İmam Əli (ə) hərəminin zəvvarlar üçün qonaq evi 100 mindən çox təbərrük yeməyi paylamaqla Ərbəin zəvvarlarına xidmət göstərməyi davam etdirir.
İmam Əli (ə) hərəminin zəvvarlar üçün qonaq evi bölməsi hərəmin rəhbərliyi tərəfindən milyonlarla zəvvarın qarşılanması üçün hazırlanmış genişmiqyaslı xidmət planı əsasında, Əmirəl-möminin Həzrət Əlinin (ə) müqəddəs hərəmini ziyarət etdikdən sonra Hüseyni Ərbəin mərasimində iştirak etmək üçün müqəddəs Kərbəlaya yola düşən zəvvarlara xidmət göstərir.
Zəvvarlar üçün qonaq evi bölməsinin rəhbəri Əsir ət-Təmimi hərəmin Xəbər Mərkəzinə verdiyi müsahibədə bildirib: «Bu bölmə müxtəlif mühüm məntəqələrdə 16 yemək paylama xidmət mərkəzi yaradaraq və təchiz edərək Ərbəin zəvvarlarına xidmət göstərməyə başlayıb».
O əlavə edib: «Gündəlik paylanan yeməklərin sayı 100 mini ötüb. Bu yeməklərə üç əsas qida qəbulu — səhər yeməyi, nahar və şam yeməyi, həmçinin gecə-gündüz zəvvarlara təqdim olunan ara yeməklər daxildir».
Ət-Təmimi sözlərinə belə davam edib: «Yemək paylama mərkəzləri Nəcəf şəhərinin qədim hissəsində, müqəddəs İmam Əli (ə) hərəminin ətrafında, Əl-Huli bölgəsində zəvvarların istirahəti üçün nəzərdə tutulmuş İmam Rza (ə) şəhərciyində, Ərbəin piyada yürüşü marşrutu və zəvvarların istifadə etdiyi digər əsas piyada yollarında, həmçinin Həzrət Fatimə (s.ə) həyətində yerləşən mərkəzi qonaq evində fəaliyyət göstərir.
Bu xidmətlər İmam Əli (ə) hərəminin müxtəlif bölmələrinin və könüllü xidmətçilərin əməkdaşlığı və dəstəyi ilə həyata keçirilir».
Qeyd edək ki, İmam Əli (ə) hərəmi uzun müddətdir ki, bütün imkanlarını və müxtəlif bölmələrini səfərbər edərək Ərbəin zəvvarlarına xidmət göstərmək üçün lazımi hazırlıqları həyata keçirir. Bu zəvvarlar Ərbəin günlərində Nəcəf şəhərində yerləşən Əmirəl-möminin Həzrət Əlinin (ə) müqəddəs hərəmini müqəddəs Kərbəlaya gedən yollarının ən mühüm dayanacaqlarından biri kimi seçirlər.










