Nəcəf valisi və bir sıra dövlət qurumlarının rəhbərləri İmam Əli (ə) hərəminin ixtisaslaşmış bölmələrində olublar.
İmam Əli (ə) hərəmi Nəcəfi-Əşrəf valisi mühəndis Yusif Kənəvini və bir sıra dövlət qurumları ilə idarələrinin yüksəkvəzifəli rəhbərlərini qəbul edib.
Nümayəndə heyəti işgüzar səfər çərçivəsində Strateji Planlaşdırma Bölməsinin «Nüzum» Mərkəzini, İnformasiya Texnologiyaları Mərkəzini və Media Bölməsini ziyarət edib. Səfərdə imam Əli (ə) hərəminin qəyyumluq idarəsi rəisinin müavini Ehsan ət-Tai və İdarə Heyətinin üzvü Mustafa Muna iştirak ediblər.
İmam Əli (ə) hərəminin Media Bölməsinin rəhbəri Heydər Rəhim Hərəmin Xəbər Mərkəzinə verdiyi açıqlamada bildirib: «Bu səfər imam Əli (ə) hərəminin Nəcəf əyalətinin və İraqın digər vilayətlərinin dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsi siyasəti çərçivəsində həyata keçirilib.
Səfər zamanı nümayəndə heyəti Əmirəlmöminin həzrət Əlinin (ə) müqəddəs ziyarətgahına gələn zəvvarlara xidmətlərin idarə olunmasında istifadə edilən ən müasir texnologiyalar və sistemlər, milyonlarla zəvvarın iştirak etdiyi ziyarətlər üçün görülən xüsusi hazırlıqlar, eləcə də xidmət prosesinin fasiləsizliyini və zəvvarlara ən yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək məqsədilə dəstək bölmələri arasında koordinasiya və əməkdaşlıq mexanizmləri ilə tanış olub.»
O əlavə edib: «Nümayəndə heyəti səfər zamanı müxtəlif bölmələrin fəaliyyət istiqamətləri və onların imam Əli (ə) hərəminin ziyarət günlərində həyata keçirdiyi əməliyyat planlarına verdiyi dəstək barədə ətraflı məlumat alıb. Həmçinin dini mərasimlərin informasiya təminatının təşkili, media fəaliyyətinin idarə olunması və zəvvarlara təqdim edilən genişmiqyaslı xidmətlərin işıqlandırılması üçün tətbiq olunan proqramlarla yaxından tanış olublar.»
Bu səfər imam Əli (ə) hərəmi ilə Nəcəf əyalətinin dövlət xidmət qurumları arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi, qarşılıqlı təcrübə və bilik mübadiləsinin aparılması, birgə əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi, eləcə də müqəddəs şəhərə gələn zəvvarlara və qonaqlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə həyata keçirilib.












