Əllamə Məclisi Əmirəlmöminin Əli (əleyhissəlam)-ın kəramətlərindən danışarkən yazır:
“Onun kəramətləri barədə çoxlu xəbərlər nəql olunmuş, hətta şairlər bunları nəzmə çəkmişlər. Bəzi kəramətləri məşhurlaşmışdır, məsələn, “rəddüş-şəms” (günəşin geri qaytarılması) hadisəsi. Bu kəramətlərdən biri də hicri 1272-ci ildə baş vermişdir.
Mən etibarlı şəxslərdən eşitmişəm ki, Məryəm adlı bir qarı Ğəra (Nəcəf)(1) şəhərində yaşayırdı və ibadət və təqvası ilə tanınırdı. O, ağır xəstəliyə tutuldu və xəstəliyi o qədər uzandı ki, artıq yeriyə bilmirdi və təxminən iki il bu halda qaldı. Onun vəziyyəti bütün Ğəra şəhərində məşhurlaşmışdı.
Rəcəb ayı gəldikdə, qarı bu mübarək ayda doqquz gecə Allaha dua etdi, mövlamız Əmirəlmöminin Əli (əleyhissəlam)-dan kömək istədi və xəstəliyindən şikayət etdi.
Yuxuda gördü ki, üç qadın onun yanına gəldi. Onlardan biri on dörd gecəlik ay kimi nurani və pak simalı idi.
Onlar ona dedilər:
“Qorxma və qəmgin olma, çünki sənin dərdin bu mübarək ayın on ikinci gecəsində aradan qalxacaq.”
O, yuxudan oyandıqda çox sevindi və doğru yuxusunu ətrafındakılara danışdı.
O, Rəcəb ayının on ikinci gecəsini gözlədi, lakin heç nə baş vermədi.
Sonra Şəban ayının on ikinci gecəsini də gözlədi, amma yenə heç nə olmadı.
Nəhayət, mübarək Ramazan ayının doqquzuncu gecəsində yenidən həmin qadınları yuxuda gördü. Onlar ona müjdə verib dedilər: “Bu ayın on ikinci gecəsi çatanda Əmirəlmöminin Əli (əleyhissəlam)-ın hərəminə get və üç qadını da özünlə apar.”
O, oyandıqdan sonra yuxusunu danışdı və çox ümidləndi. Həmin gecə çatanda bədəninin təmizlənməsini, təmiz paltar geyindirilməsini və o qadınlara xəbər verilməsini istədi. Yeriyə bilmədiyi üçün üç qadınla birlikdə onu İmam Əli türbəsi aparıldı.
Gecənin təxminən dörddə biri keçəndə, qadınlardan biri üzr istəyərək getdi və digər iki qadın onun yanında qaldı. Hərəmdə olanların hamısı getdi, qapılar bağlandı və yalnız o üç nəfər eyvanda qaldı.
Sübhə yaxın iki qadın səhur yemək istədikləri üçün qarını qibləyə tərəf olan zərihin pəncərəsi yanında qoyub başqa eyvana getdilər və qapını bağladılar.
Qayıtdıqda isə qarını qoyduqları yerdə tapmadılar. Narahat olub hər tərəfdə axtardılar və nəhayət onu yeriyən və tam sağlam halda tapdılar!
Qarından nə baş verdiyini soruşdular.
O dedi: “Siz gedəndə yuxuda gördüyüm o qadınlar gəldilər, məni götürüb hərəmin içinə apardılar. Necə və haradan daxil olduğumu bilmədim. Müqəddəs zərihə yaxınlaşanda qəbirdən bir səs eşitdim ki, dedi: Bu saleh əməl sahibi olan qadını hərəkət etdirin və onu üç dəfə fırladın. Onlar məni üç dəfə qəbrin ətrafında fırlatdılar.
Sonra başqa bir səs dedi:
Bu saleh əməl sahibi olan qadını rəhmət qapısından çıxarın. Onlar məni qərb tərəfdən, namaz qılanların arxasında olan qapıdan çıxardılar. Bundan əvvəl bu qapı bu adla tanınmırdı.
İndi heç bir ağrı və zəiflik hiss etmirəm, tamamilə sağlamam.
Molla Məhəmməd Tahir (2) o zaman hərəmin xidmətçisi idi və həmin gecə hərəmdə olan bir çox saleh insanlar dedilər ki, gecənin əvvəlində qarını yeriyə bilməz halda hərəminə gətirdilər, lakin o, hərəmdən çıxanda sağlam idi və yeriyirdi.
Qeydlər:
[1] Nəcəf şəhərinə “Ğəra” də deyilir. Buna görə də Nəcəf əhalisinə “ğəravi” deyilir.
[2] O, hicri 1072-ci ildə İmam Əli hərəminin xəzinədarı olmuş və öz dövrünün alimlərindən sayılmışdır. Onun şahidliyi ilə Mirzə İmadəddin Məhəmməd Həkim Əbülxeyr ibn Abdullah Bafqinin 1071-ci ildə ictihadı təsdiqlənmişdir.
Şeyx Yusif Həsri tərcüməçi, “Nəşvətüs-səlafə” kitabında Əllamə Məclisinin yüz beytdən artıq bir qəsidədə işarə etdiyi bu kəraməti nəzmə çəkmişdir. Kitabın müəllifi də həmin tərcümədə bu mövzuya toxunmuşdur.
Mənbə:
Biharul-Ənvar, cild 97, səhifə 153; əl-Yətimətül-Ğərviyyə, səhifə 482.