Səfər ayının 7-si Əhli-beytin (əleyhimussəlam) Kəriminin, imam Həsən Müctəbanın (əleyhissəlam) şəhadətinin ildönümüdür. O həzrət yalnız Əmirəl-mömininin (əleyhissəlam) övladı və varisi deyil, həm də etiqad və əməl meydanında atasının bütün kamal sifətlərinin və ilahi məqamının əks etdiricisi idi. Bu bağlılıq onun alimcəsinə söylədiyi xütbələrdə və döyüş meydanlarındakı şücaətində öz əksini tapmışdır.
İmam Həsənin (əleyhissəlam) həyatı ağır imamət və əziz atasının canişinliyi vəzifələri ilə müşayiət olunmuşdur. Bu iki böyük imamın həyatında düşüncə, haqqın müdafiəsi və etiqadi dəyərlər baxımından dərin bir uyğunluq müşahidə olunur. İmam Həsənin (əleyhissəlam) Cəməl döyüşünün toz-dumanı içərisində atasının yanında ədalət qılıncını işə saldığı gündən atasının şəhadətə yetişdiyi səhərə qədər davam edən bu həmrəylik yalnız risalətin davamı deyil, həm də həmin böyük şəxsiyyətlərin Allah dininin ucaldılması yolundakı məqsədlərinin göstəricisi idi. O, atasının şəhadət səhəri Kufə məscidinin minbərində «Əmirəl-möminin»in ümmət üçün uca məqamını bəyan etmişdir.
Şəhadətə çatma tərzi
İmam Həsən Müctəba (əleyhissəlam) hicri-qəməri 50-ci il, səfər ayının 7-də Müaviyənin qurduğu sui-qəsd nəticəsində həyat yoldaşı Cödə tərəfindən zəhərləndirilərək şəhadətə çatdırıldı. Bəni-Üməyyənin maneçilikləri İmamın şəhadətindən sonra da davam etdi. Onların Peyğəmbərin (sallallahu əleyhi və alih) yanında dəfn edilməsinə mane olmaları nəticəsində İmamın müqəddəs cənazəsi Bəqi qəbiristanlığında torpağa tapşırıldı.
İmam Həsənin (ə) üzərinə düşən məsuliyyətlər
Əmirəl-mömininin (əleyhissəlam) şəhadətindən sonra imam Həsən (əleyhissəlam) atasının canişini və vəsisi kimi onun ailəsinin, səhabələrinin, vəqf əmlakının və xeyriyyə işlərinin rəhbərliyini öz üzərinə götürdü. [1]
Atası tərəfindən təqdir edilməsi
Əmirəl-möminin (əleyhissəlam) oğlu imam Həsəndən (əleyhissəlam) xalq üçün çıxış etməsini istədi və bundan sonra oğlunu təqdir etdi.
İmam Baqirin (əleyhissəlam) səhabələrindən və görkəmli təfsirçilərdən olan Əbul-Carud nəql edir ki, imam Baqirdən (əleyhissəlam) belə eşitmişdir:
«Əmirəl-möminin (əleyhissəlam) imam Həsənə (əleyhissəlam) buyurdu: “Bu gün qalx və xalq üçün xütbə söylə”.
İmam Həsən (əleyhissəlam) ayağa qalxdı, Allaha həmd-səna etdi və Peyğəmbərə (sallallahu əleyhi və alih) salavat göndərdi. Sonra ilahi ilhamla belə buyurdu:
“Əmirəl-mömininin (əleyhissəlam) elə bir məqamı və mövqeyi vardır ki, ona qəbul edən hər kəs amanda olar, ondan üz döndərən isə kafir olar. Mən yalnız bunu deyirəm və özüm, eləcə də sizin üçün Allahdan bağışlanma diləyirəm”.
İmam Həsən (əleyhissəlam) minbərdən endikdən sonra Əmirəl-möminin (əleyhissəlam) ayağa qalxdı, oğlunun başından öpdü və buyurdu:
“Anam-atam sənə fəda olsun!”
Sonra bu ayəni oxudu:
ذُرِّيَّةً بَعْضُهَا مِنْ بَعْضٍ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
«Onlar bir-birindən törəmiş bir nəsil idilər. Allah Eşidəndir, Biləndir». [2]
Cəməl döyüşü meydanında şücaət
İmam Həsən Müctəbanın (əleyhissəlam) Cəməl döyüşünün alovları içərisində göstərdiyi igidlik onun atasının kamal sifətlərinin təcəllisi və imamət yolunun onda davam etməsinin göstəricisi idi.
Cəməl döyüşü günü Əmirəl-möminin (əleyhissəlam) nizəsini oğlu Məhəmməd ibn Hənəfiyyəyə verərək buyurdu: «Bu nizə ilə dəvəyə (Aişənin dəvəsinə) hücum et».
Məhəmməd irəlilədi, lakin Bəni-Zəbbə qəbiləsinin adamları ona mane oldular və dəvəyə yaxınlaşmasına imkan vermədilər. O, atasının yanına qayıtdıqda imam Həsən (əleyhissəlam) nizəni onun əlindən aldı, dəvəyə tərəf getdi və nizə ilə ona zərbə vurdu. İmam Həsən (əleyhissəlam) geri qayıtdıqda nizənin ucunda qan izləri görünürdü.
Məhəmməd ibn Hənəfiyyə bu işi görə bilmədiyi üçün kədərləndi və narahatlıq üzündə göründü. Əmirəl-möminin (əleyhissəlam) ona buyurdu: «Kədərlənmə. Çünki o (Həsən) Peyğəmbərin oğludur, sən isə Əlinin oğlusan». [3]
Atasının şəhadətindən sonra söylədiyi tarixi xütbə
İmam Həsən Müctəbanın (əleyhissəlam) atasının şəhid oldğu gün söylədiyi xütbədə Əmirəl-mömininin (əleyhissəlam) fəzilət və məqamını belə təsvir edir.
Kufəli şiə tarixçisi Əbu Mixnəf belə nəql edir:
«İmam Həsən (əleyhissəlam) atasının şəhid olduğu günün səhəri Allaha həmd-səna etdikdən və Peyğəmbərə (sallallahu əleyhi və alih) salavat göndərdikdən sonra buyurdu:
“Bu gecə elə bir şəxs şəhadətə çatdı ki, heç kəs yaxşı əməllərdə onu qabaqlamamış və heç kəs onun məqamına çata bilməyəcəkdir”.
O həzrət əlavə etdi:
“O, Allahın Rəsulu (sallallahu əleyhi və alih) ilə birlikdə cihad edirdi və canı ilə onu qoruyurdu. Allahın Rəsulu onu öz bayrağı ilə döyüş meydanına göndərirdi. Cəbrail onun sağ tərəfində, Mikail isə sol tərəfində döyüş meydanında onu müşayiət edirdi. Allah qələbəni onun vasitəsilə gerçəkləşdirənədək O, geri qayıtmırdı.
Onun şəhadəti İsa ibn Məryəmin göyə yüksəldiyi və Musanın vəsisi Yuşə ibn Nunun dünyadan köçdüyü gecə baş verdi.
Dünya malından onun üçün yalnız yeddi yüz dirhəm qalmışdı. O, bu pulla ailəsi üçün bir xidmətçi almaq istəyirdi”.
Bu zaman imam Həsənin (əleyhissəlam) boğazını qəhər tutdu və ağladı. İnsanlar da onunla birlikdə ağladılar. Sonra o həzrət buyurdu:
«Mən Peyğəmbərin (sallallahu əleyhi və alih) oğluyam, Allaha dəvət edənin oğluyam və Allahın onlardan hər cür çirkinliyi uzaqlaşdırdığı bir ailənin övladıyam. Biz Allahın Quranda məhəbbətimizi ümmətə vacib etdiyi “həsənə”yik».
Sonra o həzrət buyurdu:
«Mən müjdə verənin və qorxudan şəxsin oğluyam; Allaha dəvət edənin və Allahın onlardan hər cür çirkinliyi uzaqlaşdırdığı bir ailənin övladıyam. Biz Allahın Quranda məhəbbətimizi ümmətə vacib etdiyi “həsənə”yik. Allah buyurmuşdur:
قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىوَمَنْ يَقْتَرِفْ حَسَنَةً نَزِدْ لَهُ فِيهَا حُسْنًا إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ
“De: Mən sizdən bunun (risalətin) müqabilində qohumlarıma məhəbbətdən başqa heç bir mükafat istəmirəm. Kim yaxşı bir iş görərsə, onun yaxşılığını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükürləri qəbul edəndir” (Şura surəsi, 23-cü ayə).
Beləliklə, “həsənə” biz Əhli-beytə məhəbbət bəsləməkdir». [4]
Nübüvvət ailəsinin şəhadətinin əvvəlcədən xəbər verilməsi
Əmirəl-mömininin (əleyhissəlam) göz yaşları içərisində Sonuncu Peyğəmbər (sallallahu əleyhi və alih) özünün və övladlarının gələcəkdə qarşılaşacağı əzab və şəhadətlərlə dolu günlərdən xəbər vermişdir.
Əmirəl-möminin Əli ibn Əbu Talib (əleyhissəlam) göz yaşları içində Peyğəmbərin (sallallahu əleyhi və alih) yanına gələrək buyurdu:
«Anam-atam sənə fəda olsun, ey Allahın Rəsulu! Siz öldürüləcəksinizmi?»
Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:
«Bəli, mən zəhərlənərək şəhadətə çatdırılacağam. Sən isə qılınc zərbəsi ilə öldürüləcəksən və saqqalın başından axan qanın rənginə boyanacaq. Oğlum Həsən (əleyhissəlam) zəhərlənəcək, oğlum Hüseyn (əleyhissəlam) isə qılıncla qətlə yetiriləcək. Onu zalımın zalım oğlu, haramzadənin haramzadəsi və münafiqin münafiq oğlu şəhadətə çatdıracaq». [5]
Mənbələr
[1] əl-İrşad, c. 2, s. 2.
[2] Təfsiri-Fürat əl-Kufi, s. 79.
[3] əl-Mənaqib, c. 4, s. 21.
[4] Biharul-ənvar, c. 43, s. 362.
[5] Kitabi-Süleym, c. 2, s. 834.