İmam Əli (ə) hərəminin xidmətçilərindən ibarət xidmət karvanı İmam Əskərinin (ə) şəhadət ildönümü münasibətilə zəvvarlara xidmət göstərmək məqsədilə Samirraya yola düşüb.
İmam Əli (ə) hərəmi müxtəlif bölmələrində çalışan xidmətçilərdən təşkil olunmuş genişmiqyaslı xidmət karvanının Samirra şəhərinə göndərildiyini açıqlayıb.
Bu karvan İmam Həsən Əskərinin (ə) şəhadət ildönümündə zəvvarlara xidmət göstərmək və İmam Əskəri (ə) və İmam Hadi (ə) hərəmi ilə koordinasiya şəraitində fəaliyyət göstərmək məqsədilə Samirraya yola salınıb.
Karvanın məsul şəxsi Salam əl-Cuburi xəbər mərkəzinə verdiyi açıqlamada bildirib: «Bu karvan hərəmin müxtəlif bölmələrində, xüsusilə zəvvarların qonaq evi, mühafizə, xidmət, mühəndislik və tikinti işləri, həmçinin media bölmələrində çalışan xidmətçilərdən təşkil olunub».
O əlavə edib: «Bu karvanın hazırlanması və yola salınması üçün müxtəlif mərhələlər həyata keçirilib. İlk mərhələdə hərəmin ictimaiyyətlə əlaqələr bölməsi vasitəsilə İmam Əskəri (ə) və İmam Hadi (ə) hərəminin əməkdaşları ilə lazımi koordinasiya aparılıb. Daha sonra xidmət, mühəndislik və tikinti bölmələrinin xidmətçiləri göndərilərək tələb olunan məkanları hazırlayıb və karvana həvalə edilmiş vəzifələri yerinə yetiriblər».
Samirrada zəvvarlara müxtəlif xidmətlər
O, sözlərinə davam edərək bildirib: «İmam Əli (ə) hərəminin xidmət karvanı zəvvarların Samirraya daxil olduğu andan ziyarət mərasiminin sonunadək, beş gün ərzində müxtəlif xidmətlər göstərib. Bu xidmətlərə təbərrüklərin paylanması və zəvvarların qəbul edilməsi, zəvvarların və xidmətçilərin daşınmasına və köçürülməsinə yardım, İmam Əskəri (ə) və İmam Hadi (ə) hərəminin müxtəlif bölmələrinin hazırlanması, həmçinin xidmətçilərin hərəmin yaxınlığında keçirilən matəm mərasimlərində iştirakı daxildir».
Əhli-beyt (ə) davamçıları hər il Rəbiül-əvvəl ayının 8-də İmam Həsən Əskərinin (ə) şəhadət ildönümünü Samirra şəhərində, o həzrətin müqəddəs məqbərəsinin yanında yad edirlər.









