İmam Rza (ələyhis-səlam) imaməti dövründə Qurana və sünnəyə söykənərək Əhli-beytin, xüsusilə də Əmirəlmömininin (ələyhis-səlam) uca məqamını açıqlamışdır. Bu çərçivədə, onun möminlərin ağasının Qurandakı fəzilətləri və vilayətinin qəbul edilməməsinin tarixi səbəbləri barədə söylədikləri dinləyicilərə dərin bir bəsirət bəxş edir. Bu bəyanatlar imamətin həqiqətini və ilahi vilayətə tabe olmağın zəruriliyini anlamaqda mühüm addımdır.
İmam Rzanın (ələyhis-səlam) doğumu
Əli ibn Musa ibn Cəfər (ələyhis-səlam), imam Rza kimi tanınır (148–203 h.q.). O, on iki imam şiə məzhəbinin səkkizinci imamıdır. Məşhur rəvayətə görə, hicri-qəməri 148-ci ilin zilqədə ayının 11-də Mədinədə dünyaya gəlmişdir. Atası imam Musa ibn Cəfər (ələyhis-səlam), anası isə Nəcmə Xatundur.
Nəcmə Xatun o Həzrətin doğumu haqqında belə buyurmuşdur: “Mən oğlum Rzanı dünyaya gətirdiyim zaman, atası imam Musa Kazım (ələyhis-səlam) mənə buyurdu: onu götür və yaxşı qoruyub saxla, çünki o, yer üzündə Allahın hüccətidir.” [1]
Əli mənim canımdır
İmam Rza, Məmun və alimlərlə söhbətində Peyğəmbərin (sallallahu ələyhi və alih) Əhli-beytinin seçilmiş olması barədə buyurdu: “Allahın «və ənfusəna və ənfusəkum» (özümüz və sizin özünüz) kəlamının mənasını bilirsinizmi?” (Ali-İmran surəsi ayə 61).
Alimlər dedilər: “Bundan məqsəd Peyğəmbərin özüdür.”
İmam Rza (ələyhis-səlam) buyurdu: “Səhv etdiniz. Bundan məqsəd Əli ibn Əbu Talib (ələyhis-səlam)-dır.”
Sonra Peyğəmbərin (sallallahu ələyhi və alih) bu sözünə istinad etdilər:
“Bəni-Vəliə əl çəkməlidirlər, yoxsa öz canım kimi olan bir şəxsi onların üzərinə göndərəcəyəm.”
Burada məqsəd Əli ibn Əbu Talib (ələyhis-səlam)-dır.
“Oğullar” dedikdə, Həsən ibn Əli və Hüseyn ibn Əli (ələyhimus-salam), “qadınlar” dedikdə isə Fatimə Zəhra (salamullahi ələyha) nəzərdə tutulur.
Bu, elə bir fəzilətdir ki, heç kim bu sahədə onlardan irəli keçə bilməz və heç bir məxluq ona çata bilməz. Çünki Allah-taala Əmirəlmömininin (ələyhis-səlam) canını Peyğəmbərin (sallallahu ələyhi və alih) canı kimi qərar vermişdir. [2]
Əmirəlmömininin (ələyhis-səlam) vilayətinin qəbul edilməməsinin səbəbi
İmam Rza (ələyhis-səlam) , bəzi insanların Əmirəlmömininin (ələyhis-səlam) vilayətindən üz döndərməsinin səbəbini onun Allah yolunda apardığı cihadlar nəticəsində yaranmış köhnə kinlərlə izah etmişdir.
Həsən ibn Fəzzal İmam Rzadan (ələyhis-səlam) soruşdu:
“İnsanlar, Əmirəlmömininin (ələyhis-səlam) Peyğəmbər (sallallahu əleyhi və alih) yanında olan yüksək məqamını bildikləri halda, niyə onu tərk edib başqalarına üz tutdular?”
İmam Rza (ələyhis-səlam) buyurdu:“İnsanlar, onun fəzilətlərini bildikləri halda, o Həzrətin Allah və Peyğəmbərin düşmənlərindən – onların ataları, babaları, qardaşları, əmiləri, dayıları və yaxınlarından bir çoxunu öldürdüyünə görə ürəklərində kin saxlayırdılar və onun üzərlərində hakim olmasını istəmirdilər. Digərləri isə belə cihad etməmişdilər. Buna görə də insanlar Əmirəlmöminindən üz döndərib onlara meyl etdilər.” [3]
Yəhudilərin möminlərin ağasına düşmənçiliyi
İmam Rza (ələyhis-səlam), Əmirəlmömininin (ələyhis-səlam) məqamını və ona qarşı olan müxalifətin səbəblərini izah etmək üçün Peyğəmbərdən (sallallahu ələyhi və alih) və o Həzrətin özündən nəql olunan rəvayətlərə istinad edir. Bu rəvayətlər, düşmənçiliyin tarixi və etiqadi köklərini açıqlayır.
İmam Rza (ələyhis-səlam) Peyğəmbərdən (sallallahu ələyhi və alih) nəql edir:
“Ənsardan heç kim sənə düşmən olmaz, yalnız o kəs ki, onun kökü və nəsli yəhudi olsun.” [4]
Həmçinin İmam Rza (ələyhis-səlam), Əmirəlmöminindən (ələyhis-səlam) nəql edir ki, buyurmuşdur:
“Mən nakisinlər, qasitinlər və mariqinlərlə döyüşməyə məmur edilmişəm.” [5]
Əmirəlmömininin (ələyhis-səlam) öz şəhadət zamanını bilməsi
İmam Rzadan (ələyhis-səlam) nəql olunan bir hədisdə Əmirəlmömininin (ələyhis-səlam) öz şəhadətini və qatili tanıması qeyd olunur. Bu hədis, ilahi iradə və onun bu taleyi qəbul etməsini vurğulayır.
Həsən ibn Cəhm İmam Rzadan (ələyhis-səlam) soruşdu:
“Əmirəlmöminin (ələyhis-səlam) öz qatili tanıyırdı, hansı gecə və harada şəhid olacağını bilirdi. Evdə qazların səsini eşidəndə buyurdu: Bunlar fəryad edənlərdir, onların ardınca ağı deyənlər gələcək.
Ümmü Gülsüm dedi: Kaş bu gecə evdə namaz qılaydınız və camaat namazı üçün başqasını göndərəydiniz. Amma o Həzrət qəbul etmədi və həmin gecə silahsız şəkildə hərəkət edirdi; halbuki bilirdi ki, İbn Mülcəm onu qılıncla öldürəcək.”
İmam Rza (ələyhis-səlam) cavabında buyurdu:
“Dediklərin doğrudur, lakin o Həzrət özü istədi ki, həmin gecə Allahın təqdiri həyata keçsin.” [6]
Mənbə:
[1] Uyun Əxbar əl-Rza, müəllif: Şeyx Səduq, cild 1, səh. 20, bab 3, hədis 2;
həmçinin Süleyman ibn İbrahim Qunduzi, Yanabi əl-Məvəddət, cild 3, səh. 166, bab 65.
[2] Uyun Əxbar əl-Rza, cild 1, səh. 228.
[3] Bihar al-Anwar, cild 29, səh. 480.
[4] Uyun Əxbar əl-Rza, cild 2, səh. 92.
[5] Uyun Əxbar əl-Rza, cild 2, səh. 93.
[6] İləluş-Şəraye, cild 1, səh. 155.