Most searched:

İslam tarixi

İslam tarixinin taleyüklü gecəsində Əmirəl-mömininin fədakarlığı

 Geniş zülmətin çökdüyü, Məkkə şəhərinin sükuta qərq olduğu bir gecədə Əbu Talib oğlu Əli (ə) misilsiz şücaət göstərərək İslam Peyğəmbərinin (s) yerinə onun yatağında yatdı. Bununla Peyğəmbərin (s) canını kafirlərin hiyləsindən qorudu və onun Mədinəyə hicrət yolunu asanlaşdırdı. Leylətül-məbit İslam tarixinin dönüş nöqtəsinə çevrilən bir gecə oldu.

Hicri-qəməri təqvimi ilə hicrətin birinci ilinin Rəbiül-əvvəl ayının 1-də Qüreyş qəbiləsi İslam Peyğəmbərinin (s) dəvətinin genişlənməsindən və ardıcıllarının artmasından narahat olaraq bu hərəkatı dayandırmaq üçün Allahın Rəsulunu (s) öldürmək qərarına gəldi. Bu sui-qəsd Leylətül-məbit kimi tanınan gecədə həyata keçirilməli idi. Cəbrail (ə) Peyğəmbərə (s) xəbər verdi ki, həmin gecə özünün həmişə yatdığı yataqda yatmasın və müşriklərin sui-qəsdindən xilas olmaq üçün evdən çıxsın.

Darün-Nədvə iclası və sui-qəsd planı

Bu iclasda Əbu Cəhl, Əbu Süfyan və digər qəbilə başçıları da daxil olmaqla, Qüreyşin rəhbərləri iştirak edirdilər. Əvvəlcə Peyğəmbəri həbs etmək təklif olundu ki, əvvəlki şairlər kimi həbsdə qalıb təbii şəkildə ölsün. Lakin Peyğəmbərin ardıcıllarının onu azad edə biləcəyi ehtimalı olduğundan bu təklif rədd edildi. Daha sonra Allah Rəsulunu (s) Məkkədən sürgün etmək təklif edildi. Lakin onun digər qəbilələr arasında nüfuz qazanacağından narahat olduqları üçün bu plan da qəbul edilmədi.

Nəhayət, Əbu Cəhl belə bir təklif irəli sürdü: hər qəbilədən bir cəsur gənc seçilsin və onların hamısı eyni vaxtda Allah Rəsuluna (s) hücum edərək onu öldürsünlər. Beləliklə, onun qanı müxtəlif qəbilələr arasında bölüşdürüləcək və Bəni-Haşim bütün Qüreyşdən intiqam ala bilməyəcəkdi. Bu plan qəbul edildi və Qüreyş onu həyata keçirməyə hazırlaşdı. (1)

Peyğəmbərin (s) sui-qəsddən xəbərdar olması

Allah-Taala Cəbrail (ə) vasitəsilə Allah Rəsulunu (s) bu sui-qəsddən xəbərdar etdi. Peyğəmbər (s) Əmirəl-möminin Əliyə (ə) əmr etdi ki, onun yatağında yatsın, özü isə gizlicə evdən çıxdı.

İbn Abbas belə nəql etmişdir: «Müşriklər Darün-Nədvədə toplaşaraq əzəmətli Peyğəmbərin öldürülməsi barədə məsləhətləşməyə başladılar. Bu zaman Cəbrail Peyğəmbərin (s) yanına gəlib onların planı barədə ona xəbər verdi və həmin gecə öz yatağında yatmamasını əmr etdi. Peyğəmbər gecə şəhəri tərk etmək qərarına gəldikdə Əmirəl-möminin Əliyə (ə) onun yatağında yatmağı əmr etdi. Əmirəl-möminin (ə) də belə etdi, Peyğəmbərin yaşıl rəngli əbasını öz üzərinə çəkib qılıncını da yanına qoydu.

Qüreyşlilər Peyğəmbəri (s) öldürmək məqsədilə pusquda dayanmışdılar. Peyğəmbər (s) evdən çıxdı. Onlar qapının qarşısında oturmuşdular və sayları iyirmi beş nəfərə çatırdı.

Peyğəmbər (s) yerdən bir ovuc torpaq götürüb onların başına səpdi və “Yasin” surəsinin 1–9-cu ayələrini oxudu: «Yasin. Hikmətlə dolu Qurana and olsun ki… Beləliklə, onların qarşısına sədd çəkdik və onları örtdük; buna görə də görə bilmirlər».

Sonra onlardan bir nəfər digərinə dedi: «Nəyi gözləyirsiniz? Allaha and olsun, siz aldadılmısınız. O, sizin yanınızdan keçib və hər birinizin başına torpaq səpib!»

Onlar dedilər: «Allaha and olsun, biz onu görmədik».

