İmam Əli (ə) hərəmi hərtərəfli xidmət planını həyata keçirməklə Ərbəin zəvvarlarını qarşılamağa hazırlıqlarını tamamlayıb.
İmam Əli (ə) hərəminin Xidmət İşləri bölməsi milyonlarla Ərbəin zəvvarını qarşılamaq üçün erkən hazırlıqlar çərçivəsində hərtərəfli xidmət planının icrasını davam etdirir.
Bu plan zəvvarların rahatlığını təmin etmək və Ərbəin mərasimi zamanı onların hərəkətini asanlaşdırmaq məqsədilə müxtəlif əsas xidmətlərin göstərilməsini və zəruri infrastrukturun hazırlanmasını əhatə edir.
Xidmət İşləri bölməsinin rəhbər müavini Mehdi Saleh Mehdi hərəmin xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: «Bu bölmənin əməkdaşları zəvvarların çanta və əşyalarının saxlanılması üçün beşdən çox əmanət saxlama məntəqəsinin fəaliyyətə başlaması üzərində işə başlayıblar. Bu məntəqələrin hər birinin tutumu 2 mindən çox əmanətdir. Bu tədbir zəvvarların hərəkətinin asanlaşdırılmasında, eləcə də onların əşyalarının qorunub saxlanılmasında mühüm rol oynayacaq».
O əlavə edib: «Bu bölmə zəvvarların yerləşdirilməsi üçün səkkiz böyük çadırın quraşdırılması və təchiz edilməsi işlərini başa çatdırıb. Onlardan dördü Həzrət Höccət (əccələllahu-təala fərəcəhüş-şərif) küçəsində, dördü isə İmam Rza (ə) şəhərciyində qurulub.
Hər bir çadırın sahəsi 1000 kvadratmetrdən çoxdur və onların hamısı zəvvarların qəbulu üçün xalçalar və hava soyuducu qurğularla təchiz edilib».
O, həmçinin qeyd edib ki, bu xidmət planı imam Əli (ə) hərəminin ətrafında və İmam Rza (ə) şəhərciyində 14-dən çox soyuq içməli su paylama məntəqəsinin yerləşdirilməsini də əhatə edir.
Bundan əlavə, imam Əli (ə) hərəminin ətrafında və həzrət Fatimə (s.ə) səhnəsində 500-dən çox hava soyuducu qurğu quraşdırılıb və hərəmin hər üç mərtəbəsi də xalçalarla döşənib.
Mehdi sözlərinə belə davam edib: «Bu bölmə Kufə küçəsindən imam Əli (ə) hərəminin ətrafına qədər olan marşrutda yeddidən çox səyyar sanitar qovşaq yerləşdirib. Bundan əlavə, imam Əli (ə) hərəminin ətrafında, imam Rza (ə) şəhərciyində, eləcə də 96 və 234-cü dirəklərdə zəvvarlara xidmət göstərən mərkəzlərdə yerləşən daimi sanitar qovşaqlar da yenidən təmir edilərək istifadəyə hazırlanıb. Beləliklə, onların hamısı zəvvarlara xidmət göstərməyə hazır vəziyyətə gətirilib».
O vurğulayıb: «Bu tədbirlərin bir hissəsinə, xüsusilə xalçalar və soyuducu qurğularla təchiz edilmiş yerləşmə çadırlarının qurulmasına və təchizatına bir aydan çox əvvəl başlanılıb. Digər proqramlar isə Səfər ayının başlanması ilə paralel olaraq tədricən tamamlanacaq. Bu tədbirlərdən biri də Ərbəin mərasimi günlərində xidmət göstərmək üçün könüllü xidmətçilərin iştirakı ilə bu bölmənin əməkdaşlarının sayının artırılmasıdır».
Qeyd edək ki, bu tədbirlər imam Əli (ə) hərəminin hərtərəfli xidmət planı çərçivəsində zəvvarlara ən yüksək səviyyədə xidmət göstərmək və Ərbəin mərasiminin daha möhtəşəm keçirilməsi üçün əlverişli şərait yaratmaq məqsədilə həyata keçirilir.





