İmam Əli (ə) hərəmi qabaqcıl texnoloji həllər və rəqəmsal yeniliklər vasitəsilə Ərbəin xidmətlərini inkişaf etdirir.
İmam Əli (ə) hərəminin İnformasiya Texnologiyaları Mərkəzi Təhlükəsizlik bölməsi ilə əməkdaşlıq çərçivəsində Hüseyni Ərbəin zəvvarlarına göstərilən xidmətlərin inkişaf etdirilməsi, eləcə də bu milyonlarla zəvvarın iştirak etdiyi ziyarətdə müqəddəs ziyarətgahlar, qurumlar və iştirakçı təşkilatlar arasında texniki həmrəyliyin və inteqrasiyanın gücləndirilməsi məqsədilə bir sıra rəqəmsal təşəbbüslər həyata keçirib.
Sistemlərin və proqram təminatlarının inkişafı bölməsinin məsul şəxsi Hişam Əbdəli hərəmin xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: «Ərbəin mərasimi zamanı müqəddəs ziyarətgahlar və dəstək göstərən qurumlar səviyyəsində itkin düşmüş şəxslərin yönləndirilməsi sisteminin məlumatlarının inteqrasiyası layihəsi həyata keçirilib. Bu layihə vahid məlumat bazası əsasında ziyarətgahlara və ya iştirakçı təşkilatlara bağlı bütün sistemlər vasitəsilə itkin düşmüş və ya yolu azmış şəxslərin axtarılmasına və tapılmasına imkan yaradır. Bu tədbir itkin düşmüş şəxslərin yönləndirilməsi prosesini sürətləndirir və onların ailələri ilə yenidən birləşdirilməsinə kömək edir. Bu, imam Əli (ə) hərəminin Ərbəin günlərində həyata keçirdiyi ən mühüm texnoloji təşəbbüslərdən biridir».
O əlavə edib: «Bu bölmə, həmçinin itkin düşmüş şəxslərin yönləndirilməsi sisteminin istifadəçi interfeysini təkmilləşdirib və sistemdən əməkdaşlar və zəvvarlar üçün istifadənin daha asan olması məqsədilə ona yeni virtual imkanlar və xidmətlər əlavə edib.
Bundan əlavə, “Xidmətə qoşulma” proqramı “Vafid” tətbiqində virtual qeydiyyat formasının yaradılması ilə inkişaf etdirilib. Beləliklə, maraqlı şəxslər zəvvarlara xidmət göstərmək üçün virtual şəkildə qeydiyyatdan keçə və müraciətlərini təqdim edə bilərlər».
O sözlərinə davam edib: «Bu bölmə, həmçinin “Vafid” tətbiqi vasitəsilə Ərbəin müsabiqəsi keçirir. Müsabiqə 20 mədəni və dini sualdan ibarətdir və Səfər ayının ilk günündən 20-ci gününədək davam edir. Qaliblər üçün dəyərli hədiyyələr də nəzərdə tutulub. Bu müsabiqənin keçirilməsində məqsəd dini maarifin yüksəldilməsi və zəvvarlarla virtual qarşılıqlı əlaqənin genişləndirilməsidir».
İmam Əli (ə) hərəmi müxtəlif bölmələri vasitəsilə bütün imkanlarını səfərbər edərək tam hazırlıq səviyyəsinə çatmaq və Ərbəin günlərində Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) zəvvarlarına nizamlı və yüksəkkeyfiyyətli xidmətlər göstərmək üçün səylərini davam etdirir.








