Most searched:

Nəcəf şəhərinin Aşura mərasimləri

İmam Əli (ə) hərəmi Nəcəf şəhərinin Aşura mərasimləri haqqında sənədli filmin çəkilişinə başlayıb

İmam Əli (ə) hərəmi Nəcəf Əşrəfin qədim məhəllələrində keçirilən Aşura əza məclisləri haqqında genişmiqyaslı sənədli filmin çəkilişinə başlayıb.

İmam Əli (ə) hərəminin Media şöbəsi ilk dəfə olaraq Nəcəf Əşrəfin tarixi hissəsində və imam Əli (ə) hərəminin ətrafında keçirilən bütün əza məclislərini və Aşura mərasimlərini sənədli film formatında lentə almaq məqsədilə ixtisaslaşmış media layihəsinə start verib.

Bu layihə Hüseyni irsinin qorunub saxlanılması, həzrət imam Hüseynin (ə) şəhadəti münasibətilə keçirilən dini mərasimlərin, ictimai ənənələrin və dini-mədəni dəyərlərin gələcək nəsillərə çatdırılması məqsədilə həyata keçirilir.

Bu barədə imam Əli (ə) hərəminin Media şöbəsinin müdiri Heydər Rəhim Xəbər Mərkəzinə açıqlamasında deyib:

«Bu layihə Nəcəf şəhərinin bütün ərazilərində keçirilən əza məclislərinin, əsas hüseyni xeymələrin, həmçinin küçələrdə, dini hövzələrdə, bazarlarda, ticarət obyektlərində, zirzəmilərdə və Nəcəfin qədim evlərində təşkil olunan matəm mərasimlərinin hərtərəfli şəkildə lentə alınmasını əhatə edir. Bu məclislər şəhərin Aşura tarixinin və irsinin ayrılmaz hissəsi olmaqla yanaşı, dərin iman və ictimai həmrəyliyin köklü təzahürüdür.»

O əlavə edib:

Layihənin icrası üçün fotoqraflar, müxbirlər, montajçılar və məzmun istehsalçılarından ibarət media qrupu formalaşdırılıb. Qrup Məhərrəmül-həram ayının ilk ongünlüyü ərzində bütün bu məclisləri foto və video formatında çəkərək sənədli film üçün materiallar hazırlayacaq.

Bundan əlavə, İmam Əli (ə) hərəminin peyk televiziya kanalı və ona bağlı rəqəmsal platformalar vasitəsilə xəbər reportajları və canlı yayımlar təqdim olunacaq. Bununla Nəcəfin qədim məhəllələrində sübhün ilk saatlarından gecə yarısınadək davam edən matəm mərasimlərinin mənəvi ab-havası və özünəməxsus xüsusiyyətləri tamaşaçılara çatdırılacaq.

Bu layihə imam Əli (ə) hərəminin Media şöbəsinin Nəcəf Əşrəfdə keçirilən Hüseyni mərasimlərinin müxtəlif təzahürlərini sənədli film formatında lentə almaq və onların mənəvi mesajını müxtəlif media vasitələri ilə ölkə daxilində və beynəlxalq auditoriyaya çatdırmaq istiqamətində həyata keçirdiyi proqramlar çərçivəsində icra olunur.

Daha çox məzmun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir