- Biharul-Ənvar, cild 21, səh. 388.