İmam Əli (ə) hərəmində Qadınlarla İşlər bölməsi Ərbəin zəvvarı olan qadınların qarşılanması üçün hərtərəfli plan həyata keçirib.
İmam Əli (ə) hərəmində Qadınlarla İşlər bölməsi Ərbəin günlərinin yaxınlaşması ilə əlaqədar qadın zəvvarların qarşılanması üçün təhlükəsizlik, xidmət və icra sahələrini əhatə edən hərtərəfli plan həyata keçirib. Bölmə bütün insan resurslarını və xidmət imkanlarını səfərbər etməklə zəvvarların rahat hərəkətini və müqəddəs İmam Əli (ə) hərəmi və onun ətrafında yüksək səviyyəli xidmətlərin göstərilməsini təmin etməyə çalışır.
İmam Əli (ə) hərəmində Qadınlarla İşlər bölməsinin məsulu Rəmələ Xəzai hərəmə aid Xəbər Mərkəzinə verdiyi müsahibədə bildirib: «Bu plan İmam Əli (ə) hərəmi daxilində zəvvarların hərəkətinin tənzimlənməsi sahəsində bir sıra yeni tədbirləri əhatə edir. Bu tədbirlər arasında giriş və çıxışların sayının artırılması, yaşlı qadınlar və fövqəladə hallar üçün xüsusi yolların ayrılması da var. Bu tədbir onların Əmirəlmöminin həzrət Əlinin (ə) müqəddəs hərəminə daha asan daxil olmasına imkan yaradır və zəvvarların ən çox olduğu saatlarda sıxlığın azalmasına kömək edir».
O əlavə edib: «Bu bölmə İmam Əli (ə) hərəmində digər dəstək bölmələri ilə koordinasiya şəraitində bir sıra xidmət və istiqamətləndirmə yeniliklərini həyata keçirib. Buraya istiqamətləndirici lövhələrin quraşdırılması və müqəddəs hərəmdə istiqamət xəritələrindən istifadə daxildir. Bununla zəvvarlar yollarını asanlıqla tapa və müxtəlif xidmət bölmələrinə rahat şəkildə çata biləcəklər».
Xəzai həmçinin bildirib ki, Qadınlarla İşlər bölməsi çoxsaylı zəvvarların qarşılanması üçün xidmət girişlərini, müvəqqəti yerləşmə məkanlarını və təhlükəsizlik yoxlama məntəqələrini hazırlayıb. Ərbəin günləri ərzində isə icra, istiqamətləndirmə və insan resursları sahəsində xidmətlər göstərməklə zəvvarların ehtiyaclarını qarşılayacaq. Artıq ilk zəvvar dalğasının gəlişi başlayıb.












