Most searched:

Mütə döyüşü

Mütə döyüşünün bayraqdarı Cəfər Təyyarın şəhadəti və Əmirəlmöminin Əlinin (ə) qürbəti

Cəfər ibn Əbu Talib, Cəfər Təyyar adı ilə məşhur olan bu böyük şəxsiyyət, İslamın cəhalət tufanları qarşısında müdafiəsiz qalmaması üçün Mütə döyüşündə canını fəda etdi. Peyğəmbərliyin qüdrətli dayağı və vilayətin silahdaşı olan Cəfərin şəhadəti İslam ordusunda böyük bir boşluq yaratdı, Həzrət Məhəmməd Peyğəmbərin (s) və Əmirəlmöminin Əlinin (ə) qəlbində dərin bir yara açdı.

Hicri-qəməri təqvimi ilə səkkizinci ilin Cəmadiyəl-əvvəl ayında Peyğəmbər (s) Cəfər ibn Əbu Talibin (ə) başçılığı ilə üç min nəfərlik bir ordunu döyüş meydanına göndərdi. Bu böyük döyüşdə Əmirəlmöminin Əlinin (ə) qardaşı və igid dayağı olan Cəfər ibn Əbu Talib (ə) öz canını fəda edərək əbədi bir qəhrəmanlıq dastanı yazdı.

Peyğəmbərə (s) ən çox bənzəyən şəxs

Cəfər ibn Əbu Talib (ə) yaradılış və əxlaq baxımından Allahın Rəsuluna (s) ən çox bənzəyən insan idi. Cəfər Əmirəlmöminin Əlidən (əleyhissalam) on yaş böyük idi. Əqil Cəfərdən on yaş, Talib isə Əqildən on yaş böyük idi. [1]

Cəfər Təyyarın (ə) məqamı

Cəfər ibn Əbu Talib (ə), Allah Rəsulunun (s) buyurduğuna görə, yaradılış və əxlaq baxımından ona ən çox bənzəyən şəxs və Cənnət əhlindən biridir. Əmirəlmöminin Əlinin (ə) kəlamlarında da onun nübüvvət ailəsində misilsiz bir məqama sahib olduğu bildirilir.

Əmirəlmöminin Əli (ə) buyurmuşdur: “Allah biz Əhli-beytdən elə yeddi nəfər yaratmışdır ki, yer üzündə onların bənzəri yoxdur: əvvəldəkilərin və sonrakıların ağası, peyğəmbərlərin sonuncusu olan Allahın Rəsulu (s); onun canişini, canişinlərin ən üstünü; onun iki nəvəsi Həsən və Hüseyn (ə), hansı ki, nəvələrin ən üstünləridirlər; onun əmisi, şəhidlərin ağası Həmzə (ə); mələklərlə birlikdə uçan Cəfər (ə) və Qaim (ə.f)”. [2]

Cəfər ibn Əbu Talibin (ə) əxlaqi fəzilətləri və şəxsiyyətinin zənginliyi Allah Rəsulunun (s) uca əxlaqının bir təcəllası idi. Əmirəlmöminin Əli (ə) nəql edir ki, Allah Rəsulu (s) Cəfər ibn Əbu Talibə (ə) belə buyurmuşdur: “Ey Cəfər! Sən yaradılış və əxlaq baxımından mənə ən çox bənzəyən şəxssən”. [3]

Peyğəmbərin (s) kəlamında Əbdülmüttəlib ailəsinin Cənnətdə xüsusi məqamı vardır ki, bu da onların yüksək dərəcələrindən xəbər verir. Allah Rəsulu (s) bu barədə buyurmuşdur: “Biz Əbdülmüttəlib ailəsi Cənnət əhlinin ağalarıyıq: Allahın Rəsulu (s), şəhidlərin ağası Həmzə (ə), iki qanad sahibi Cəfər (ə), Əmirəlmöminin Əli (ə), Fatimə (s.ə), Həsən (ə), Hüseyn (ə) və Mehdi (ə.f)”. [4]

Peyğəmbərin (s) hədiyyəsi

Allah Rəsulu (s) Cəfər ibn Əbu Talibi (ə) qarşılayarkən haqq yolunun bu mücahidinə olan sonsuz məhəbbətini ifadə edirdi.

Cəfər ilk mühacirlərdən idi və Həbəşistana hicrət etmişdi. Cəfər və onunla birlikdə olanlar hicri təqvimi ilə yeddinci ildə Həbəşistan torpaqlarından geri qayıtdılar. Peyğəmbər (s) onun üçün məscidin yanında bir ev ayırmışdı. [5]

İmam Sadiq (ə) buyurmuşdur:

“Cəfər ibn Əbu Talib (ə) Həbəşistandan qayıdanda Peyğəmbər (s) artıq Xeybəri fəth etmişdi. Cəfər (ə) Peyğəmbərin (s) hüzuruna daxil olduqda, Allah Rəsulu (s) ona ehtiram göstərərək ayağa qalxdı, onu qarşılamağa getdi və iki gözünün arasından öpdü. Sonra buyurdu: Bilmirəm, hansına daha çox sevinirəm: Xeybərin fəthinə, yoxsa Cəfərin gəlişinə!”

