Most searched:

Əlinin (ə) həyat yoldaşı ilə son vidalaşmasındakı qəm-kədəri

Möminlərin əmiri Əlinin (ə) həyat yoldaşı ilə son vidalaşmasındakı qəm-kədəri

Əmirəlmöminin Əli (ə) gözləri yaşla dolmuş halda Həzrət Fatimənin (s.ə) üzünə baxırdı. Qəlbində alov kimi bir hüzn yanır, vida anları isə getdikcə daha da ağırlaşırdı. İmam səbir edərək və ilahi təqdirə razı qalaraq eşq dərdinə dözməyə çalışırdı. Bununla belə, məruz qaldığı zülmün yarası heç vaxt yaddaşından silinməyəcəkdi.

İslam Peyğəmbərinin (s) əziz qızı Həzrət Fatimə (s.ə) hicri-qəməri təqvimi ilə 11-ci ildə Mədinə şəhərində şəhadətə yetdi. Həzrət Həsən və Həzrət Hüseynin (ə) anaları ilə, eləcə də Əmirəlmöminin Əlinin (ə) Həzrət Fatimə (s.ə) ilə vidalaşması haqqında rəvayətlər sevgi və ürək yanğısı ilə dolu təsirli bir mənzərəni canlandırır.

Evin və ailənin rahatlıq mənbəyi olan Həzrət Fatimə (s.ə) bu dünyanın ağrı-acılarından qurtularaq hamıdan əvvəl mehriban atası, Allahın Rəsulunun (s) hüzuruna qovuşdu.

Behişt hənutu

Həzrət Fatimə (s.ə) fani dünya ilə vidalaşacağı ana yaxınlaşdıqca, Məhbubu ilə görüşə hazırlaşırdı.

Bir hədisdə bildirilir ki, Həzrət Fatimə (s.ə) əziz atasının vəfatından sonra qırx gün yaşadı. Şəhadət anı yaxınlaşanda Əsma binti Ümeysə buyurdu:

Ey Əsma! Allah Rəsulunun (s) vəfatı yaxınlaşanda Cəbrail (ə) onun üçün behiştdən kafur gətirdi. Peyğəmbər (s) onu üç hissəyə böldü: üçdə birini özü üçün, üçdə birini Əmirəlmöminin Əli (ə) üçün, üçdə birini isə mənim üçün ayırdı. Onun ümumi miqdarı qırx dirhəm idi. Ey Əsma! Atamın hənutundan (meyitin qüsl və kəfənlənməsi zamanı istifadə edilən ətirli maddədən) qalan hissəni filan yerdən gətir və başımın yanına qoy».

Əsma onu gətirib Həzrətin başının yanına qoydu. Sonra Həzrət Fatimə (s.ə) paltarını üzərinə çəkərək buyurdu:

Bir qədər gözlə, sonra məni səslə. Əgər sənə cavab verməsəm, bil ki, atama qovuşmuşam.

Əsma bir müddət gözlədi, sonra Həzrəti səslədi, lakin ondan heç bir cavab gəlmədi.

Bundan sonra belə nida etdi:

Ey Məhəmməd Mustafanın (s) qızı! Ey qadınların dünyaya gətirdiyi ən kəramətli insanın qızı! Ey çınqılların üzərində addımlamış insanların ən yaxşısının qızı! Ey Rəbbi ilə arasındakı məsafə iki yay aralığı qədər, yaxud ondan da yaxın olan şəxsin qızı!

Həzrət Fatimə (s.ə) yenə də cavab vermədi. Əsma örtüyü onun üzündən kənara çəkdi və gördü ki, o Həzrət dünyasını dəyişib.

Bundan sonra özünü Həzrətin üzərinə ataraq onu öpdü və belə dedi:

Ey Fatimə! Atan Allah Rəsulunun (s) hüzuruna çatanda Əsma binti Ümeysin salamını ona çatdır!

Həsən və Hüseynin (ə) anaları ilə vidalaşması

Həzrət Həsən və Həzrət Hüseynin (ə) cavan anaları ilə vidalaşması həsrət və məhəbbətlə dolu təsirli bir mənzərədir. İmam Həsən və İmam Hüseyn (ə) inanmaqda çətinlik çəkərək, gözləri yaşla dolu halda mehriban analarının çöhrəsinə baxır və bəlkə cavab verər ümidi ilə onun adını səsləyirdilər.

Bu zaman İmam Həsən və İmam Hüseyn (ə) içəri daxil olub dedilər:

Ey Əsma! Nə üçün bu saatda anamız yatıb?

Əsma dedi:

Ey Allah Rəsulunun (s) iki oğlu! Ananız yatmayıb, o, dünyasını dəyişib.

İmam Həsən (ə) özünü anasının üzərinə ataraq onu öpdü və dəfələrlə belə dedi:

Anacan! Ruhum bədənimdən ayrılmamış mənimlə danış!

İmam Hüseyn (ə) də irəli gəlib anasının ayaqlarını öpdü və belə dedi:

Anacan! Mən sənin oğlun Hüseynəm. Qəlbim parçalana-parçalana, ölməmişdən əvvəl mənimlə danış!

Əsma onlara dedi:

Ey Allah Rəsulunun (s) iki oğlu! Atanız Əlinin (ə) yanına gedin və ananızın vəfat xəbərini ona çatdırın.

Həyəat yoldaşından ayrılıq

Əli ibn Əbu Talibi (ə) heç kim ömrü boyu pərişan görməmişdi. O vaxta qədər ki, Həsən və Hüseyn (ə) təlaş içində atalarının yanına gəlib ona elə bir xəbər verdilər ki, Həzrət Əli (ə) pərişan halda evə doğru qaçmağa başladı.

İmam Həsən və İmam Hüseyn (ə) evdən çıxdılar. Məscidə yaxınlaşanda hönkürtü ilə ağlamağa başladılar. Bütün səhabələr onlara tərəf tələsik halda hərəkət edərək  dedilər:

Ey Allah Rəsulunun (s) oğulları! Nə üçün ağlayırsınız? Allah gözlərinizi heç vaxt ağlatmasın! Bəlkə babanız Peyğəmbərin (s) məqamına baxıb onu görmək şövqündən ağlamısınız?

Onlar dedilər:

Xeyr! Anamız Fatimə (s.ə) dünyasını dəyişib.

Əmirəlmöminin Əli (ə) bu kədərli xəbəri eşidəndə üzü üstə yerə yıxıldı və həsrətlə belə buyurdu:

Bundan sonra, ey Məhəmmədin qızı, kim mənə rahatlıq verəcək? Mən sənin vasitənlə rahatlıq tapırdım. İndi səndən sonra kiminlə rahatlıq tapım?

Sonra buyurdu:

Bir-birinə qovuşan hər iki dostun bir gün ayrılması qaçılmazdır. Ayrılıqdan başqa hər şey ötəri və keçicidir. Əhməddən (s) sonra Fatiməni (s.ə) də itirməyim göstərir ki, heç bir dostluq və yoldaşlıq əbədi deyil.

Bundan sonra Əmirəlmöminin Əli (ə) dərin bir hüznlə Əsmaya buyurdu:

Ey Əsma! Fatiməni (s.ə) qüsl ver, hənutla və kəfənlə.

Əsma bütün işləri yerinə yetirdi. Sonda Həzrət Əli (ə) onun cənazəsinə namaz qıldı.

Mənbə:

 Kəşfül-ğümmə, 1-ci cild, səhifə 500.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir