İmam Əli (ə) hərəminin İnformasiya Texnologiyaları Mərkəzi Ərbəin zəvvarlarına müasir texniki və təhlükəsizlik xidmətləri təqdim edir.
İmam Əli (ə) hərəminin İnformasiya Texnologiyaları Mərkəzi zəvvarlara göstərilən xidmətləri dəstəkləmək, onların rahat hərəkətini təmin etmək, təhlükəsizlik və idarəetmə imkanlarını gücləndirmək məqsədilə vahid elektron xidmət sistemi əsasında Ərbəin üçün xüsusi proqramını həyata keçirməyə başlayıb.
Mərkəzin direktor müavini Məhəmməd Kəşkul İmam Əli (ə) hərəminin Xəbər Mərkəzinə bildirib:
“Bu proqram çərçivəsində müqəddəs Ələvi hərəminin ətrafında 80 paylama nöqtəsi vasitəsilə pulsuz internet xidməti təqdim edilir və eyni anda təxminən 5 min zəvvarın bu xidmətdən istifadə etməsi mümkündür. Bundan əlavə, 96-cı dirəkdə (Amud 96) mobil telefonların təmiri xidməti göstərilir, həmçinin zəvvarlar üçün daxili və beynəlxalq telefon danışıqları da pulsuz təmin olunur.”
O əlavə edib:
“Mərkəz müqəddəs Ələvi hərəmi və onun ətrafında quraşdırılmış 5 mindən çox müşahidə kamerasından ibarət sistem vasitəsilə zəvvarların təhlükəsizliyini və izdihamın idarə olunmasını təmin edir. Bununla yanaşı, zəvvar axınının idarə olunması ilə məşğul olan ‘Nəzm’ Mərkəzinə zəruri texniki və avadanlıq dəstəyi göstərilir. Həmçinin İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmləri ilə koordinasiya şəraitində itkin düşən zəvvarların müəyyənləşdirilməsi üçün vahid elektron sistem istifadəyə verilib.”
Məhəmməd Kəşkul bildirib ki, proqram çərçivəsində müqəddəs imam Əli (ə) hərəmi və həzrət Fatimə (s.ə.) həyətinin ətrafında səs sistemləri də yenilənib və təchiz olunub. Bu sistemlər ibadət proqramlarının yayımlanması ilə yanaşı, itkin düşən zəvvarların məlumatlarının elan olunması və onların istiqamətləndirilməsi üçün də istifadə edilir.
Qeyd edək ki, İmam Əli (ə) hərəmi Ərbəin günlərində Əmirəlmöminin həzrət Əlinin (ə) zəvvarlarına göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə “Vafid” adlı proqram təminatını istifadəyə verib. Bu proqram müxtəlif elektron xidmətləri özündə birləşdirir. Bununla yanaşı, zəvvarların dini və mədəni maarifini artırmaq məqsədilə müxtəlif dini müsabiqələr də təşkil olunur.






