İmam Əli (ə) hərəmi Ərbəin günlərinə həsr olunmuş milli Qurani-Kərim layihəsini ardıcıl 14-cü il həyata keçirməyə başlayıb.
İmam Əli (ə) hərəminin Darül-Quran Mərkəzi imam Hüseynin (ə) Ərbəin mərasimləri ilə eyni vaxtda, İraqın 12 vilayətində zəvvarların hərəkət marşrutları boyunca 260-a yaxın Quran məntəqəsi yaratmaqla Ərbəin günlərinə həsr olunmuş milli Qurani-Kərim layihəsinin 14-cü mərhələsinə start verib.
Layihənin məqsədi zəvvarlar arasında Qurani-Kərimin düzgün tilavət mədəniyyətini yaymaq, onların Qurani bilik və mərifətini artırmaqdır.
Quran məntəqələri
İmam Əli (ə) hərəminin Darül-Quran Mərkəzinin rəhbəri Əla Möhsin bu barədə deyib:
“Bu layihə çərçivəsində Həzrət Əmirəlmöminin Əlinin (ə) və imam Hüseynin (ə) müqəddəs hərəmlərini ziyarət edən zəvvarlara Həmd surəsinin və Qurani-Kərimin qısa surələrinin düzgün oxunuşu öyrədilir və düzəliş edilir. Layihə hərtərəfli proqram çərçivəsində Kərbəla istiqamətindəki bütün ziyarət yollarında zəvvarları müşayiət edir.”
O əlavə edib:
“İmam Əli (ə) hərəmi Bəsrə, Zi-Qar, Vasit, Nəcəf-Əşrəf və Bağdad vilayətlərində fəaliyyət göstərən 95 Quran məntəqəsinə birbaşa nəzarət edir. Həmçinin İraqın Quran qariləri və Quran fəalları birliyi ilə əməkdaşlıq çərçivəsində daha 160 məntəqə yeddi digər vilayətdə fəaliyyət göstərir. Beləliklə, layihə çərçivəsində İraqın 12 vilayətində ümumilikdə 260-a yaxın Quran məntəqəsi fəaliyyət göstərir.”
O həmçinin bildirib:
“Layihədə kişi və qadınlar üçün ayrıca bölmələr fəaliyyət göstərir. Burada 1000-dən çox Quran müəllimi və təlimçisi iştirak edərək müxtəlif yaş və qruplardan olan bütün zəvvarlara Qurani-Kərimin düzgün qiraətini öyrədir.”
O əlavə edib ki, qiraət təlimi ilə yanaşı, Quran müsabiqələri, Qurani sual-cavab proqramları və Kərbəlaya aparan yollarda Qurani-Kərimlə üns məclisləri də təşkil olunur.
Ərbəin yolunda Quranın mesajının davamı
İmam Əli (ə) hərəminin Darül-Quran Mərkəzinin rəhbəri vurğulayıb:
“Bu layihə İmam Əli (ə) hərəminin Ərbəin günlərində həyata keçirdiyi ən mühüm Qurani proqramlardan biridir. Məqsəd milyonlarla zəvvar arasında Qurani mədəniyyəti yaymaq, düzgün qiraət ənənəsini möhkəmləndirmək və onların Allahın kəlamı ilə mənəvi bağlılığını daha da gücləndirməkdir.”
Bu layihə Ərbəin mərasimlərinin ən mühüm Qurani proqramlarından biri hesab olunur və milyonlarla Ərbəin zəvvarı arasında Qurani-Kərimin düzgün tilavəti və Allahın Kitabı ilə ünsiyyət mədəniyyətinin yayılmasına xidmət edir.






