İmam Əli (ə) hərəminin nümayəndə heyəti Nəcəfin qədim məhəllələrində fəaliyyət göstərən hüseyni xeymələrinə baş çəkərək zəvvarlara göstərilən xidmətlərin dəstəklənəcəyini vurğulayıb.
İmam Əli (ə) hərəminin nümayəndə heyəti hərəm rəisinin müavini İhsan ət-Tainin rəhbərliyi, İdarə Heyətinin bir qrup üzvü və İctimai Əlaqələr şöbəsinin rəisinin iştirakı ilə Nəcəf şəhərinin qədim hissəsində yerləşən bir sıra hüseyni xeymələrinə yerində baxış keçirib.
Bu səfər Məhərrəmül-həram ayı mərasimlərinin keçirilməsi ilə bağlı hazırlıq işlərinin izlənilməsi və qiymətləndirilməsi çərçivəsində həyata keçirilib.
Səfər çərçivəsində hüseyni xeymələrinə zəruri avadanlıq və ləvazimat dəstəyi göstərilib, o cümlədən ərzaq məhsulları və içməli su ilə təminat həyata keçirilib. Bununla yanaşı, zəvvarlara və əzadarlara göstərilən xidmətlərin daha da gücləndirilməsi məqsədilə xeymələrə lazımi maddi və mənəvi dəstək də təqdim olunub.
Nümayəndə heyəti həmçinin xeymə məsullarının irəli sürdüyü təklif və fikirləri dinləyib, İmam Əli (ə) hərəminin xidmət sahəsində çalışan könüllülər və xadimlərlə birbaşa əlaqələrin davam etdirilməsinə xüsusi önəm verdiyini vurğulayıb.
Heyət bildirib ki, imam Əli (ə) hərəmi Məhərrəm matəm mərasimlərinin daha əzəmətli şəkildə keçirilməsi və Hüseyni şüarların yaşadılması üçün bütün imkanlarını səfərbər edəcək.
Qeyd edək ki, imam Əli (ə) hərəmi hüseyni xeymələrinə xüsusi diqqət yetirir və dini münasibətlər, eləcə də milyonlarla zəvvarın iştirak etdiyi ziyarətlər zamanı zəvvarlara ən yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə onlara daim dəstək verir.