Daha sonra buyurdu: “Ey Cəfər! Sənə bir hədiyyə verimmi və səni bəhrələndirimmi?

Cəfər (ə) ərz etdi: “Bəli, ey Allahın Rəsulu (s)!”

Peyğəmbər (s) buyurdu:

“Hər gün dörd rükət namaz qıl. Əgər buna gücün çatmasa, həftədə bir dəfə qıl. Əgər buna da gücün çatmasa, ayda bir dəfə qıl. Əgər bunu da bacarmasan, ildə bir dəfə qıl. Əgər bu da sənin üçün mümkün olmasa, ömründə bir dəfə qıl. Çünki bu namazı qılsan, Allah günahlarını bağışlayar, hətta günahların səhranın qumları və ya dənizin köpükləri qədər olsa belə.”

Sonra soruşuldu: “Ey Allahın Rəsulu (s)! Bu namazı qılan şəxs Cəfərə (ə) verilən savabın eynisini qazanacaqmı?”

Peyğəmbər (s) buyurdu: “Bəli”. [6]

Mütə döyüşünün sərkərdəsi

Allah Rəsulunun (s) buyurduğuna görə, Cənnət ağalarından olan Cəfər ibn Əbu Talib (ə), hicri təqvimi ilə səkkizinci ilin Cəmadiyul-əvvəl ayında Mütə döyüşündə göstərdiyi fədakarlıqla bu hadisəni haqq yolunda əbədi müqavimətin rəmzinə çevirdi və Əmirəlmöminin Əlinin (ə) nəzərindəki uca məqamını nümayiş etdirdi.

Mütə döyüşü hicri təqvimi ilə səkkizinci ilin Cəmadiyul-əvvəl ayında baş verdi. Hadisələr Allah Rəsulunun (s) Bəni-Ləhəb qəbiləsindən olan Haris ibn Ümeyr Əzdinin vasitəsilə Busra hökmdarına məktub göndərməsi ilə başladı. Haris Mütəyə çatdıqda, Şürahbil ibn Əmr Qəssani onunla qarşılaşdı və onu qətlə yetirdi.

Haris, Allah Rəsulunun (s) peyğəmbərlik dövrü tarixində bu şəkildə öldürülən yeganə elçi idi. Bu hadisə Peyğəmbəri (s) çox kədərləndirdi. Buna görə də ümumi səfərbərlik əmri verdi. Müsəlmanlar sürətlə hazırlıq gördülər və üç min nəfərlik ordu «Cürf» adlı yerdə düşərgə saldı. [7]

İmam Sadiq (ə) və İmam Kazimin (ə) səhabələrindən olan Əban ibn Osman, İmam Sadiqdən (ə) belə nəql etmişdir:

«Peyğəmbər (s) böyük bir ordu göndərdi və onun sərkərdəliyini Əmirəlmöminin Əlinin (ə) qardaşı Cəfər ibn Əbu Talibə (ə) tapşırdı». [8]

İki qanad sahibi mücahid

Döyüş meydanında Cəfər ibn Əbu Talib (ə) misilsiz şücaətlə bayrağı əlində saxlayırdı. Əvvəlcə sağ əli kəsildi, lakin o, bayrağı sol əlinə aldı. Sol əli də kəsildikdə bu igid sərkərdə geri çəkilmədi; hər iki qolunu bayrağın ətrafına dolayaraq şəhid olduğu ana qədər onu ucalıqda saxladı.

O, bu döyüşdə 33 yaşında idi. Allah bu böyük fədakarlığının mükafatı olaraq ona Cənnətdə iki qanad bəxş etdi ki, həmin qanadlarla Cənnətin istədiyi yerində uça bilsin. [9]

Peyğəmbər (s) buyurmuşdur: “Allah onun iki əlinin əvəzində ona iki qanad bəxş etdi ki, onlarla Cənnətdə uçsun”.

Buna görə də onu “Cəfər Zülcənahayn, yəni İki qanad sahibi” adlandırırlar. [10]

Peyğəmbərin (s) qeybdən verdiyi xəbər

Peyğəmbər (s) Mədinədə olarkən ilahi inayət sayəsində Mütə döyüşünü anbaan müşahidə edirdi. Bu hədisdə Cabir ibn Abdullah Ənsari Peyğəmbərin (s) həmin hadisə barədə verdiyi dəqiq xəbərləri nəql edir.

Peyğəmbərin (s) səhabəsi və hədis ravilərindən olan Cabir ibn Abdullah Ənsari deyir:

“Mütə döyüşünün baş verdiyi gün Peyğəmbər (s) Mədinədə sübh namazını bizimlə qıldı. Sonra minbərə qalxaraq buyurdu: “Qardaşlarınız müşriklərlə döyüşmək üçün qarşı-qarşıya gəliblər”.

Daha sonra Peyğəmbər (s) döyüşün gedişatını bizə anbaan xəbər verirdi. Nəhayət, buyurdu: “Zeyd öldürüldü və bayraq yerə düşdü. Sonra Cəfər ibn Əbu Talib bayrağı götürərək irəli atıldı”.

Ardınca buyurdu: “İndi onun əli kəsildi və bayrağı digər əli ilə tutdu. O biri əli də kəsildi və bayrağı sinəsinə sıxaraq qucaqladı. İndi Cəfər şəhid oldu və bayraq yerə düşdü. Ondan sonra Abdullah ibn Rəvaha bayrağı əlinə aldı”.

Peyğəmbər (s) hətta müşriklərdən öldürülənlərin sayını və müsəlman şəhidlərin hər birinin adını da bir-bir söylədi.

Bu xəbəri çatdırdıqdan sonra Peyğəmbər (s) minbərdən aşağı düşdü, Cəfərin evinə getdi və onun oğlu Abdullah ibn Cəfəri qucağına aldı”. [11]

Vəfalı silahdaşların itkisi

İslamın böyük sərkərdələri Həmzənin (ə) və Cəfər ibn Əbu Talibin (ə) şəhadəti İslam ümmətinin, xüsusilə də Əmirəlmöminin Əlinin (ə) qəlbində böyük bir dərd və kədər yaratdı. Bu iki vəfalı silahdaşın itkisi o Həzrətin (ə) təcrid olunmasına və xilafətin istiqamətinin dəyişməsinə zəmin yaratdı. Çünki Əhli-beytin (ə) açıq şəkildə bildirdiyinə görə, onların varlığı vilayət haqqının qəsb edilməsinin qarşısında sarsılmaz bir maneə idi.

Əmirəlmöminin Əli (ə) öz hakimiyyəti dövründə minbərdən buyurmuşdur:

«Agah olun! Allaha and olsun ki, əgər Həmzə və Cəfər (ə) sağ olsaydılar və orada iştirak etsəydilər, o iki nəfər (birinci və ikinci şəxs) xilafətə çata bilməzdilər. Əgər Həmzə və Cəfər (ə) şahid və nəzarətçi olsaydılar, o iki nəfər canlarını qurtara bilməzdilər». [12]

Şiə ravilərindən və İmam Baqirin (ə) və İmam Sadiqin (ə) səhabələrindən olan Südeyr nəql edir:

“İmam Baqirin (ə) hüzurunda idik. Allah Rəsulunun (s) vəfatından sonrakı hadisələrdən və Əmirəlmöminin Əlinin (ə) necə təcrid olunmasından danışılırdı. Bu zaman bir nəfər soruşdu: Bəni-Haşimin qüdrəti harada idi? Onların arasında olan böyük insan kütləsi hara getmişdi?”

İmam Baqir (ə) buyurdu:

“Bəni-Haşimdən kim qalmışdı ki? Əslində, yalnız Cəfər (ə) və Həmzə (ə) var idi, onlar da artıq dünyadan köçmüşdülər. Həmin şəraitdə Əmirəlmöminin Əlinin (ə) yanında yalnız iki nəfər kişi qalmışdı. Onlar zəif və gücsüz idilər, İslamı qəbul etmələrindən də çox vaxt keçməmişdi. Bunlar Abbas və Əqil idi. Onların hər ikisi də Məkkənin fəthindən sonra azad edilənlərdən idi.” [13]

Mənbələr

[1] Biharul-ənvar, c. 22, s. 275.

[2] Biharul-ənvar, c. 22, s. 275.

[3] Biharul-ənvar, c.22, s. 276.

[4] Əmali əs-Səduq, c.1, s. 475.

[5] Biharul-ənvar, c. 22, s. 275.

[6] Müstədrəkül-vəsail, c. 6, s. 227.

[7] Ət-Təbəqatül-kübra, c. 2, s. 97; Əl-Məğazi (Vaqidi), c. 2, s. 755.

[8] İlamül-vəra bi-əlamil-hüda, c. 1, s. 212.

[9] Əs-Sirətün-nəbəviyyə, c. 2, s. 378.

[10] Biharul-ənvar, c. 22, s. 275.

[11] Əl-Xəraic vəl-cəraih, c. 1, s. 166.

[12] Kitabu Süleym ibn Qeys, c. 1, s. 16.

[13] Biharul-ənvar, c. 28, s. 251.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir