Davamlı humanitar fəaliyyətlər çərçivəsində və İran xalqının üzləşdiyi vəziyyətə cavab olaraq, İmam Əli (ə) hərəmi İranın bir sıra şəhərlərində zərərçəkənlərə yardım məqsədilə böyük yardım kampaniyasının başladığını elan edib.
Bu addım bütün logistika hazırlıqları və rəsmi qurumlarla zəruri koordinasiyalar tamamlandıqdan sonra həyata keçirilir ki, yardımlar ehtiyac sahiblərinə təcili və nizamlı şəkildə çatdırılsın.
Yardım kampaniyasına hazırlıqlar tamamlandı
İdarə heyətinin üzvü və yardım kampaniyası komitəsinin rəhbəri Heydər əl-İsaviy xəbər mərkəzinə açıqlamasında bildirib:
“İmam Əli (ə) hərəminin qəyyumunun göstərişi ilə və aidiyyəti bölmə rəhbərlərinin iştirakı ilə nəzarət komitəsinin iclası keçirilib. İclasda yardımın hədəf bölgələrə daha sürətli çatdırılması üçün icra mexanizmləri və yollar müzakirə olunub.”
Ehtiyacların müəyyənləşdirilməsi üçün sahə araşdırması
O əlavə edib:
“Bu kampaniya İmam Əli (ə) hərəminin rəsmi heyətinin İrana səfərindən sonra formalaşıb. Səfər zamanı əsas zəruri ehtiyaclar araşdırılıb və zərərçəkənlərə lazımi dəstəyin göstərilməsi üçün rəsmi və ictimai qurumlarla koordinasiya mexanizmi müəyyən edilib.”
Əl-İsaviy vurğulayıb:
“Bu təşəbbüs zərər görmüş ev sahiblərinə yardımların təqdim olunmasını, şəhid ailələrinə xüsusi təbərrüklərin paylanmasını, həmçinin dini və mədəni proqramların keçirilməsini əhatə edir. Bu proqramlara İranın bir neçə vilayətində mübarək Qədir Xum bayrağının qaldırılması mərasiminin hazırlanması da daxildir.”
O izah edib:
“Bu yardım proqramı sosial və mənəvi istiqamətlərlə yanaşı, zərərçəkmiş ailələrə baş çəkməyi və evləri dağıldığı üçün hotellərdə yaşayan şəxslərə yemək verilməsini də əhatə edir. Kampaniya həmçinin zədələnmiş məkanların bərpası və yenidən qurulmasında iştirak etməyi, eləcə də şəhid ailələrinin, xüsusilə də “Şəcərəyi-Təyyibə” məktəbinin şəhidlərinin İmam Əli (ə) hərəmində qəbulunu və onlara dəstək göstərilməsini nəzərdə tutur.”
Qeyd edək ki, bu fəaliyyətlər İmam Əli (ə) hərəminin davamlı humanitar təşəbbüslərinin davamıdır. Bu təşəbbüslər mənəvi və dini məsuliyyətə əsaslanır və ali dini mərcəiyyətin tövsiyələri istiqamətində, ictimai həmrəyliyin gücləndirilməsi və böhranlı şəraitdə xalqlara yardım göstərilməsi məqsədi daşıyır.



