İmam Əli (ə) hərəmi zəvvarlara xidmət göstərmək məqsədilə hərtərəfli tibbi və sanitariya planının həyata keçirildiyini açıqlayıb.
İmam Əli (ə) hərəminə bağlı Rəsul-Əkrəm Tibb Mərkəzi imam Hüseynin (ə) Ərbəin günlərində tibbi və sanitariya xidmətləri göstərmək üçün hazırlıqlarını tamamladığını bildirib.
Bu mərkəz hərtərəfli plan həyata keçirməklə Əmirəlmömininin (ə) müqəddəs hərəmini ziyarət etmək üçün gələn zəvvarlara ən yüksək səviyyədə tibbi və təcili yardım xidmətləri göstərməyi qarşıya məqsəd qoyub.
Mərkəzin rəhbəri doktor Cavad İsmaili imam Əli (ə) hərəminin xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: «Bu mərkəz imam Əli (ə) hərəminin müxtəlif bölmələri ilə koordinasiya və Nəcəfi-əşrəf Səhiyyə İdarəsi, eləcə də İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində hərəmin ətrafında beş tibb məntəqəsi yaradacaq. Bu məntəqələr tibbi, tibb bacısı və xidmət heyəti, həmçinin tibbi avadanlıqlar, dərmanlar və digər zəruri tibbi ləvazimatlarla təchiz ediləcək».
O əlavə edib: «Könüllü xidmətçilər üçün nəzərdə tutulan Qənbər Mərkəzi 335 xilasedicinin — 210 kişi və 125 qadının — göndərilməsi ilə təcili təxliyə bölməsinin gücləndirilməsinə kömək edəcək. Bu qüvvələr sahədə təcili yardım xidmətləri göstərmək və daha çox tibbi nəzarətə ehtiyacı olan xəstələri yerləşdirilmiş təcili yardım avtomobilləri vasitəsilə ən yaxın tibb məntəqəsinə çatdırmaq vəzifəsini yerinə yetirəcəklər».
İmam Əli (ə) hərəmi imam Hüseynin (ə) Ərbəin günlərində bütün xidmət, dəstək və tibbi imkanlarını səfərbər edərək Əmirəlmömininin (ə) müqəddəs hərəmini ziyarət etmək üçün Nəcəfi-əşrəfə gələn milyonlarla zəvvara xidmət göstərmək istiqamətində fəaliyyət göstərəcək.
