İmam Əli (ə) hərəmi Nəcəfi-əşrəfdə yerləşən böyük Qədir Kompleksi layihəsinin təfərrüatlarını açıqlayıb.
İmam Əli (ə) hərəmi Mühəndislik və Tikinti İşləri bölməsi vasitəsilə hərəmin ən mühüm tikinti və investisiya layihələrindən biri hesab olunan böyük Qədir Kompleksi layihəsinin təfərrüatlarını açıqlayıb. Hazırda həyata keçirilən bu layihənin məqsədi Nəcəfi-əşrəf şəhərinin xidmət, ticarət və turizm infrastrukturunu gücləndirməkdir.
Mühəndislik və Tikinti İşləri bölməsinin rəhbəri mühəndis Mustafa Məhbubə İmam Əli (ə) hərəminin xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: «Böyük Qədir Kompleksi layihəsi İmam Əli (ə) hərəminin Nəcəfi-əşrəf şəhərinin qədim hissəsinin tikinti və xidmət vəziyyətinin yaxşılaşdırılmasına dair strateji baxışı çərçivəsində həyata keçirilir. Məqsəd İraqın daxilindən və xaricindən gələn zəvvarlara və ziyarətçilərə ən yüksək səviyyədə xidmət göstərməkdir.
Bu layihə Əs-Sədir bölgəsində 15 min kvadratmetr ərazidə inşa edilir. Layihənin dizaynında İslam memarlığının özünəməxsusluğu ilə müasir inkişafın tələblərinin vəhdətinə xüsusi diqqət yetirilib».
Layihənin memarı Həsən Əli də bu barədə deyib: «Bu kompleksə bir sıra ticarət obyektləri, hotel otaqları və zəvvarların yerləşdirilməsi üçün yaşayış bölmələri daxildir. Həmçinin burada dini fəaliyyətlərin mərkəzi kimi məscid və ilboyu Nəcəfi-əşrəf sakinlərinə və milyonlarla zəvvara xidmət göstərəcək müxtəlif xidmətlərlə təchiz edilmiş istirahət məntəqəsinin yaradılması nəzərdə tutulub».
O əlavə edib: «Bu layihədə 925 avtomobil tutumuna malik müasir parkinq də nəzərdə tutulub. Bu parkinq, xüsusilə milyonlarla zəvvarın iştirak etdiyi ziyarət günlərində parkinq yerlərinin çatışmazlığı probleminin azaldılmasında və ərazidə nəqliyyatın tənzimlənməsində mühüm rol oynayacaq».
O vurğulayıb ki, bu kompleksin layihələndirilməsi zamanı Nəcəf şəhərinin yerli memarlıq elementlərindən və özünəməxsus kimliyindən istifadə edilib. Beləliklə, ticarət, yaşayış, yerləşmə və dini fəaliyyətləri özündə birləşdirən vahid şəhər kompleksi yaradılır.
İmam Əli (ə) hərəmi Nəcəfi-əşrəfin şəhər simasının inkişaf etdirilməsi məqsədilə xidmət və tikinti layihələrinin həyata keçirilməsini davam etdirir. Bu layihələr iqtisadi fəaliyyətlərin canlandırılması, investisiyaların cəlb edilməsi və infrastrukturun inkişafı ilə yanaşı, Nəcəfi-əşrəf sakinlərinə və əziz zəvvarlara hərtərəfli və layiqli xidmətlərin göstərilməsi üçün əlverişli şərait yaradır.