Bundan sonra Allah-Taala “Ənfal” surəsinin 30-cu ayəsini nazil etdi: «Kafirlər səni həbs etmək, öldürmək və ya sürgün etmək üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə qurur, Allah da onların hiyləsini puça çıxarırdı. Allah hiylə quranların ən yaxşısıdır». (2)

 

Əmirəl-mömininin (ə) fədakarlığı

Qüreyş kafirləri İslam Peyğəmbərini (s) öldürmək qərarına gəldikləri zaman Cəbrail (ə) Allah Rəsulunun (s) yanına gəlib dedi: «Bu gecə həmişə yatdığın yatağında yatma».

Gecə düşüb hər yeri qaranlıq bürüdükdə Peyğəmbərin (s) düşmənləri onun evinin ətrafında toplaşaraq yatmasını gözlədilər ki, sonra qəflətən ona hücum etsinlər.

Allah Rəsulu (s) onların mövqeyini gördükdə Əbu Talib oğlu Əliyə (ə) buyurdu: «Mənim yatağımda yat, bu yaşıl Həzrəmi əbanı üzərinə çək və yat. Onlardan heç biri sənə zərər yetirə bilməyəcək». Peyğəmbər (s) həmişə həmin yaşıl əba ilə yatırdı. (3)

Allahın fəxr etməsi

Əbu Səid Xudri Peyğəmbərin (s) canını qorumaq üçün Əmirəl-möminin Əlinin (ə) göstərdiyi fədakarlıq haqqında bir rəvayət nəql edir. Rəvayətə görə, Allah-Taala bu fədakarlıqla fəxr etmiş və Cəbrail ilə Mikayılı onu qorumaq üçün yer üzünə göndərmişdir.

Peyğəmbərin (s) səhabələrindən olan Əbu Səid Xudri belə rəvayət etmişdir:

«Peyğəmbər (s) Mədinəyə doğru yola düşmək istədikdə və Əmirəl-möminin (ə) Peyğəmbərin yatağında yatdıqda, Uca Allah Cəbrail və Mikayıla vəhy etdi: “Mən sizdən birinin ölümünü təqdir etmişəm. Hansınız digərinin əvəzinə fədakarlıq etməyə hazırsınız?” Hər ikisi həyatı üstün tutdu.

Sonra Allah onlara vəhy etdi: “Nə üçün Əbu Talib oğlu Əli (ə) kimi olmadınız? Mən onunla Məhəmməd (s) arasında qardaşlıq əhdi bağladım və onlardan birinin ömrünü digərindən daha uzun etdim. Əli (ə) ölümü seçdi, Məhəmmədin (s) sağ qalmasını üstün tutdu və onun yatağında yatdı. İndi yerə enin və onu düşmənlərindən qoruyun”.

Cəbrail və Mikayıl yerə endilər. Onlardan biri Əlinin (ə) başı, digəri isə ayaqları tərəfində oturdu ki, onu düşmənlərindən qorusunlar. Düşmənlərin ona atdıqları daşları da uzaqlaşdırırdılar.

Bu zaman Cəbrail (ə) dedi: “Afərin sənə, ey Əbu Talib oğlu! Sənin kimisi haradadır? Allah sənin vasitənlə yeddi səmanın mələkləri qarşısında fəxr edir!”

Bundan sonra Allah-Taala “Bəqərə” surəsinin 207-ci ayəsini nazil etdi:

وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَاللَّهُ رَؤُوفٌ بِالْعِبَادِ

“İnsanlardan eləsi də vardır ki, Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox şəfqətlidir”. (4)

Peyğəmbərin (s) ilk fədaisi

İmam Səccad (ə) “Leylətül-məbit” gecəsinə və Əmirəl-möminin Əlinin (ə) canından keçərək göstərdiyi fədakarlığa işarə edərək buyurmuşdur:

“Allahın razılığı yolunda canını ilk fəda edən və öz həyatından keçən şəxs Əmirəl-möminin Əli ibn Əbu Talib (ə) olmuşdur. Müşriklər Peyğəmbəri (s) öz yatağında görmədikdə Allah Rəsulunu öldürmək üçün onun ardınca düşdülər. Bundan sonra Əmirəl-möminin (ə) Peyğəmbərin (s) yatağından qalxdı”. (5)

Mənbələr

  1. əs-Sirətun-Nəbəviyyə, cild 1, səh. 480.
  2. Əmaliyi-Tusi, cild 1, səh. 445.
  3. Tarixi-Təbəri, cild 2, səh. 372.
  4. Şəvahidut-Tənzil, cild 1, səh. 123.
  5. əl-Mənaqib, cild 2, səh. 64; Şəvahidut-Tənzil, cild 1, səh. 130.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir