İmam Əli (ə) hərəmi müxtəlif dillərdə istiqamətləndirici lövhələr quraşdıraraq zəvvarların yollarını rahat tapmalarına kömək edir.
Ərbəin zəvvarlarına xidmətin daha da yaxşılaşdırılması məqsədilə imam Əli (ə) hərəmi müxtəlif ölçü və çoxlu sayda istiqamətləndirici lövhə və nişanlar quraşdıraraq xidmətlərini genişləndirib. Bunun sayəsində həzrət Əmirəlmöminin Əlinin (ə) müqəddəs hərəmini ziyarət etmək üçün Nəcəf-Əşrəfə gələn zəvvarlar lazım olan marşrutlar və xidmət məntəqələri barədə asanlıqla məlumat əldə edə bilirlər.
İstiqamətləndirici lövhələrin icrası komitəsinin üzvü və layihənin nəzarətçisi Mustafa Əbdüz-Zəhra imam Əli (ə) hərəminin Xəbər Mərkəzinə açıqlamasında deyib:
“İstiqamətləndirici lövhələr layihəsi xidmət, istiqamətləndirmə və məlumatlandırma məqsədi daşıyan bir layihədir. Bu lövhələr müqəddəs Ələvi hərəminin ətrafındakı əsas məntəqələrdə quraşdırılıb. Layihənin məqsədi zəvvarların hərəkətini nizamlı şəkildə təşkil etmək və onların düzgün istiqamətləndirilməsini təmin etməkdir.”
O əlavə edib:
“Bu lövhələr Planlaşdırma və İnkişaf Mərkəzi ilə Nizam-İntizam Mərkəzinin koordinasiyası əsasında layihələndirilib və quraşdırılıb. Vahid vizual üslub və uyğun texniki məzmundan istifadə olunaraq bir neçə dildə hazırlanmış bu lövhələr zəvvarların xidmət mərkəzlərini, mehmanxanaları, istirahət yerlərini və digər xüsusi xidmət obyektlərini asanlıqla tanımasına imkan yaradır.”
O, həmçinin bildirib ki, 2 500 kvadratmetrdən çox istiqamətləndirici lövhə və 200-dən artıq müxtəlif ölçülü məlumatlandırıcı nişan hazırlanaraq quraşdırılıb.
Bu lövhə və nişanlar Heydəri hərəminin daxili və xarici revaklarında, müqəddəs Ələvi hərəminin ətrafında, Həzrət Fatimə (s.ə.) həyətinin revaklarında, qəbul və iaşə mərkəzlərində, tibbi xidmət məntəqələrində, həmçinin Nəcəf-Əşrəf şəhərinin mərkəzindən və tarixi məhəllələrindən Həzrət Əmirəlmömininin (ə) müqəddəs hərəminə aparan bütün küçələrdə yerləşdirilib.
O bildirib ki, bu lövhələr beş əsas kateqoriya üzrə hazırlanıb:
- istiqamətləndirici lövhələr;
- tanıtım lövhələri;
- yönləndirici lövhələr;
- xəbərdaredici lövhələr;
- maarifləndirici lövhələr.
Bu lövhələr müxtəlif dillərdə hazırlanaraq müxtəlif ölkələrdən gələn zəvvarların ehtiyaclarını qarşılamaq üçün istifadəyə verilib.
Komitə üzvü vurğulayıb ki, istiqamətləndirici lövhələr zəvvarların hərəkətinin nizamlanmasında, müqəddəs Ələvi hərəminin ətrafında yaranan izdihamın qarşısının alınmasında və hərəmin əsas girişlərinə çıxışın asanlaşdırılmasında mühüm rol oynayır. Ərbəin günlərində zəvvarların sayının sürətlə artması bu layihənin əhəmiyyətini daha da artırır.
Qeyd edək ki, imam Əli (ə) hərəminin rəhbərliyi mövcud bütün imkanlardan istifadə edərək Ərbəin zəvvarlarına müxtəlif sahələr üzrə geniş xidmətlər göstərməkdə davam edir.
Bu xidmətlər planlı şəkildə təşkil olunur və qəbul-iaşə mərkəzlərinin fəaliyyətə başlamasını, tibbi və səhiyyə xidmətlərinin göstərilməsini, eləcə də dini, etiqadi, Qurani və maarifləndirici xidmətləri əhatə edir. Həzrət Əmirəlmöminin Əlinin (ə) müqəddəs hərəmini ziyarət etmək üçün Nəcəf-Əşrəfə gələn milyonlarla Ərbəin zəvvarının sayının artması ilə bu xidmətlər hər gün daha da genişləndirilir.












