İmam Səccad (ə), Yezidin məclisində söylədiyi cəsarətli və təsirli xütbə ilə həzrət Əmirəlmöminin imam Əlini (ə) və Əhli-beyti müdafiə etdi, əsirlik səhnəsini vilayətin müdafiəsi və Bəni-Üməyyənin yalanlarının ifşa olunduğu bir meydana çevirdi.
İmam Səccad (ə) Dəməşqin mərkəzində misilsiz cəsarətlə çıxış edərək həzrət Əmirəlmöminin imam Əlinin (ə) və Əhli-beytin uca məqamını tanıtdı və tarixi həqiqətləri üzə çıxarmağa nail oldu. Həzrət Qurani-Kərimin ayələrinə və ilahi fəzilətlərə istinad edərək, möhtərəm ataları həzrət Əmirəlmöminin imam Əlinin (ə) İslamın əsas dayağı olduğunu uca səslə bəyan etdi. Sonda isə Peyğəmbər (s) ailəsinin uca məqamını izah etməklə, Möminlərin Mövlasının və Ali-Məhəmmədin haqq yolunda olduğunu azğın Əməvi cərəyanı qarşısında qətiyyətlə sübuta yetirdi.
Əsirlərin Şama daxil olmasının ürəkdağlayan məbzərəsi
Məhərrəm ayının 29-u əsirlər karvanının Şama daxil olduğu günün ildönümüdür. “Mənaqib“ kitabının müəllifi, Əhli-beyt əsirlərinin karvanının və şəhidlərin mübarək başlarının Şama gətirilməsi səhnələrinin və anlarının rəvayətçilərindən olan Səhl ibn Sədddən belə nəql edir:
“Şamda sevinc və musiqi ilə dolu bir mühitlə qarşılaşdı. İnsanlar isə amansızcasına İmam Hüseynin (ə) mübarək başının İraqdan gətirilmiş bir hədiyyə olduğunu xəbər verirdilər. O, mübarək başı daşıyan nizədarı gördükdə və Həzrət Səkinə (ə) ilə görüşdükdə, Həzrət Səkinə (ə) mübarək başın Peyğəmbərin (s) övladlarının qarşısından daha irəlidə aparılmasını istədi. O da nizədara müəyyən məbləğdə pul verməklə onu razı salmağa çalışdı ki, mübarək başı Yezidin yanına aparsın.
Yezidin sarayında isə nizədar öldürüldükdən sonra İmam Hüseynin (ə) mübarək başı qızıl təştin içinə qoyuldu. Bu hadisə o qədər böyük və sarsıdıcı idi ki, tabiin alimləri müsibətin şiddətindən gizləndilər və bu qətli Allah Rəsulunun (s) öldürülməsi, eləcə də təkbir («Allahu Əkbər») və təhlil («Lə ilahə illəllah») kəlmələrinin mənasının aradan qaldırılması kimi qiymətləndirdilər.
Şam şəhərindəki münazirələrdə Qurana istinad
Kərbəla əsirlərinin karvanı məscidə daxil olduqdan sonra bir qoca onlara qarşı təhqiramiz və kinli sözlər söyləyərək irad bildirdi. Lakin imam Səccad (ə) həzrət Əmirəlmöminin imam Əli (ə) və Əhli-beytin şənində nazil olmuş Qurani-Kərim ayələrinə istinad edərək özünün həqiqi kimliyini və ilahi məqamını ona sübut etdi.
Qoca dedi:
«Sizi öldürən, həlak edən, şəhərləri sizin kişilərinizdən rahat edən və Yezidi sizə hakim edən Allaha həmd olsun.»
Həzrət Əli ibn Hüseyn (ə) buyurdu:
«Ey qoca! Qurani-Kərimi oxumusanmı?»
Qoca cavab verdi:
«Bəli.»
Həzrət (ə) Şura və Ənfal surələrinin ayələrinə işarə edərək Peyğəmbər (s) ailəsinin məqamını ona bəyan etdi, sonra isə Təthir ayəsini misal gətirdi.
İmam Səccad (ə) buyurdu:
«Məgər bu ayəni oxumamısan ki, Allah-Təala buyurur:
“Həqiqətən, Allahın iradəsi budur ki, siz Əhli-beytdən hər cür çirkinliyi uzaqlaşdırsın və sizi kamil şəkildə pak etsin.” (Əhzab, 33)Qoca dedi:
«Bəli, bu ayəni oxumuşam.»
İmam Səccad (ə) buyurdu:
«Ey qoca! Biz elə o Əhli-beytik ki, Allah bu Təthir ayəsini bizə məxsus etmişdir.»
Bu Qurani dəlillər qocanın həqiqəti dərk etməsinə səbəb oldu. O, peşman olub göz yaşları tökdü, Məhəmməd (s) ailəsinə qarşı düşmənçilikdən uzaq olduğunu bildirdi, tövbə edərək İmamdan (ə) bağışlanmasını istədi. Lakin Yezid onun mövqeyinin dəyişdiyini öyrəndikdə, həmin qocanın öldürülməsi barədə göstəriş verdi. [1]
Təhrifin məğlubiyyəti
Yezid öz məclisində bir xətibi çağıraraq həzrət Əmirəlmöminin imam Əli (ə) və İmam Hüseyn (ə) haqqında həqiqətləri təhrif etməyə və onları pisləməyə çalışdı. Bununla o, Bəni-Üməyyə hakimiyyətinin legitimliyini möhkəmləndirmək istəyirdi.
Şiə fəqihi, müfəssiri və mühəddisi İbn Şəhraşub yazır:
«Lənətə gəlmiş Yezid bir minbər və bir xətib hazırlatdı ki, imam Hüseyn (ə) və Həzrət Əmirəlmöminin imam Əlinin (ə) Bəni-Üməyyə hakimiyyətinə qarşı mövqeyini təhrif etsin.»
İmam Səccad (ə) buna etiraz edərək Yezidi sərt şəkildə məzəmmət etdi və onu insanların razılığını Allahın qəzəbi bahasına qazanmaqda ittiham etdi. Xalqın təkidindən sonra və Yezidin ilkin etirazına baxmayaraq, İmama (ə) minbərə çıxmağa icazə verildi.
İmam Səccad (ə) son dərəcə təsirli və bəlağətli bir xütbə söylədi. Həzrət özünün və Peyğəmbər (s) Əhli-beytinin altı əxlaqi xüsusiyyətini və yeddi üstün məziyyətini bəyan etdi. İlahi nəsəbə, möcüzələrə, vəhy və səma ilə olan yaxın əlaqələrinə istinad edərək Əhli-beytin əsl kimliyini və misilsiz mənəvi məqamını hamıya tanıtdı. Beləliklə, Yezid hakimiyyətinin təhrif etdiyi həqiqətləri yenidən üzə çıxardı və haqqı öz yerinə qaytardı.
Möminlərin Mövlasının şəninə söylənən xütbə
Həzrət Əli ibn Hüseyn imam Səccad (ə) bu xütbəsində həzrət Əmirəlmöminin İmam Əlinin (ə) təxminən yetmiş fəzilətini sadalamışdır. İmam Səccadın (ə) xütbəsindən bir hissə belədir:
«Mən Məhəmməd Mustafanın (s) oğluyam. Mən Əli Mürtəzanın (ə) oğluyam. Mən insanların burunlarına qılınc endirən o kəsin oğluyam ki, onlar “Lə ilahə illəllah” desinlər.
Mən Allah Rəsulunun (s) yanında iki qılıncla cihad edən, iki nizə ilə vuruşan, iki dəfə hicrət edən, iki dəfə beyət edən, Bədr və Hüneyn döyüşlərində iştirak edən və bir göz qırpımı qədər belə Allaha küfr etməyən kəsin oğluyam.
Mən möminlərin salehinin, peyğəmbərlərin varisinin, mülhidləri kökündən qoparanın, müsəlmanların rəhbərinin, mücahidlərin nurunun, abidlərin zinətinin, ağlayanların tacının, səbirlilərin ən səbirlisinin, Ali-Yasindən olanların ən fəzilətlisinin və aləmlərin Rəbbinin Elçisinin oğluyam.
Mən Cəbrailin dəstəklədiyi və Mikailin yardım etdiyi kəsin oğluyam. Mən müsəlmanların hərəmini müdafiə edən, Mariqinlərlə, Nakisinlərlə və Qasitinlərlə döyüşən, özünə düşmən olan nasibilərə qarşı cihad edən, Qüreyş övladlarının ən şərəflisinin oğluyam.
Mən möminlər arasında Allaha və Onun Rəsuluna (s) ilk cavab verənin, İslamı ilk qəbul edənlərdən olanın, təcavüzkarları sındıranın, müşrikləri məhv edənin, münafiqlərə qarşı Allahın oxlarından biri olanın, ibadət edənlərin hikmət dili, Allahın dininin yardımçısı, Allahın vəlisi, Allahın hikmət bağçası və Onun elminin məskəni olan kəsin oğluyam.
O, mülayim xasiyyətli, səxavətli, heybətli, həyalı, pak, Bətha diyarından olan, Allahın razılığına nail olmuş, qətiyyətli, uca himmətli, səbirli, oruc tutan, tərbiyəli, daim qiyam edən, düşmənin belini qıran və dəstələri bir-birindən ayıran idi.
O, insanların ən təqvalısı, ən mətin iradəlisi, ən qətiyyətlisi və ən cəsuru idi. Döyüşlərdə nizələr bir-birinə yaxınlaşanda, savaşın çətinlikləri şiddətlənəndə düşmənləri dəyirman daşı kimi üyüdər, küləyin quru otları sovurduğu kimi onları pərən-pərən edərdi. O, Hicazın meşələrinin şiri, İraqın qüdrətli rəhbəri, Məkkəli, Mədinəli, Xeyf məscidinə mənsub, Əqəbə beyətinin iştirakçısı, Bədr və Ühüd qəhrəmanı, Şəcərə (Rizvan) beyətinin iştirakçısı, mühacir, ərəblərin ağası və döyüş meydanlarının şiri, iki böyük mövqeyin varisi, ümmətin iki nəvəsi – Həsən (ə) və Hüseynin (ə) atası idi. Bütün bunlar mənim babam Əli ibn Əbu Talibin (ə) sifətləridir.»
Sonra buyurdu:
«Mən Fatimeyi-Zəhranın (s.ə) oğluyam. Mən aləmlərin qadınlarının xanımının oğluyam.»
Həzrət (ə) özünü bu şəkildə tanıtmağa davam etdi. Nəhayət, məclisdə olanların fəryad və ağlama səsləri ucaldı. [2]
İmam Hüseynin (ə) övladları arasında Əlinin adının təkrarlanması
Yezidlə imam Səccad (ə) arasında davam edən söhbətdə Həzrətin övladlarına verilən adların səbəbi barədə bir sual səsləndi. Verilən cavab isə imam Hüseynin (ə) öz atası Həzrət Əmirəlmöminin İmam Əliyə (ə) olan dərin məhəbbətini əks etdirirdi.
Lənətlik Yezid ibn Müaviyə həzrət Əli ibn Hüseynə (ə) dedi:
«Təəccüblənirəm! Atan bu qədər adın içindən niyə övladlarının hamısına yalnız Əli adını qoyurdu?»
İmam Səccad (ə) buyurdu:
«Çünki atam Hüseyn (ə) öz atasını çox sevirdi. Buna görə də onun adını təkrar-təkrar övladlarına verirdi.» [3]
Mənbələr
[1] Biharul-ənvar, c. 45, s. 127; əl-Lühuf alə qətlət-Tüfuf, s. 156.
[2] Biharul-ənvar, c. 45, s. 137; Əmali (Şeyx Səduq), s. 167.
[3] Biharul-ənvar, c. 45, s. 175.