Ya Əli, canım sana olsun fəda,
Qulkəfadır şəninə həqdən nida.
Bu Xətayi könlünə qıldın nüzul,
Mərhəba, ey şahi-aləm, mərhəba.
Mustafa fəxri-cəhan, sən həmdəmi,
Zatunuz həm ləhmi anın həmdəmi.
Ey Xətayi, bil əlidir, bigüman,
Qabi-qövseynin rümuzi məhrəmi.
Zati-həqq məfhumi-nəssi lafəta,
Qullara səndən gərək lütfü əta.
Bəndədən kəsmə inayətlən nəzər,
Bu Xətayi bir qulundur pür xəta.
Bu Xətayi bəndənin gör halini
Kim, yəlunda qəydu başü malini.
Pürgünahəm, tənə qılma, zahida,
Bəndəsinin həq bilür əmalini.
Mən Hüseyni məzhəbəm, şahın qulu,
Yəni kim, mənidir Allahın qulu.
Ey Xətayi, padşah əlmaz kişi,
əlmayınca uş bu dərgahın qulu.
Ş.İ.Xətai